Dövrünün uzun-uzun dərd-sər “nağıllar”ını üzün-üzün cəmləyib, müxtəsər nəzmlərə çəkmiş Əli Nəzmi 
   
   Elə bəri başdan vurğulayaq (və ya o şərəşur dövrün “nəf”inə muştuluqlayaq) ki, bu görkəmli şair (ədəbiyyatşünas, jurnalist, tərcüməçi), hərəsi bir cür bəxt-təxtsizlik yaşamış “mollanəsrəddinçilər”in ən “bəxtəvər”i olub; heç olmasa, sağlığında əsərlərini nəşr etdirə bilib, bəzi həmkarları (Nemanzadə, Qəmküsar və b.) kimi zamanın sürgün, həbs, qəfil güllə reallıqlarına düçar olmayıb. Maddi sıxıntılar sarıdan isə, həmin o əxlaq-əqidə yoldaşlarının heç birindən “geri” qalmayıb... 
   
   140 il əvvəl Yelizavetpol (Gəncə) yaxınlığındakı Sarov kəndində doğulmuş Əli Məmmədzadə - Əli Nəzmi ibtidai təhsilini mollaxanada alıb, rus-tatar məktəbində oxuyub, atasının vəfatından sonrakı güzəran çətinliyindən yurd-yuvasını tərk edərək Orta Asiyaya üz tutub, Buxara və Səmərqənddə tacir-dükandar qohumunun yanında şəyirdlik edib, bir yəhudinin vaxtaşırı tapıb gətirdiyi kitabları mütaliə yolu ilə dünyaya bəsirət gözü açıb və elə orada ikən “Bikəs” imzası ilə yazmağa, 1904-cü ildə “Şərqi-Rus”da dərc etdirdiyi “Kənddə ibtida” adlı şeirilə ciddi ədəbi fəaliyyətə başlayıb.
   Bu xalqın anlam-ayılışında müstəsna rol oynamış “Molla Nəsrəddin” jurnalının meydana gəlməsi səbəbkarlarından biri olan 1905-1907 inqilabı bu şairin də yaradıcılığında dönüş yaradır və o, həmin məcmuədə “Məşədi Sijimqulu”, “Kefsiz” və s. imzalarla çap etdirdiyi bənzərsiz satirik (“İstibdad”, “Ey füqəra!”, “Od tutub odlandı Vətən!”, “Olacaqmı”) və azadlıq ideyalı şeirlərilə həmin ədəbi-əbədi aydınlar məktəbinin ən görkəmli, ən ön nümayəndələrindən biri kimi tanınmağa başlayır. 
   Sürətlə tanınıb-məşhurlaşmaqla yanaşı, doğma kəndində möhkəm təqib də olunan bu “ucqar şair” ailəliklə Gəncəyə köçür, xırda ticarətlə məşğul olur, lakin gözəl satirik şeirlər yazıb, gizli (“Əlidəyənəkli”, “Həcamətverdi”, “Peşiman qoca”, “Şallax”, “Papirosçəkən” və s.) imzalarla müxtəlif qəzet-jurnallarda çap etdirməyindən də qalmır. Özünü Sovet hakimiyyətinin tərəfdarı kimi göstərən Əli Gəncə məktəblərində müəllimlik edir, “Yeni Gəncə” qəzetində çalışır, istedad və kəsərli qələmi sayəsində Bakıya dəvət alıb, “Kəndli” qəzeti və ardınca “Molla Nəsrəddin” jurnalında məsul katib işləyir. Sonralar “Yeni yol”, “Kommunist” qəzetlərində müxtəlif vəzifələr, dünya ədəbiyyatından (Firdovsi, Krılov və b.) tərcümələr, qiymətli ədəbi-tənqidi məqalələr, II Dünya müharibəsi dövründə faşizmə qarşı kəskin satirik əsərlər, XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının mənzərəsini əks etdirən “Keçmiş günlər” (1944) adlı (mənzum) xatirələr kitabı və... düz 5 il hər şeyi urvatdan salmış müharibənin bitməsindən az keçmiş Bakıda keçirilən növbəti təntənəsiz dəfn mərasimi...
   Bəli, “Kommunist” qəzetinin 1946-cı ilin ilk sayında onun “Aradan çıxanların bazarı” adlı bir satirası çap olunur və səhərisi gün “qəflətən” vəfat edir. 
   Həmin mərasimdə ədəbi ictimaiyyət nümayəndələrindən bir-ikisinin bu məlum “Molla Nəsrəddin”çiyə dair çox yığcam “nəsri” çıxışlarıyla bahəm, Əli Nəzmi adlı bu mərhumun bir vaxt “qəflət yuxulular”a xitabən yazdığı nəzmi də səslənib:
   
   “Axşam namazını tələsik qıl, yubanma, yat!
   Sol böyrün üstünə uzanıb, qurdalanma, yat!
   İnan ki, çoxdur məşəqqəti gözaçıqlığın -
   Açsan gözünü, qəm görəcəksən, oyanma, yat!”
   
   Bu böyük Oyadıcı...
   
   “Zakavkazye” qəzeti 30 yanvar 1907-ci il sayında tezliklə bu şairi də məşhurlaşdırası mətbu-aynamız haqda yazırdı: “Keçən ildən bəri Tiflisdə nəşr olunan, öz oxucuları arasında getdikcə daha artıq maraq cəlb edən “Molla Nəsrəddin” adlı müsəlman yumorist jurnalı yalnız Rusiyada deyil, hətta İranda və digər müsəlman ölkələrində də geniş oxucu kütləsi qazanmışdır”.
   Bir xeyli sonra dahi Cəlil Məmmədquluzadə yazacaqdı: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində “Quli-biyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabir öz “Tömeyi-nahar”ı ilə səsimizə səs verdi. Sonra “Məşədi Sijimqulu”-“Əlidəyənəkli”-“Kefsiz” də meydana çıxdı və Sabirin “Tömeyi-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şeirini göndərdi. “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan - birinci Məşədi Sijimqulu Kefsiz olubdur. Haman Sijimqulu ki...”
   Həmin jurnalın “haman bu Sijimqulu”su ki, belə-belə yazılar yazırdı: 
   “Bu dünyada bizim çox yaxın “dost”larımız var ki, başımız dura-dura, ayağımıza daş dəyməsinə razı olmazlar. Bunlardan üçü Qroznı şəhrindədir. Biri cənab Axund Molla Əli Dərbəndidir ki, bu əfəndi hər an, hər saat “Molla Nəsrəddin”in rəvaci-intişarına çalışar, cəmaəti bu məcmuəyi oxumağa təşviq edər, oxumayanların abrını alıb bükər ətəklərinə. Hələ bu yaxınlarda damağı bir az da kökəldiyinə (ömrünü tazələməkçün 17 yaşlı bir qız aldığına) görə, bizim jurnalın təbliğ və təşviqatını daha da artırmaqdadır.
   Bu qəbil dostlarımızdan ikincisi məşhur Avara Fərəcdir ki, ömründə bir işlə məşğul olmasa da, həmişə fəal bir quyruq qismində axund kibi şəxslərin arxasında bitərək, əlində dəyənək gəzib xəlqi döyə-döyə “Molla Nəsrəddin” almağa vadar edər və məcmuə gətirdib satdırmayan olanda dəyənəyinə bir az da əziyyət verərək buyurar ki, gərək “Molla”nın rəvacı üçün çox çalışasan.
   Üçüncü dostumuz - dükanına Allahın mömin bəndələrinin çox gəldiyi çayçı Məşədi Novruzdur ki, bu kişi də həqqimizdə əlindən gələni əsirgəməz. Onun bərəkətindən Qroznıya göndərdiyimiz məcmuələrimizin hamısı alış-qapış olub satılır, aylarla yığılıb qalıb üstümüzə qayıtmır”. 
   Haman “Əlidəyənəkli” ki, gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edən yazısındakı ikicə cümlə ilə dahiyanə bir mental portret yaradıb: “Hacının oğlu ağacdan dolaşa tutmaq istərkən yıxılır, qıçı sınır. Əhvalatdan xəbər tutub gələn atanın ilk sorğusu bu olur: “Oğul, quş cibində ölməyib ki? Sağdırmı?..” 
   Haman “Kefsiz” ki (özünün də çalışdığı “Molla Nəsrəddin”in satış rekorduna rəğmən), o dövr “maarifpərvər”lərindən hesab edilən bir kitabfiruşun “zəmaneyi-şikayət”ini belə qələmə alırdı: “Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdiməzarlıq?! Üç ildir piştaxtam üstündə olan 50 cildlik “Cameüd-dəvat” və 30 cildlik “Təbiri-xab” kitabları satılmır!..”
   Və nəhayət, -
   
   Həmin Əli Nəzmi ki;
   
açıq-aydın imzası ilə o dövrün (indiki dövrdəkilərin qulaqlarından iraq!) ərəb-fars-rus “obrazavoyski”lərinə üz tutuban yazırdı:
   
   Dil var ikən, gəlin “lisan” deməyək,
   Döndərib farscaya “zəban” deməyək,
   Ərəbi göndərək öz evlərinə,
   Farsa da qal bizdə “mehman” deməyək...
   
   Çağdaşlarının “İmza atılmasa, Sabir ilə Əli Nəzminin şeirlərini biri-birindən ayırmaq çətin idi” (C.Məmmədquluzadə), “Sabir ədəbi məktəbi o dövr ədiblərinin işini xeyli asanlaşdırmışdı; mövzu, hədəf aydın, üslub bəlli” kimi fikirlərinə binaən deyək ki, axı, eyni mövzunun bir neçə müəllif tərəfindən və... dəfələrlə işlənməsi məsələsi də vardı! Təkrarsız Sabirlə məslək və təb birliyində olan bu bənzərsiz şair gözəl satirik-gülgu yazıları ilə “öz zirvə “Molla Nəsrəddin”in hər sayını sirab edə-edə, digər qəzet-jurnallarda da (“Məzəli”, “Zənbur”, “Tuti” və s.) kəskin çıxışlar edir, “Arpanı-buğdanı satırlar baha, Kasıb adamlara edirlər cəfa, Yox bu cəfakara deyən “mərhəba”, “Zənbur”a, bunları yazım-yazmayım?!” kimi maraqlı, oynaq, “istixarə”vi ədəbi fəndlərlə kəskin cəsarətlərdə bulunurdu.
   Bu məqamda hər dövrün insaflı oxucularının ürəyini sızlatdırası (və o dövrün üzünü “ağ”latdırası) bir fakt: 1914-cü ildə Əli Nəzmi “Məzəli” satirik jurnalının redaktoru Haşım bəy Vəzirovdan onu “jurnalla əməkdaşlığa dəvət” məktubu alır. Dəvəti məmnuniyyətlə qəbul edən şairin “Məzəli”də çap olunan “Pul” adlı ilk satirası ədəbi ictimaiyyətin böyük rəğbətilə qarşılanır və Haşım bəy onu 20 manat pulla mükafatlandırır. Bu, tədqiqatçı-alim F.Hüseynovun yazdığı kimi, “on ildən bəri qəzet və jurnallarda yüzlərlə əsəri çap olunan şairin aldığı ilk zəhməthaqqı” imiş... 
   Bu bədii və əsginasi pullar “hekayət”inin əhvalımıza vurduğu mütəəssirlik zərbəsini, sonda, elə bu qeyri-adi istedad və üslub sahibinin öz nəzmilə yumşaldaq:
    
   Biz almışıq arvad, alaq çəkməyə, 
   Almamışıq zülfə daraq çəkməyə. 
   Biz almışıq övrəti əppək yapa, 
   Almamışıq, düzməyə mıncıq sapa. 
   Biz almışıq arvadı duz əzməyə, 
   Almamışıq, gündə gedə gəzməyə. 
   Biz almışıq qulluq edə quş kimi, 
   Almamışıq, bannıya bayquş kimi. 
   Biz almışıq övrəti oğlan doğa, 
   Almamışıq, qız doğa bərbadlığa...
   
   Tahir Abbaslı