Xalça Muzeyində “Bir eksponatın tarixi”
   
   Yanvarın 13-də Azərbaycan Xalça Muzeyində «Bir eksponatın tarixi» layihəsinin növbəti tədbiri keçirildi. Budəfəki mühazirə 2016-cı ildə muzeyin kolleksiyasına daxil olmuş və buradakı saxlancda yeganə olan toy önlüyünün (meyzər) tarixinə həsr edilmişdi.    
   Muzeyin Mədəniyyət və təhsil şöbəsinin bələdçisi Ülkər Rəhimzadə müxtəlif ölkə xalqlarının geyimlərində döşlük və önlüklərin tarixi, bu geyim əşyasından istifadə qaydaları, rəng çalarları, ona vurulan naxış və elementlərin daşıdığı mənalar barədə söz açdı. Qafqazda və Azərbaycanda, eləcə də digər türk xalqlarının məişətində döşlük və önlüklərlə bağlı tarixi və müasir adət-ənənələr haqqında məlumat verdi. 
   Maraqlıdır ki, Azərbaycanın tarixi-coğrafi ərazisi boyunca heç vaxt qadın milli geyimləri önlüklə, yaxud döşlüklə təsvir olunmayıb. Azərbaycan xanımları onlardan sırf ev işləri zamanı, xüsusən də yemək hazırlığı prosesində istifadə ediblər deyə, bəzəyindən, naxışından asılı olmayaraq, döşlük milli geyim dəstlərində vacib atribut kimi təqdim edilməyib. Hərçənd müxtəlif xalqların milli qadın geyimlərinin bayram, toy libasları da dekorativ döşlük və ya önlüklə tamamlanır. 
   Bununla belə, bizdə də döşlüyün bir növü zamanla mövcud olub. Adına meyzər - toy döşlüyü deyilən bu geyim ər evinə gəlin köçən qızın artıq gəldiyi evin tamhüquqlu, yeni ailənin ocağını yandıran xanımı olduğunu bildirən atribut kimi qavranılıb.
   Xalça Muzeyində saxlanılan XIX əsrə aid meyzər Şirvan qrupuna məxsusdur. Döşlük həmin əsrin ikinci yarısında Rusiyada istehsal olunmuş tünd-bənövşəyi rəngli zərxara parçadan tikilib, üstündəki nəbati ornamentlər isə ipək və qızılı saplarla işlənilib. Sinə nahiyəsi gümüş xırda pulla bəzədilib ki, bu da döşlük taxan gəlinin ayağının düşərli olması, həmin evin maddi sıxıntı çəkmədən dolanması arzusunu əks etdirir. 
   “Bir eksponatın tarixi” layihəsinin 2018-ci ildə baş tutan ilk tədbiri həm də Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin böyüklərə qoşulması ilə maraqlı oldu. Dərnək üzvləri mühazirə zamanı döşlük və önlük rəsmləri çəkdilər, öz əlləri ilə parçadan döşlük tikdilər. 
   Mühazirənin sonunda isə Azərbaycan dekorativ-tətbiqi sənət tarixi ilə maraqlanan dinləyicilərin sualları cavablandırıldı. 
   
   G.Mirməmməd