Bu il 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ikinci həftəsində seyrçiləriylə görüşə “Monotamaşalar paradı” ilə gəldi. 
   Yanvarın 9-da teatrın kiçik səhnəsində təqdim edilən layihənin ilk tamaşası Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə Zaməddin Ziyadoğlunun “Vurğuna vurğun gəlin” əsəri oldu. 
   Tanınmış şair-dramaturq Z.Ziyadoğlunun Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşa kiçik səhnədə böyük təəssüratlar yarada bildi. Tamaşada söz ustadına ümumxalq məhəbbəti öz əksini tapıb. Aktrisa oyunu ilə bu məhəbbəti dolğun şəkildə nümayiş etdirməyə nail oldu.
   Böyük sevgi üzərində qurulan bir aktyorun oyunu tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı. İzləyicilər “Vurğuna vurğun gəlin”i çiçək yağışına qərq etdilər. 
   Tamaşa ilə bağlı fikirlərini bizimlə bölüşən Lətifə Əliyeva səhnə əsərinin ideya müəllifinin özü olduğunu bildirdi. Dedi ki, 16 il əvvəl şair Z.Ziyadoğluna bu mövzuda bir əsər yazmasını xahiş edib. Şair onun istəyi ilə bu mənzum əsəri qələmə alır. İlk dəfə tamaşanı 16 il əvvəl tamam fərqli formada oynayan aktrisa sonradan teatr və kinodakı işləri ilə əlaqədar bir də bu əsərə qayıda bilmir. Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin təklifi ilə əsərə yenidən müraciət edən aktrisa tamaşanı öz dünyası, öz aləmi adlandırır. Yeni quruluşun rejissoru Gülnar Hacıyevadır.
   Söhbətimiz zamanı aktrisa qeyd etdi ki, ilk dəfə monotamaşa oynamaq arzusu 20 il əvvəl ulu öndər Heydər Əliyevin Qarabağ döyüşlərində iştirak edən xanımlarla görüşü zamanı yaranıb. Müharibənin qızğın vaxtında qəhrəman Azərbaycan qadınları ilə dövlət başçısının görüşündən təsirlənən aktrisa Rafiq Rəhimlidən qəhrəman qadın obrazını əks etdirən bir əsər yazmasını xahiş edib. Bu əsər Ağakişi Kazımovun quruluşunda maraqla qarşılanıb. 
   Lətifə Əliyeva Gənc Tamaşaçılar Teatrının “Monotamaşalar paradı” çərçivəsində ilk olaraq “Vurğuna vurğun gəlin” tamaşasının təqdim olunmasını teatr rəhbərliyinin ona etimadı kimi dəyərləndirir: “Bu monotamaşa daxili dünyamın və içimdəki Səməd Vurğun sevgisinin təzahürüdür. Əsər içimdəki tufanı gözəl şəkildə təsvir etməyə imkan yaradır. Şükür ki, tamaşa bəyənildi. Məni dəstəkləyən bütün sənət dostlarıma, görkəmli elm və mədəniyyət adamlarına təşəkkürümü bildirirəm. Bir daha teatrın rəhbərliyinə, texniki heyətə mənə qarşı diqqətə, tamaşanın uğurlu alınması üçün göstərilən yardıma görə minnətdaram”.
   Qeyd edək ki, “Monotamaşalar paradı” layihəsi çərçivəsində yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin əsəri əsasında “İstədiyim kimi yaşamışam”, 11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında “Dəlinin qeydləri” (N.V.Qoqol) tamaşaları təqdim olunub. 
   Ayın 12-də Əməkdar artist Kəmalə Hüseynovanın “Cəza” (T.Vəliyeva), 16-da aktrisa Küşvər Şərifovanın “Sonsuzluğun sonu”, yanvarın 17-də isə Əməkdar artist Nofəl Vəliyevin təqdimində F.Dostoyevskinin «İdiot» əsəri əsasında hazırlanmış monotamaşalar teatrsevərlərin görüşünə gələcək.
   
   Lalə Azəri