“Ən böyük həqiqət əməkdir, həyatın bütün nəşəsi yaradıcılıqdır. Yaratmaq ölümü öldürmək deməkdir”. Keçən əsrin 30-40-cı illərində Azərbaycan kinosunun ən populyar aktyorlarından biri olan Xeyri Əmirzadəni xatırlayarkən məşhur fransız yazıçısı Emil Zolyanın bu sözləri yada düşür.
Bu bir həqiqətdir ki, əsil sənətkarı onun sənəti yaşadır. Bu gün biz X.Əmirzadənin adına “26 komissar”, “İsmət”, “Almaz”, “Kəndlilər” və digər filmlərin titrlərində rast gəlirik, onun yaratdığı obrazlarla bu kinolentlərdən tanış oluruq. Bəs aktyorun həyatı barədə nə bilirik? Bu gün nəinki kino tamaşaçıları, hətta kino mütəxəssislərinin əksəriyyəti Xeyri Əmirzadəni tanımır.
Vaxtilə bu aktyor barədə rejissorlardan M.Mikayılov, M.Dadaşov, M.Əlili və başqa kino işçilərindən aldığım məlumatlar, arxivlərdə apardığım axtarışlar və Krım televiziyası müxbirinin köməkliyi ilə əldə etdiyim sənədlər əsasında öyrənə bildim ki, Xeyri Əmirzadə keşməkeşli həyat sürmüş, istedadı, zəhməti sayəsində Krım vilayətində, Azərbaycanda və Ukraynada bir sıra filmlərə çəkilərək dövrünün kino ulduzu kimi populyar olmuşdur.
Həyatın çətin sınaqları qarşısında
1893-cü il oktyabrın 5-də Yalta yaxınlığındakı Dərəgöy baqqal Qara Osmanın ailəsində oğlan uşağı doğulanda heç kəs bilmirdi ki, vaxt gələcək, bu uşaq böyüyəcək, nəinki Krım tatarları arasında, hətta Sovet İttifaqının bir çox respublikalarında, o cümlədən Azərbaycanda məşhur teatr və kino aktyoru kimi tanınacaq. Körpə də gələcəkdə başına nələr gələcəyindən, nə kimi əzab-əziyyətlərə dözməli olacağından bixəbər idi. Xeyri böyüdükcə onun rəssamlığa meyli görsənirdi. Atasının kənddə kiçik bir dükanı vardı. Ailəsini bu dükandan götürdüyü gəlirlə dolandırırdı. Həm də o, dindar idi. Oğlunun şəkil çəkdiyini görəndə hər dəfə aləmi bir-birinə qatır, əlindəkiləri alıb cırır, “kafir oğlu, kafir” deyib onu döyürdü.
Günlərin birində Xeyri yenə də bir tərəfə çəkilib rəsm çəkərkən tanımadığı şəxs ona yaxınlaşaraq əl işlərini nəzərdən keçirir və deyir: “Mən rəssam Mirsayadovam. Bu yerlərə istirahətə gəlmişəm. Səni tez-tez şəkil çəkən görürəm. Çəkdiyin şəkillər xoşuma gəlir. Sən oxumalısan. Yaxşı oxusan, səndən yaxşı rəssam çıxar”. Xeyri rəssamın məsləhəti ilə Peterburqa gedir, orada rəssamlıq məktəbinə daxil olur. Rəssamlıq sənəti gəncin qarşısında yeni bir aləm açır. Təhsil aldığı birinci il anası Zəhra xanım vəfat edir. Bu acı xəbərdən sarsılan Xeyri evlərinə yola düşür və ağır həyat şəraiti üzündən Peterburqa qayıda bilmir. Təhsili yarımçıq qalır.
Az keçməmiş Xeyri həyatın daha bir ağır zərbəsini qəbul etməli olur, bu dəfə atası vəfat edir. Onsuz da çətin şəraitdə yaşayan ailənin ağırlığı Xeyrinin üzərinə düşür. Vəziyyət bir qədər də ağırlaşır. Doğru deyiblər ki, xoşbəxtliklə keçən illərdə günlər gün kimi, bədbəxtliklə keçən illərdə isə günlər il kimi keçir. Xeyri bacı və qardaşını dolandırmaq üçün dükanı satır. Bu da yaraya məlhəm olmur.
Peşəkar sürücü və Krım tatar teatrının yaradıcılarından biri
Vəziyyətin düzəlməyəcəyini görüb Xarkov şəhərinə getməyi qərarlaşdırır. Orada avtomobil sürücülüyü məktəbində oxuyur. Bir ildən sonra əlində avtomobil sürücüsü vəsiqəsi ilə doğma Krıma qayıdır. Tanışları gənci Buxara əmirinin yanında işə düzəldirlər. Xeyri Əmirin şəxsi sürücüsü olur. Əmir bu gəncə diribaş, zirək olduğu üçün xoş münasibət bəsləyir. Bunun müqabilində, daha doğrusu, əmirin şərəfinə Xeyri özünə Əmirzadə soyadını götürür.
1917-ci ildə Rusiyada Oktyabr inqilabı qələbə çalandan sonra Xeyri Yaltada ilk avtomobil məktəbini təşkil edir. O, burada təkcə Krım tatarlarına deyil, ruslara, ukraynalılara, yunanlara maşın sürməyi öyrədir.
Tanrı Xeyri Əmirzadədən heç nəyi əsirgəməmişdi. Ona hərtərəfli istedad, qabiliyyət vermişdi. O, gözəl şəkillər çəkirdi. Moskvadan, Peterburqdan Yaltaya qastrol səfərinə gələn balet truppaları onun ifa etdiyi milli rəqslərə heyranlıqla baxırdılar. Hətta bir dəfə Xeyrini çoban rəqsi ilə Moskvada Böyük Teatrın səhnəsinə də çıxarmışdılar.
Teatr, səhnə onu daha çox özünə cəlb edirdi. Elə buna görə də X.Əmirzadə qollarını çırmalayıb işə girişir. Bu sahədə müəyyən işlər görür, ilk Krım tatar teatrının yaradıcılarından biri olur. Teatrda “Arşın mal alan”da Soltan bəy, “Tahir və Zöhrə”də Tahir, “Evlənmə”də Podkolyozin və s. rolları ifa edir, Krım tatarlarına həsr olunmuş ilk filmlərdə - “Daş üzərində mahnı” (1924, Xəlil), “Alim” (1925, Alim),“Möhtəşəm günəş” (1928, Əli) və digər kinolentlərdə çəkilir.
Moskva ona Xalq artisti adını vermək istəmirdi
Xeyri Əmirzadəyə “Xalq artisti” fəxri adı verilməsi ilə bağlı Krımda rəhbər orqanlar tərəfindən məsələ qaldırılır, bu məqsədlə Moskvaya müraciət olunur. O vaxtlar muxtar respublikada “Xalq artisti” adı hələ heç kəsə verilməmişdi. Lakin ...müraciət cavabsız qalır. Camaat arasında belə şayiə gəzirdi ki, Moskva Krımın ilk xalq artistinin tatar yox, rus olmasını istəyir. Xeyri bundan nə inciyir, nə də ruhdan düşür. Məsələdən hali olandan sonra belə söz işlədir: “Çörək və su ilə adsız da yaşayaram. Həyat özü-özlüyündə gözəldir. Bircə qüvvəmi itirməyim”. Lakin həmyerliləri onunla razılaşmırlar. Sevimli sənətkar X.Əmirzadədən ötrü nəinki adi adamlar, hətta rəhbər işçilər belə yuxarı orqanlara xahiş məktublarını göndərirlər. Nəhayət, 1923-cü ildə X.Əmirzadə Krım-Tatar Muxtar Respublikasının ilk “Xalq artisti” fəxri adına layiq görülür. Şahidlərin dediyinə görə həmin günlər Krım tatarlarının sevinci yerə-göyə sığmırdı. Həmyerliləri onun haqqında mahnılar qoşur, barəsində fəxrlə danışırdılar.
Bir neçə ildən sonra o, Moskvaya gəlir. Bundan sonra onun həyatında böyük bir dönüş yaranır. X.Əmirzadə Moskva, Odessa kinostudiyalarında işləyir, bir sıra filmlərə çəkilir. “Həbs üçün order” (1926, Sergey), “Sement” (1927. Qleb Çumalov), “Məkkədən gəlmiş qonaq” (1928, Faiz Məmməd), “Qaçağanlar” (1930, fəhlə) və digər filmlərdə müxtəlif xarakterli rollar ifa edir.
Bakı Xeyri Əmirzadənin ikinci vətəni olur
20-30-cu illərdə “Azərfilm” kinostudiyasında rejissor, operator, ümumiyyətlə kino kadrlarına böyük ehtiyac vardı. Bu boşluğu aradan qaldırmaq üçün kinostudiyanın rəhbərliyi Moskvadan, Leninqraddan, Ukraynadan Bakıya kino mütəxəssislərini dəvət edirdi. Belə bir vaxtda kino və teatr aktyoru kimi tanınan Xeyri Əmirzadənin sorağını alan “Azərfilm”in rəhbərliyi onu Bakıya dəvət edir. X.Əmirzadə bu dəvəti məmnuniyyətlə qəbul edir. Sonralar Xeyri rejissor M.Mikayılovla söhbətlərinin birində demişdi ki, “Azərfilm” kinostudiyasında işləmək mənim çoxdankı arzum idi. Çünki Bakı beynəlmiləl şəhər kimi bütün Sovetlər İttifaqında məşhur idi. Bakıya gələndən sonra azərbaycanlılardan yalnız xoş rəftar, yaxşı münasibət görmüşəm. Bakı mənim ikinci doğma vətənimdir...
X.Əmirzadə 1931-ci ildə Bakıya gələndə kinostudiyanın kollektivi onu köhnə dost kimi qəbul edir, o, qısa bir zamanda iş yoldaşları ilə qaynayıb qarışır. Bu vaxt kinostudiyada “26 komissar” tarixi-inqilabi filminin çəkilişlərinə hazırlıq işləri aparılırdı. Xeyrini filmin quruluşçu rejissoru N.Şengelayaya təqdim edəndə o, tərəddüd etmədən həmin aktyoru komissar roluna götürdüyünü bildirir. Hündürboy, enlikürək, iri cüssəli, iti baxışlı aktyor ilk baxışdan rejissorun xoşuna gəlmişdi. Beləliklə, X.Əmirzadənin Bakıda kino fəaliyyəti 1932-ci ildə lentə alınan “26 komissar” bədii filmi ilə başlayır. Aktyor komissarlardan kiminsə yox, ümumiləşdirilmiş obraz yaradır. Bundan sonra A.Quliyev “Dostlar” adlı qısametrajlı bədii filmində rejissor kimi ilk dəfə öz qüvvəsini sınayarkən baş rola (traktorçu) X.Əmirzadəni dəvət edir.
1934-cü ildə X.Əmirzadə “Dostlar” filmi ilə paralel olaraq daha bir kinolentdə - “İsmət” kinopovestində baş rolda çəkilir. X.Əmirzadənin qəhrəmanı Səməd ticarətlə məşğuldur. Onun üçün həyat, güzəran, yaşayış pulla ölçülür. Ona görə də o, həyatın mənasını var-dövlətdə görür. Ailə, arvad, məişət qayğıları onu o qədər də maraqlandırmır. Səssiz filmdə belə bir simasız, mənəviyyatsız adamın obrazını yaratmaq, xarakterindəki iyrənc cizgiləri açıb göstərmək o qədər də asan məsələ deyildi. Aktyor X.Əmirzadə və rejissor M.Mikayılovun birgə səyi nəticəsində köhnə adət-ənənələrin kor-koranə quluna çevrilmiş bir insanın daxili aləminin puçluğu inandırıcı şəkildə ekranda canlandırılmışdır.
Rejissor A.Quliyev istər “Dostlar”da, istərsə də “İsmət”də aktyorun özünəməxsus oyun tərzindən razı qaldığı üçün onu yeni çəkdiyi “Almaz” filmində rollardan birinə dəvət edir. X.Əmirzadə burada psixoloji bir obraz - Almazın kəndə gətirdiyi yeniliklərlə heç cürə barışa bilməyən, hər dəfə bu gənc qızı görəndə ona öz nifrətini büruzə verən kənd sakini Kərimin surətini yaradır. Bacısı Yaxşının Almazla yaxınlıq etdiyini biləndə qəzəbindən coşub daşır, bir söz belə demədən sifətindəki jestlərdən aydın görünür ki, o gənc müəlliməni böyük məmnuniyyətlə aradan götürmək istərdi. Lakin ədalət məhkəməsindən qorxub hər dəfə geri çəkilir. Eşidəndə ki, bacısı Yaxşını Şərif zorlayıb, Almazın qucağındakı körpə heç də müəllimənin yox, məhz onun bacısınındır, Kərimin gözlərini qan tutur, artıq o özünü idarə edə bilmir və Şərifi bıçaqla vurub öldürür. Bacısı ilə bağlı bu acı xəbəri eşidərkən qəhrəmanın keçirdiyi sarsıntıları, onun psixoloji vəziyyətini X.Əmirzadə çox ustalıqla, təbii şəkildə tamaşaçıya çatdıra bilir.
“Almaz” film ekranlarda nümayiş etdiriləndən sonra X.Əmirzadə Bakı kinostudiyasının bədii şurasının üzvü seçilir. O, kinostudiyanın aparıcı aktyorlarından biri olur. O, S.Mərdanovun “Kəndlilər” tarixi-inqilabi filmində (1939) Mehmandar bəy, A.Beknazarov və R.Təhmasibin “Səbuhi” tarixi-bioqrafik filmində (1941) Rəcəb rollarında çəkilir.
Krım tatarı olduğu üçün işdən azad edilir
Böyük Vətən Müharibəsinin ağır illərində Krım tatarları doğma yurdlarından çıxarılıb Orta Asiyaya sürgün edilirlər. Belə bir vaxtda Krım tatarı olduğu üçün X.Əmirzadəni də kinostudiyadan çıxarırlar. İşsiz qalan aktyor nə edəcəyini, hara gedəcəyini bilmir, heç kəsin qapısını döyüb kömək istəmir. Heç bədbinliyə də qapılmır. Çünki o, uşaqlıqdan hər cür çətinliyə alışmışdı.
Günlərin birində Xeyri Bakıda bir çəkmə ustası ilə tanış olur. Bu tanışlıq sanki onun ailə həyatına bir işıq salır. Çox qısa müddətdə ustadan bu sənətin sirlərini öyrənən Xeyri çəkmə tikməyə başlayır. Xeyri Bakıda Mirzə Fətəli küçəsindəki 7 nömrəli evdə, 10 kvadrat metr sahəsi olan köhnə bir daxmada yaşayırdı. Onun tikdiyi ayaqqabılar əsasən qadın tufliləri olurdu. O, ayaqqabı üzlərini özü biçir, ayaqqabı dabanlarını kəsib düzəldirdi. Lakin sovet dövründə fərdi qaydada çəkməçilik də özəl biznes sayılırdı və dövlət tərəfindən qadağan olunmuşdu. Odur ki, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Gec-tez məsələnin üstü açıla bilərdi. Buna görə də o, Yaltaya qayıtmağı qərara alır...
Beləcə illər gəlib gedir, “millətlər atası” Stalin vəfat edəndən sonra ölkədə bir qədər “mülayimləşmə” dövrü başlanır. İnsanlar bir qədər asudə nəfəs almağa başlayırlar. Belə bir vaxtda 1957-ci ildə vaxtilə verilmiş qadağalar ləğv olunduğu üçün X.Əmirzadə yenidən Bakı kinostudiyasına çağırılır və o, ikinci dəfə bədii şuranın üzvü olur.
İllərin ağrı-acıları tədricən öz işini görməkdə idi
Bakı kinostudiyasının köhnə binası onun üçün nə qədər doğma olsa da o, burada əvvəlki kimi özünü sərbəst, qayğısız, xoşbəxt hesab edə bilmirdi. Çünki ötən illərin vurduğu ağır zərbələr tədricən öz işini görməkdə idi. Bu pəhləvan cüssəli aktyorun sağlamlığını əlindən almışdı. Artıq işləmək üçün onda nə taqət qalmışdı, nə də həvəs. Az bir vaxt ərzində Xeyri yatağa düşür, 1958-ci il fevralın 17-də 65 yaşında vəfat edir. Həmin gün Bakıya həddindən çox qar yağmışdı, şaxta adamların iliyinə işləyirdi. Buna baxmayaraq, onu son mənzilə yola salmaq üçün çoxlu adam gəlmişdi...
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi