Londonda fəaliyyət göstərən “Gyunel Couture” moda evi yanvarın 24-də Parisdə 2018-ci ilin yaz-yay kolleksiyasını təqdim edəcək.
   Paris moda həftəsindən bir neçə gün əvvəl nümayiş etdiriləcək kolleksiyanı rəssam və dizayner Günel Rüstəmova hazırlayıb. Bu, azərbaycanlı modelyerin kolleksiyalarının Parisdə altıncı nümayişidir.
   Orta təhsilini Bakıda, ali təhsilini Böyük Britaniyada almış G.Rüstəmova Avropada tanınmış modelyerlərdəndir. O, milli köklərə bağlı olmaqla yanaşı, həm də müxtəlif mədəniyyətlərdən ilhamlanaraq yaradıcı fəaliyyət göstərir. Kolleksiyaları dünyanın bir sıra moda şoularında təqdim edilib.