bu gün ayın 17-si, sabah 18-i, birisi gün 19-u, ta birisi gün - bu millətin Azadlığını bünövrələyəsi 20-si...
   
   Həmin GÜNə qədərsə, gündə-günaşırı: “Partbiletim sol cibimdə - ürəyimin başındadır”, “Azadlıq verdi bizə - Lenin, əziz babamız!”, “Sov. İKP-yə eşq olsun!”, “Yaşasın SSRİ xalqlarının əbədi dostluğu!” və s. 
   Hərdənbir də: “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”...
   Və... üç gündən sonra həmin GÜN qurbanlarının son (və şərəfli!) mənzilinə doğru yürüyəsilərə, habelə, bu əbədi yürünün baiskarlarına (hər iki anlamda: faciə oluşuyla nifrət, istiqlal sonucuyla minnətdarlıq) sözüm və lap axırda, bizi həmin GÜNə gətirən illərin birində “Hər şey bölünəndə Bakının da payına internasionalizm düşüb” demiş bir rəhmətliyin (R.Rza) təbirilə desəm, bir internasional monoloqum var. Beləliklə; -
   
   Günaydın, o GÜNün körpələri!
   
   İndi hərənizin 28-29-30 yaşı var. Gecələr mışıl-mışıl yatan, gündüzlər sizə minbir pozitiv yaşadan körpələriniz var ki, “kit-kat”izm sevdalı televizionçularımız demişkən, hər dəm onlarla bütün sevinc-şadlıqların dadını çıxarırsız... 
   Amma həmin tarixçəyədək vaxt-bivaxt hər kəsə “səs salma, balam yatıb...” deyən analarınız o GECƏnin kit yarısı küçə, məhəllə və həyət-bacalarınızdakı tırtıl-gülləbarançılara dillənə bilmədilər. Yuxudan səksəkəli oyananınız, dik atılanınız, yağır-bağır olanınız, babalarınızın yetmiş il öncə qurduğu hökumətin bu “böyüklər oyunu”nu oyuncaq səsləri hesab edib, ləzzətli bir dodaqqaçdıyla təzədən yuxuya gedənləriniz oldu... 
   
   Xoş gördük, o GÜNün uşaqları!
   
   İndi hamınız müstəqil (sözün hər iki anlamında) bəylər-xanımlarsız. Hər birinizin uşaqları elə bilirlər bu dünyada siz atadan güclü, ağıllı, nüfuzlu, mərd, sərt ata, siz anadan əziz, mehriban, dadlı yeməkbişirən, övladına canı-dildən qurbanolan, hər sorğu-sualınızı nərmənazik nəvazişlərlə cavablandıran ana yoxdur. Ancaq, amma, əfsus ki, həmin günlər bəzilərinizin ataları əliyalın qurbanlıq-şəhidlikdən, bəzilərinizinki fiziki işgəncələrə sinə gərməkdən, əksəriyyətinizkilər isə, əlacsız şahidlikdən başqa heç nə edə bilmədilər. 
   Məktəblərdə sizə “Anamın kitabı”ndan daha vacib oxudulan, daha əzəl əzbərlədilən yarınma-sırınma nəsr-nəzmləri içərisində: “Mən ki bihuş düşüb, görcək özümdən getdim, Siz ki huşyardız, ol afəti-canan kim idi?” kimi bir qəzəl misrası da vardı. Həmin GÜNün sabah-birisigünləri o məktəblərdəki pedaqoqlardan soruşanınız oldumu ki, biz bu xalqın hələ bəsirət gözü açılmamış “uşaq-muşaqları”, sizsə, Azərbaycan SSR-in hamıdan huşyar sinfisiz, bir xalqı uşaqdan-böyüyə gülləbaran edən kim idi?!. 
   
   Salaməleyküm, o GÜNün gəncləri! 
   
   O GÜNlərədək sizə BAM (Baykal-Amur Magistralı) tikdirirdilər, “entuziazm” təbliğatı ilə Çernobıl zərərsizləşdirir, vəzifə nəfsilə marusya-haykanuşlarla nikaha şirnikləndirib, bir-birinizin “fatma-tükəzbanlarını” qız qarıdır, “ikinci ana dili” təlləməsilə birinci ana dilinizi unutdurur, Fətəli, Cəlil, Ələkbər kimi Şərq dahilərinizin hərəsini bir Şimal “geni”sinə şəyird edirdilər və... mətləbi uzatmamaq xatirinə, içərisində yüzlərlə “belə-belə məsələlər” olan bir “və s.”
   Ovaxtdan bəri isə siz efirlərimizin “A-zər-baycan!..” Himni ilə oyanır, öz doğma şəhər-qəsəbələrimizi tikir, öz komandirlərimizin anadil əmrlərini yerinə yetirir, uşaqlarınız tərəfindən özünüz “ata!”-ana!”, valideynləriniz “baba”-“nənə” çağırılır, torpaqlarınızda “sovetyönlü” məhsullar yox, məqsədyönlü məhsullar becərir və... yenə mətləbi uzatmamaq xatirinə, içərisində yüzlərlə “belə-belə məsələlər” olan bir “və s.”
   
   Salam, o GÜNün ahılları, qocaları!
   
   Uzun illərdi yaşadığımız, görüb-götürdüyümüz (lakin heç nəyini apara bilməyəcəyimiz) bu gidi dünyanın löyün-löyün işləri, cürəbəcürə qəribəlikləri olduğunu hamımız yaxşı, heç zaman boyatımayası “Gəzməyə qürbət ölkə, Ölməyə Vətən yaxşı” bayatısını isə əzbər bilirik. Amma bu “biliklər” içərisində olduqca bir incəsi də var; iyirmi yeddi ildir yaşadığımız ikinci müstəqillik YARımızın 1918-20 sələfindən nakam getmiş babalarımızın xiffətləri! Xüsusən də, yüzilliyinə aşağı-yuxarı yüz gün qalmış o Cümhuriyyətimizin yerini bərkitmək üçün xariclərə gedib, geri qayıda bilməmiş mücahid mühacirlərimizin!..
   Respublika Prezidentinin məxsusi sərəncamla elan etdiyi “Cümhuriyyət ili”ndə onları daha çox yad edib, rəhmətlər oxumalı diləyimdən sonra deyim ki, indi biz, neçə illərdi qürurla yaşadığımız kimi, yavaş-yavaş, asta-asta, qədər-qədər, qürur-qürur ölə də bilərik, mənim əziz yaşıd-həmkarlarım! Bu əsnada, doğma məmləkətimizin müstəqilliyinə arın-arxayınçılıq naminə, əziz-xələflərimizin azad gələcəyinə inam sevinci eşqinə N.Hikmətin “Başlandı yaşıdlarımın yapraq dökümü” misrasını xatırlayıb, təbəssümlənmək də olar...
   
   “Privet”, baş baiskarlar!
   
   Sizə sözüm çox qısa; lap mental alkoqol nümayəndələrinizin “budem” tostu kimi. Belə ki, siz nə üçün bir zamanlar öz böyük Puşkininizin “trus”, “rab” dediyi bir toplumun xeyirinə, mütəfəkkirlərinə heyran qaldığınız bir xalqı açıq terrora məruz qoydunuz?! 
   
   “Hello”, Avro-Amerika!
   
   Sizin telereklamlardan da çox və tez-tez işlətdiyiniz “demokratiya” termininin bir zamanlar məlum aborigenlərə, afrikalılara, indilər müsəlmanlara qarşı etdiklərinizdən rişələndiyini bilirik. Bilin ki, sizin bu termin altında yaxın gələcəyə işləyən “dünyəvi oxlokratiya” ideyanızın da üstü yavaş-yavaş açılmada...
   
   Və internasional monoloq:
   
   Ey bizə əbədi milli gündüzlər, aydın sabahlar qazandıran qanlı və şanlı GÜN-GECƏ!..
   Sənin hər künc-bucağında tüğyan edən total tırtıl, müdhiş gülləbaran səslərindən daha güclü olan bir səs-səda var idi: Milli Azadlıq! 
   Sən düşmənlərin nə düşünüb-daşındıqlarını bilməsən də, ağuşuna ata kimi atılanların babalıqdan, ana kimi yeriyənlərin nənəlikdən, subay-salıq yürüyənlərin bəylik-gəlinlikdən məhrum olacaqlarını yaxşı bildiklərini duymamış olmazdın...
   Bir deyim var: “Bu dünya bir pəncərədir - hər gələn baxar, gedər”. Sizin - hər birinin valideynlərindən daha tez, daha əvvəl şahidi olduğunuz o şəhidlər sizə pəncərədən baxmadılar. Şimşək kimi çaxıb, ildırımtək axıb getdilər! Onlar küçələrdə al-qırmızı qanlarını axıtdılar, bizlərsə evimizdə göz yaşlarımızı... 
   O igid, o qaragöz, atəşdil, oxkirpik igidlər bir azdan “pənbeyi-daği cünun içrə nihan” olası canlarını götürüb, Vətən-Yar ilə görüşə çıxmışdılar...
   “Ruhun gözü Nuhunkundan işıqlıdır” deyiblər. Bir baxın, görün şahidlər, qazilər neyləyirlər - daha çox sizə mənsub olan o Gecənin hər ildönümündə. Misli görünməmiş sayğılar, qələbəliklər. Övlad-uşağı olmayan sonsuzlar da “oğul vay!” deyib ağlamışdı o Gecə, ey hər biri hamının balası şəhidlər!..
   Hərəniz bir yaşda, qurbanlığınızın yaşı isə eyni: iyirmi səkkiz! Adlarınız çeşid-çeşid, şərəf-şanlarınız isə eyni: ŞƏHİD! Beşik ünvanlarınız müxtəlif, məzar məkanınız isə eyni: ŞƏHİDLƏR XİYABANI!
   İllər “quş qanadlı” tərkibilə də təşbehlənər, mənim ağrım və şanım GÜN-GECƏ! Sizdən bu yana isə adamın könlündən “qış qanadlı” obrazı da keçir...
   Hamıdan əvvəl, hər kəsdən canlı şahidi olduğunuz o şəhidlərin o küçələrdə, o qırğın “kampaniyasında” ölümü o cür mərdanəliklə qarşılamalarının, öləndən sonra da o sayaq xoşbəxt, qalib, qəhrəman görünmələrinin sirrini sizə danışmadılar ki? Hamısı kürəyini torpağımıza söykəmişdi... Hamısı qollarını yana açmışdı... Hamısı üzünü Azərbaycan səmasına tutmuşdu... Qolunun biri, ya ikisi də kəsilənlər, çiyinlərini bir az yuxarıya, ucalığa - bir daha enməyəsi bayrağımızın asılacağı yüksəkliyə qovzamışdı...
   
   Tahir Abbaslı