Yanvarın 18-də İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi. 
   Muzeyin direktoru Fəridə Şəms mərasimi açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəlbində silinməz iz qoymasından danışdı. Bildirdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda misli görünməmiş faciə baş verdi, yüzdən çox günahsız insan qətlə yetirildi, yüzlərlə əliyalın soydaşımız yaralandı.
   Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi. Bu tarix ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd edilir. 
   Sərgi barədə məlumat verən direktor bildirdi ki, şəhid ailələri tərəfindən muzeyə Qara Yanvar şəhidlərinə məxsus xeyli sayda şəxsi əşya təqdim olunub. Bugünkü sərgidə həmin əşyalar da nümayiş olunur.
   Tədbirdə şəhid Salman Baxşıyevin həyat yoldaşı Məryəm Baxşıyeva, şəhid Şahin Məmmədovun bacısı qızı Şəmsiyyə Hüseynova və 20 Yanvar faciəsinin iştirakçısı Hicran Əsədov çıxış etdilər. Çıxışlarda vətən uğrunda canlarını fəda etmiş şəhid ailələrinə Azərbaycan dövlətinin həmişə diqqət və qayğı göstərdiyi vurğulandı.
   Qeyd edildi ki, 20 Yanvar şəhidləri cismən aramızda olmasalar da, onlar xalq qəhrəmanları kimi qəlblərdə yaşayırlar. 
   Çıxışlardan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və Musiqi sənəti fakültələri tələbələrinin hazırladığı bədii hissə təqdim olundu.
   Sonda tədbir iştirakçıları sərgiyə baxmağa dəvət edildilər. 
   Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kollektivi, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edirdi. 
   
   Savalan Fərəcov