Bilik Fondunda ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamı ilə bağlı keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub.
Bilik Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan dövlətçilik tarixi” mövzusunda söhbət aparıb. Alim 1917-18-ci illərdə Azərbaycanda yaranmış tarixi vəziyyətdən başlayaraq, 1920-ci ilin aprelində ölkəmizin bolşevik Rusiyasının işğalına məruz qalmasına qədər tarixi prosesdən bəhs edib.
Görüşdə qərara alınıb ki, Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər klubunun fəaliyyət planına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər - elmi seminarlar və dəyirmi masalar, müzakirələr və təqdimatlar, bilik yarışmaları və elmi turlar daxil edilsin.