Qəbələyə və Şahdağ xizək kurortuna dəmir yolunun çəkilməsi nəzərdə tutulur
   
   2016-cı ildə ölkəmizə gələn xarici turistlərin sayı 24 faiz artmışdır. Keçən il isə əlavə daha 20 faiz artım olmuşdur və rekord səviyyəyə çatmışdır. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlmişdir. Bu, çox müsbət haldır. 
   Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
   Dövlət başçısı bildirib ki, Azərbaycana turist axınının artmasının səbəbləri var: “Mən bu barədə dəfələrlə danışmışam, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”.
   Prezident vurğulayıb ki, turizmin inkişafı ilə bağlı 2018-ci ildə də əlavə tədbirlər görüləcək, xüsusilə bu məqsədlə nəqliyyat infrastrukturuna diqqət ayrılacaq. Qeyd edilib ki, ötən ilin oktyabrında açılışı keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün 2018-ci il önəmli il olacaq. Eyni zamanda, Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb: “Biz böyük yüklər gözləyirik ki, bu yolla daşınacaq. Ona görə mövcud olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir, dəmir yolunda sürət artmalıdır. Bu məqsədlə biz Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görməliyik. Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Yəni, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq. Bu, önəmli layihədir. 
   Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.
   Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin.
   Bu il iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir”.
   * * *
   Ölkə başçısı 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirildiyini xatırladaraq deyib: “Azərbaycan bütün müsəlman aləmini qəbul etmişdir, öz qonaqpərvərliyini göstərmişdir. Eyni zamanda, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir.
   Keçən il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir”.
   Prezident bu il görüləcək işlərdən danışarkən milli xalçaçılıq sənətinin inkişaf etdirilməsinə də toxunub. Bildirib ki, il ərzində on yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. İlin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır.
   * * *
   Dövlət başçısı 2018-ci ilin gözlənilən əlamətdar hadisələri sırasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini xüsusi vurğulayıb: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.
   Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir”.