2018-ci ildə Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı “Azərmarka” MMC tərəfindən hazırlanmış 100 min marka və 100 min zərf yanvarın 8-dən tədavülə buraxılıb. Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd zərfi olan və üzərində Haçadağın “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” loqotipinin və “Gülüstan” türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.
   Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilən VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Prezident İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.