Görkəmli rus aktyoru Oleq Yankovski artıq üç ildir ki, həyatda yoxdur, amma filmlərdə yaratdığı yaddaqalan obrazlarla bu gün tamaşaçıların qəlbində yaddaşlarda yaşayır.
   
   O, 1944-cü il fevralın 23-də Qazaxıstanda anadan olub. Aktyorun atası çar Rusiyası ordusunun zabiti olmuş, sovet hakimiyyəti qurulduqdan sonra repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilmişdi. Atasını erkən itirən Oleq anasının himayəsində yarıtox-yarıac böyüyən üç qardaşdan biri idi. Qardaşlar bu çətinliklərə baxmayaraq, çoxlu mütaliə edir, bir neçə xarici dil bilirdilər.
   1965-ci ildə Saratovda teatr məktəbini bitirən Oleq yerli dram teatrına təyinat alır, tamaşalarda maraqlı rolları ilə tanınır.
   Kinoya gəlişi isə təsadüf nəticəsində baş verir. Teatrın truppası ilə Lvovda (Ukrayna) qastrolda olduqları vaxt “Qalxan və qılınc” filminin çəkiliş qrupu da bu şəhərə gəlir və onlar filmdəki Henrix roluna aktyor axtarırlarmış. Oleqi restoranların birində görürlər və bu rolda çəkilməyə dəvət edirlər.
   Bununla da Yankovskinin həyatının kino səhifəsi açılır. İlk filmlərdən Sovet İttifaqında geniş tanınır və populyar olur. Onun yaratdığı obrazlar öz manerası və romantik rəngarəngliyi ilə seçilir. Yaratdığı obrazlar içində sosial, ədəbi və poetik qəhrəmanlar bir-birini əvəz edir. O, teatrdakı rollarında necə inandırıcı idisə, filmdəki qəhrəmanları da belə yaradırdı. Ən müxtəlif rejissorlarla işləməyi bacarırdı. Təkrarsız və individual aktyor idi. Rejissorları onun susqunluğu cəlb edirdi. O, susmaqla bəzən daha çox fikir çatdıra bilirdi. Təcrübəsi, ustadlığı, enerjisi tükənməz idi. O, kinoda gah lider, gah autsayder, gah ziyalı, gah da romantik qəhrəmana çevrilməyi sevirdi. “Yaxşı-pis insan” personajı yaratmaq lazım gələndə rejissorlar hər zaman Yankovskini axtarırdılar.
   1979-cu ildə rejissor Mark Zaxarov onu “Həmin o Myunhauzen” roluna dəvət edərkən çox götür-qoy edib. Çünki o, komediya aktyoru deyildi. Amma çəkilişlər zamanı aktyorun göstərdiyi oyun fikirləri alt-üst etdi. 1978-ci ildə çəkilmiş “Mənim nəvazişli incə heyvanım” filmini, yəqin ki, xatırlayırsınız. Həmin dövrdə film böyük əks-sədaya səbəb olmuşdu. Aktyor 2002-ci ildə Todorovskinin “Məşuq” filmində yaratdığı obraza görə ilin ən yaxşı kişi rolu nominasiyasında mükafata layiq görülür.
   1991-ci ildə SSRİ-nin Xalq artisti adına layiq görülən aktyor həmin ildən 2005-ci ilədək “Kinotavr” festivalının prezidenti olub.
   2008-ci ildə aktyorun ağır xəstəlik xəbəri yayıldı. 2009-cu ildə S.Solovyovun “Anna Karenina” filminə çəkildi. Son tamaşası olan “Evlilik” tamaşaçıların əbədi sevgisini qazandı. Bu tamaşada Yankovski son dəfə olaraq teatr səhnəsinə çıxır: 17 fevral 2009-cu il. Həmin tarixdən tanınmış və milyonlarla sovet tamaşaçısının sevimlisi olan aktyor həmişəlik tamaşaçıları ilə vidalaşır. 2009-cu il mayın 20-də dünyasını dəyişir. Kino sahəsindəki son işi olan “Çar” filmi aktyorun ölümündən üç gün əvvəl “Kann” kinofestivalında böyük rəğbətlə qarşılanır. Yüzlərlə qazandığı mükafatlar içərisində aktyorun ən böyük mükafatı isə kinosevərlərin əbədi sevgisidir.
   
   Lalə Azəri