Dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur. Bu növlərdən biri də bədii tikmə sənətidir. Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışmışdır. Geyim üzərində, habelə məişət əşyalarından - pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunmuşdur.
   Parça və zərif meşindən hazırlanmış müxtəlif əşyalar üzərinə salınan tikmələr o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməmişdir. Müxtəlif dövrlərdə Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Şuşa və Quba şəhərlərində olmuş əcnəbi səyyahlar Azərbaycan tikmələrinin yüksək texniki və bədii xüsusiyyətlərinə valeh olduqlarını öz gündəliklərində qeyd etmişlər.
   Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur, həmçinin bədii tikmələrdə əsasən qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin və digər motivlərə yer verilirdi. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahları A.Cenginson, T.Olkok, C.Ren, R.Çini ipək, qızıl-gümüş saplarla bəzədilmiş nəhəng çadırlar haqqında, XVII əsrin fransız səyyahı Ş.Şarden Səfəvi hökmdarlarının Parisin Luvr qalereyasını xatırladan tikmə karxanalarının olduğu barədə məlumat verirlər. Mənbələr göstərir ki, tikmələrimiz erkən Orta əsrlərdən XIX əsrin əvvəlinədək öz yüksək texniki və bədii xüsusiyyətlərini itirməyib, əhali arasında ən çox yayılmış xalq sənəti növlərindən olmuşdur.
   XIX əsrin 50-ci illərində Qafqaza səfər etmiş fransız yazıçısı A.Düma Azərbaycan tikmələrinə valeh olduğunu qeyd edir: “Şəkidə mən iyirmi dörd manata bədii tikməli iki yəhər aldım. Belə yəhəri Fransada iki yüz franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq da olmaz...”
   Azərbaycan tikmələrinin belə geniş şöhrət qazanması, hər şeydən əvvəl, onların orijinal texniki icrası və bədii xüsusiyyətləri ilə əlaqədar idi. Milli tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunmaqla yanaşı, qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşlardan da geniş istifadə edilirdi.
   Azərbaycan tikmələri icra üsuluna görə bir çox növə bölünür: təkəlduz, güləbətin, saya, piləkli, cülmə, muncuqlu, qurama, oturtma.
   XVI-XVII əsrlərdə Azərbaycanda əhali arasında ən çox inkişaf etmiş tikmə üsulları təkəlduz, güləbətin, muncuqlu və qurama olmuşdur. Lakin XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini yavaş-yavaş itirir və güləbətin, pilək və digər növlər tədricən aradan çıxmağa başlayır. Buna baxmayaraq təkəlduz tikmə ənənələri hələ davam edirdi.
   
   Təkəlduz sənətinin ilk nümunələrinə hələ Sasanilər dövründən rast gəlirik. Get-gedə o təkmilləşərək bir xalq sənəti kimi özünə yer tutur və məişətdə ən çox işlənən tikmə sənətinə çevrilir. Bu sənətin inkişafı yun, ipək kimi xammalın, həmçinin təbii rənglərin Azərbaycanda istehsal olunması ilə sıx bağlıdır. “Təkəlduz” hərfi mənada “təkəllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə “zəncirli naxış” deyilir. Çünki bu tikmə növünün əsasını qədim dövrlərdən gələn zəncirli tikiş təşkil edir. Ümumiyyətlə, rəngli sapların əl ilə parça üzərinə tikilməsinə istər Qərbdə, istərsə də Şərqdə rast gəlinir. Lakin Qərbə nisbətən Şərqdə təkəlduz sənəti bir qədər fərqli olmuşdur. Azərbaycanda təkəlduz sənəti ilə qadınlarla yanaşı kişilər də məşğul olurlar. XIX əsrdə əsasən Şəki təkəlduz sənətinin vətəni sayılırdı. Bu tikmə növü Orta Asiya ölkələrindən Özbəkistanda daha çox inkişaf etmişdir. Özbəkistanda bu naxış növünə “yurma” və “darafş” deyilir.
   Təkəlduz tikmənin yerliyi əsasən qara və qırmızı mahuddan, yaxud müxtəlif rəngli məxmərdən ibarət olur. Yerlik üzərində al-əlvan saplarla nəbatat və heyvanat aləmindən alınmış və stilizə edilmiş rəsmlər çəkilir. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə “qarmac” adlanır. Təkəlduz işləri geyim və müxtəlif məişət əşyaları - örtüklərə, pərdələrə, balış üzlərinə vurulur. Bu, məişətdə istifadə edilən əşyalardan zövq almaq, eyni zamanda bu sənəti inkişaf etdirərək gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
   Milli İncəsənət Muzeyinin kolleksiyasındakı təkəlduz nümunələri kompozisiya və ornamentlərinə görə müxtəlifdir. Muzeyin ekspozisiyasında nümayiş olunan təkəlduz ustası Rza Tağızadə tərəfindən hazırlanmış nümunələrdən birini misal göstərmək olar. Sözügedən təkəlduz “gəzməli”, “gəzməsiz”, “şaxəli”, “şaxəsiz” naxışlarla işlənmişdir. Təkəlduzda “gəzmə” hər hansı bir təsvirin ətrafına tikilib dolandırılan başqa rəngli sap xəttinə deyilir. “Şaxə” isə müəyyən kompozisiyalarda verilən nəbati motivləri, xüsusilə də gülləri birləşdirən budaqları ifadə edir. Təkəlduzda sap xətləri həm tək, həm də cüt verilə bilər.
   
   Tikmə sənətinin geniş yayılmış növlərindən biri də güləbətin sayılır. Güləbətin əsasən qızılı və gümüşü saplardan istifadə edilməklə işlənilir. Güləbətin tikmə üçün yerlik adətən tirmə parçalardır. Azərbaycanın bir çox şəhərlərində, xüsusilə də Təbriz, Bakı, Şamaxı və Naxçıvanda bu sənət növü inkişaf etmişdir. Ən qiymətli güləbətin tikmələri Şamaxı sənətkarlarının tikmələri hesab edilir. Güləbətin adətən arxalıq, araqçın, çəpkən kimi bəzi geyimlərin, saatqabı, daraqqabı və başqa məişət əşyalarının üzərində işlənirdi. Güləbətin tikmələr işləmə üsuluna görə hamar (zəminduzi) və qabarıq (məlinəduz) olur. 
   Hamar işləmə texnikası ilə məmulatı bəzəmək üçün düzbucaqlı çərçivəyə bənzər taxta dəzgah və iynədən istifadə edirlər. Müvafiq parça dəzgaha tarım çəkildikdən sonra, onun üzərinə kağızdan kəsilmiş naxış motivləri (eskiz) qoyub əvvəlcə adi sapla, sonra isə zərli və ya gümüşü saplarla paralel surətdə bənd edilir. 
   Qabarıq işləmə texnikası örtmə tikiş üsulu ilə icra olunur. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin tikmənin bu üsulu haşiyə bəzəyində daha geniş tətbiq edilir. Muzeyin kolleksiyasında bir neçə qabarıq güləbətin texnikasında işlənilmiş nümunələr var ki, bunlardan biri XIX əsrə aid olan “Quran qabı”dır. Hazırda ekspozisiyada nümayiş etdirilən bu güləbətin tikmə zoğalı rəngli məxmər parça üzərində qızılı saplarla işlənmişdir. 
   
   Saya. Bu tikmə təkəlduza nisbətən həm kompozisiya, həm də rəng etibarilə sadə və bəsit olur. Saya tikmədə yerlik üzərinə birrəngli sap düzülür. Bu cür tikmələr əsasən gəzməli olub, geyimlərin müəyyən yerlərini, o cümlədən yaxa, ətək, cib kənarlarını bəzəyir. Bu tikmə növündən əsasən aran yerlərində istifadə edilir. Saya tikmələr üzərindəki bəzəklərinə görə bir-birindən fərqlənirlər; süjetli kompozisiyalı, nəbati və həndəsi ornamentli və s. Bunlar biri muzeyin fondunda saxlanılan kiçikölçülü saya dəsmaldır. Bu tikmə Mirzəyeva Peykər Mürsəl qızı tərəfindən 1958-59-cu illərdə tikilmişdir.
    
   Milli İncəsənət Muzeyində piləkli tikmə növünə aid nümunələr də xüsusi yer tutur. Bu növ tikmələr əsasən böyük və kiçikölçülü taxça və pəncərələr üçün düzəldilmiş pərdələrin üzərində işlənirdi. Hazırda muzeyin ekspozisiyasında nümayiş etdirilən XIX əsrə aid (Şamaxı bölgəsi) piləkli pərdə belə nümunələrdəndir. Tikmənin bu növü başqa sahələrinə nisbətən az inkişaf etmişdir. Pilək çox nazik və səthi metal parçalarından dairəvi formada kəsilib xırda düymə kimi müxtəlif rəngli parçalar üzərinə bənd edilir. Bu piləklər bir-birinin yanına düzüldükdə müxtəlif formalı nəbati və həndəsi ornamentlər əmələ gətirir.
   
   Cülmə tikmə forma və texnikasına görə piləkli tikməyə oxşasa da, ancaq bu tikmədə pilək metaldan deyil, ağ ipək sapla parçanın üzərinə düzülür. Cülmə tikməsi əsasən kiçik dairəvi formalarda olur. Baş geyimlərindən şəbkülah, araqçın, geyimlərdə don və üst köynəklərində yaxa, cib və ətəklərin haşiyə yerlərini doldurur. Bu tikmə növü ilə müxtəlif formalarda nəbati və həndəsi ornamentlər kompozisiyaları qurulur. Cülmə tikməsinin əsas yerləri Təbriz, Qarabağ, Naxçıvan, Şamaxı və Bakıdır. Bu tikmə növünə muzeyin ekspozisiyasında nümayiş etdirilən baş geyimi - şəpkülahı nümunə göstərmək olar. Şəpkülah tirmə parça üzərində cülmə texnikasında işlənmişdir. XIX əsrə aid olan şəpkülah Qarabağ bölgəsinə məxsusdur.
    
   Muncuqlu tikmələrdə çox xırda və rəngli muncuqlardan istifadə edilir. Muncuqlar xüsusi saplarla düzülür, sonra isə pul kisəsinin, daraqqabının və s. kiçik torbaların üzərinə tikilib bərkidilir. Belə tikmə üsulunda bəzən muncuq yerinə mirvaridən də istifadə edilir. Muncuqlu tikmələrlə sənətkarlar ən çox Şuşa, Gəncə, Naxçıvan, Bakı şəhərlərində məşğul olmuşlar. Bir vaxtlar Şuşada hazırlanmış bu tipli tikmələrin bir neçə gözəl nümunəsi hazırda Milli İncəsənət Muzeyində qorunub saxlanmaqdadır. Bunlardan Xurşudbanu Natəvanın əl işlərindən pul kisəsi nümunələrini göstərmək olar. Xüsusi zövqlə işlənilmiş bu pul kisələri öz unikallığı ilə təqdirəlayiqdir.
    
   Qurama texnikası rəngarəng parça tikmələrinin müxtəlif formalarda yan-yana qoyularaq tikilməsindən əmələ gəlir. Bu tikmədə həndəsi ornamentli naxışlar üstünlük təşkil edir. Bu cür tikmələrə daha çox Abşeron, Gəncə-Qazax və Gədəbəydə rast gəlinir. Muzeyin fondunda saxlanılan qurama texnikasında işlənmiş nümunələrdən birini - XX əsrin əvvəllərinə aid olan boxçanı misal göstərmək olar.
    
   “Oturtma və ya doldurma”. Bu tikmə növündə istənilən təsvir ayrıca olaraq parçadan kəsilib başqa bir parça üzərinə qoyulur, sonra ətrafı saya tikişlə haşiyələnir. Oturtma tikmədə tətbiq olunan bəzəklərin daha qabarıq və real görünməsi üçün kəsilmiş parçaların altına bəzən pambıq və ya kağız qoyulur. Bu nümunələrdən biri muzeyin fondunda saxlanılan, 1958-59-cu illərdə Peykər Mirzəyeva tərəfindən doldurma texnikada işlənmiş dəsmaldır. 
   
   Azərbaycan tikmələri təkcə zəngin icrası ilə deyil, daha çox bəzəkləri ilə geniş şöhrət tapmışdır. Bir sıra rayon və kəndlərdə ənənəvi milli tikmə sənətimiz, az da olsa, bu günə qədər öz inkişafını davam etdirir. Qədim çağlarda evlərdə əvəzedilməz bəzək nümunəsi sayılan bu tikmələrin zaman keçdikcə istifadəsi məhdudlaşsa da, öz unikallığını itirməmiş, bir sənət növü kimi yaşamaqdadır.
   
   Esmira Ağasıyeva
   Azərbaycan Milli İncəsənət Muzeyi Qrafika bölməsinin elmi işçisi, sənətşünas