Mükafatın 84 illik tarixində ilk dəfə olaraq İran filmi “qızıl heykəlcik” qazandı
   
   Fevralın 26-da dünyanın ən tanınmış kino mükafatı olan “Oskar”ın 84-cü təqdimatı oldu. Mərasimin əsas mükafatını Fransa rejissoru Mişel Hazanaviçusun “Artist” filmi aldı.
   
   Müsabiqədə 10 nominasiyada iştirak edən ekran əsəri 5 “Oskar” qazandı, “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” (Jan Düjarden), “Ən yaxşı bəstəkar” (Lüdovik Burs) və “Ən yaxşı kostyum” nominasiyalarında qalib gəldi. Bununla da tənqidçilərin proqnozları özünü doğrultdu. Romantik komediya janrında olan ağ-qara, səssiz film bundan öncə Kann festivalının qalibi olmuş, habelə Fransanın ən yüksək kino mükafatı olan “Sezar”a layiq görülmüşdü. Filmin rejissoru Mişel Hazanaviçus ötən əsrin 20-ci illərində Litvadan Fransaya mühacirət etmiş yəhudi ailəsindəndir. 45 yaşlı rejissor çoxdan bəri səssiz film çəkmək arzusunda idi. Lakin onun bu ideyası hər kəsə inandırıcı görünmürdü. Nəhayət, o, istəyinə nail oldu. 13 milyon avro büdcəsi olan film bir ay yarıma Los-Ancelesdə çəkilib. Onu da qeyd edək ki, “Artist” filmi 1929-cu ildən bəri “Oskar” mükafatı alan ilk səssiz filmdir.
   Məşhur aktrisa Meril Strip “Dəmir ledi” bioqrafik dramında Marqaret Tetçer roluna görə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi oldu və beləcə, sayca üçüncü “Oskar” mükafatını aldı. Film “Ən yaxşı qrim” nominasiyasında da “Oskar” qazandı.
   Mərasimin digər səs-küylü filmi - “Zamanın qoruyucusu 3D” 11 nominasiyada iştirak etməsinə baxmayaraq, onlardan yalnız 5-nə sahib çıxdı: “Ən yaxşı operator işi”, “Ən yaxşı vizual effektlər”, “Ən yaxşı quruluşçu-rəssam”, “Ən yaxşı səsləndirmə”, “Ən yaxşı səs montajı”. Macəra janrında olan filmin rejissoru Martin Skorsezedir.
   “Ən yaxşı ssenari” nominasiyasında Vudi Allenin “Parisdə gecəyarısı” filmi qazandı. “Ən yaxşı mahnı” nominasiyasının qalibi “Mappetlər” filmi oldu.
   Ötən il bütün dünyaya səs salmış iranlı rejissor Əsğər Fərhadinin “Nadirin Simindən ayrılması” (“Boşanma”) filmi isə “Ən yaxşı xarici film” nominasiyasında qalib gəldi. Bu, İran kinosunun ilk “Oskar” mükafatıdır. Film yanvarın 15-də ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Qolden Qlob” kino festivalında da “Ən yaxşı xarici film” bölümündə mükafata layiq görülmüşdü.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar