Azərbaycan mədəniyyətinə itki üz verib. Aşıq sənətinin istedadlı nümayəndəsi, ustad aşıq Vüqar Mahmud oğlu Niftəliyev 2018-ci il yanvarın 10-da dünyasını dəyişib.
Vüqar Mahmudoğlu 1970-ci ildə Şamaxının Şıxzərli kəndində öz dövrünün məşhur aşıqlarından olan və bu gün də minnətdarlıqla xatırlanan ustad aşıq Mahmud Ələsgəroğlunun ailəsində dünyaya gəlib. Vüqar aşıq sənətinin sirlərini hələ kiçik yaşlarından atasından öyrənib, istedadı və yüksək ifaçılıq qabiliyyəti ilə gənc yaşlarından seçilib, tanınıb. Bənzərsiz ifası qısa müddətdə ona böyük hörmət və şöhrət qazandırıb. Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da sənətkar kimi yüksək dəyərləndiriblər. O, bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Şirvan aşıq havalarının bənzərsiz ifaçısı kimi tanınan Vüqar Mahmudoğlunun respublikamızda keçirilən dövlət əhəmiyyətli tədbirlərdə, yubileylərdə, festivallarda, el şənliklərindəki hər çıxışı onun şöhrətini daha da artırıb.
Aşıq Vüqar Mahmudoğlu sənətinin dərin bilicisi olmaqla yanaşı, həm də səmimi dost, sözü ilə əməli bir olan bütöv şəxsiyyət idi. Sənətə gələn gənclərə böyük qayğı göstərirdi. Onun əziz xatirəsi həmkarlarının, doğmalarının, əzizlərinin və bütün sənətsevərlərin qəlbində daim yaşayacaq.
Azərbaycan Aşıqlar Birliyi