Azərbaycanla Bolqarıstan arasında turizm əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub
   
   Yanvarın 15-də Bakıya səfərə gələn Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Prezidenti ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məsələsi də müzakirə olunub. 
   Prezident İlham Əliyev Bakı-Sofiya marşrutu ilə birbaşa aviareysin açılmasını bu baxımdan əlamətdar hadisə kimi dəyərləndirib. “Bu reys insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək”, - deyə Prezident İlham Əliyev bildirib.
   Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir: “Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasında ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.
   Baş nazir Boyko Borisov iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, bir neçə ay öncə açılışı keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa üçün əhəmiyyətindən bəhs edərək Bolqarıstanın bu nəqliyyat qovşağının inkişaf etdirilməsində iştirak etmək istədiyini bildirib. B.Borisov iqtisadi əməkdaşlığın turizm əlaqələrinə də zəmin yaradacağını deyib: “Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır”.
   * * *
   Qeyd edək ki, yanvarın 16-da Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib.
   Birbaşa aviareysin açılışında Azərbaycanın və Bolqarıstanın baş nazirləri Artur Rasi-zadə və Boyko Borisov iştirak ediblər. Reys Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilib. Bolqarıstan paytaxtı “Buta Airways” şirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olub.