Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib.
Daşkənddə keçirilən tədbirdə Səmərqənd, Buxara, Nəvai, Sırdərya və Daşkənd vilayətlərindəki Azərbaycan mədəniyyət mərkəzlərindən nümayəndələr, diasporumuzun üzvləri iştirak ediblər.
RAMMM-in sədri Mobil Məmmədov hesabat məruzəsi ilə çıxış edib.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Kamaladdin İşanxocayev RAMMM-in səmərəli işindən danışıb, mərkəzin gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda RAMMM-in 21 nəfərdən ibarət idarə heyəti seçilib, yeni rəhbərlik formalaşıb. Firdovsi Hüseynov RAMMM-in sədri, Mobil Məmmədov birinci, Xasay Abdullayev ikinci müavin, Camal Əliyev icraçı direktor seçiliblər.
Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva, Özbəkistanda tanınan şair Əli Nəsirli, Səmərqənd vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əlifağa Mirzəyev və başqaları yeni sədri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində görüləcək işlərdən danışıblar.