Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Respublika Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından nəşr olunan ilk kitabın - şəhid gizir Aydın Abdullayev haqqında “Gözlə, gələcəyəm” sənədli povestin təqdimat mərasimi keçirildi.
Əvvəlcə şəhid Aydın Abdullayevin həyat və döyüş yolundan bəhs edən fotoşəkillərdən ibarət video-çarx nümayiş olundu.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tədbiri açaraq bildirdi ki, jurnalist-publisist İradə Sarıyevanın sənədli povestində 23 yaşında Vətən uğrunda şəhid olmuş gizir, kəşfiyyatçı-snayper Aydın Əmirsoltan oğlu Abdullayevin şərəfli ömür yolundan bəhs olunur: “Təsirli səhnələrlə zəngin olan kitabı şəhidlərimizin müqəddəs ruhuna yazılmış elegiyaya bənzətmək olar. İnanırıq ki, gələcək nəsillərə nümunə olacaq şəhid Aydın Abdullayevin ömür yolundan bəhs edən kitab oxucular tərəfindən maraqla qarşılanacaq”.
Qeyd edildi ki, kitabın layihə rəhbəri “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, redaktoru Zülfüqar Şahsevənli, rəyçisi Aydın Quliyevdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxışında şəhid düşmüş Azərbaycan əsgərlərinin qəhrəmanlığından və onlara həsr olunan kitablardan danışdı.
Tanınmış yazıçı-publisist Şəmistan Nəzirli şəhidlərimiz haqqında belə kitabların yazılmasını təqdir etdi. O, 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti uğrunda şəhid olan vətən övladları haqqında da araşdırmaların aparılmasının, yazıların yazılmasının vacibliyini vurğuladı.
Tədbirdə daha sonra İqtisad Universitetinin professoru Maarifə Hacıyeva , BDU-nun professoru Cahangir Məmmədli və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışdılar.
Çıxışlardan sonra şəhidin atası Əmirsoltan Abdullayev tədbirin təşkilatçıları və iştirakçılarına ailələri adından minnətdarlıq etdi.
Savalan Fərəcov