Sloveniyada həlak olmuş əsgərlərimiz haqqında film çəkilir
   
   Mədəniyyət və Turizm Nazirliyinin «Salnamə» kinostudiyasında II Dünya müharibəsindən bəhs edən qısametrajlı film çəkiləcək. Şərti adı «Biz dost idik» olan filmdə Yuqoslaviyadakı partizan dəstələrində vuruşan 100-ə yaxın azərbaycanlı döyüşçünün həyat hekayəsi əks olunacaq.
   
   Çəkilişləri martda başlanacaq filmin rejissoru Tahir Əliyev bildirdi ki, ekran əsərinin ideyası əfsanəvi partizan Mehdi Hüseynzadəyə həsr olunmuş «Təxəllüsü Mixaylo» filminin Sloveniyada təqdimatı zamanı yaranıb: “Orada bir çox veteranlarla görüşdük. Qocaman veteran, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olan İvan Başın məni 9-cu korpusda döyüşüb həlak olmuş əsgərlərin memorial qəbiristanlığına apardı. Məzarlıqda 9-cu korpusdan olan onlarla azərbaycanlının qəbrini gördüm. Beləliklə, bu barədə yeni film çəkmək qərarına gəldim. Mövzunu Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdik və mövzu qəbul olundu».
   Filmin ssenari müəllifləri Tahir Əliyev və sloveniyalı tarixçi Aleksandr Malniçdir. Film üçün çoxlu sayda xroniki material toplanılır. Materiallar Moskva və Sloveniya arxivlərindən götürüləcək. Filmdə həm bu materiallar təqdim olunacaq, həm də həlak olmuş əsgərlərin Sloveniyadakı döyüş yoldaşları danışacaqlar. Onlar əsgərlər haqqında ətraflı məlumat verəcək, xatirə və hekayələrini bölüşəcəklər. Artıq 10-a yaxın veteranla filmin çəkilişi ilə bağlı razılıq əldə olunub. Martın sonunda çəkiliş heyəti Sloveniyaya yollanacaq.
   Çəkiliş əsnasında azərbaycanlı veteranların sloveniyalı döyüş yoldaşları ilə görüşü təşkil olunacaq. Bu görüş də filmdə yer alacaq. Yarım saatlıq filmin çəkilişləri mayın sonuna kimi yekunlaşacaq. Azərbaycan və sloven dillərində olacaq filmin Sloveniyada təqdimatı iyun ayına planlaşdırılıb.
   
   Gülər 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar