Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Parisdə UNESCO-nun baş direktoru xanım Odre Azule ilə görüşüb.
Söhbət zamanı UNESCO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb. Nazir bu baxımdan UNESCO-nun Azərbaycan üçün önəmini qeyd edərək, ikitərəfli əməkdaşlığın güclənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.
Görüşdə 2013-cü ildə Azərbaycan ilə UNESCO arasında imzalanmış Çərçivə sazişi üzrə Afrikada qızların təhsili, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirilən layihələrin müəyyən edildiyi vurğulanıb.
Ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən E.Məmmədyarov Azərbaycanla UNESCO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan “Bakı Prosesi” barədə məlumat verib və bu il həmin uğurlu layihənin 10 illiyinin qeyd ediləcəyini deyib.
Xanım Odre Azule mədəniyyətlərarası dialoq sahəsində UNESCO-nun Azərbaycan ilə əməkdaşlığının vacib və təqdirəlayiq olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
UNESCO-nun baş direktoru hazırda təşkilat üçün önəmli sahələrdən birinin Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu deyib.
Nazir Azərbaycanın mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib. O, Ermənistanın işğal etdiyi ərazilərimizdə mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə dağıtdığını və məhv etdiyini vurğulayıb. E.Məmmədyarov ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək UNESCO-nun gələcəkdə bu monitorinq prosesinə qoşulmasının önəmini diqqətə çatdırıb.