Tanınmış azərbaycanlı pianoçu, Xalq artisti Çingiz Sadıxovun nəşi vətənə yola salınmazdan öncə ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində vida mərasimi keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini vurğulayıb.
Mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycan musiqisinin Amerikada tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, xatirələrini bölüşüblər.