Teatr və kino tariximizdə ilk cığırlar açmış, milli incəsənət salnaməmizə böyük töhfələr vermiş bir çox sənətkarlar bu öncüllüyün müqabilində zamanında təqiblərə, təhdidlərə məruz qalmışlar.
   
   Rejissor H.Seyidzadənin çəkdiyi “Dəli Kür” filmində rus Əhmədlə Çernyayevskinin kənd uşaqlarını Qori seminariyasına oxumağa göndərmək barədə kəndlilərlə söhbətini tamaşaçılar, yəqin ki, xatırlayırlar. O illərdə qoçular və fırıldaqçı mollalar ziyalıları təqib edir, onları normal fəaliyyət göstərməyə qoymurdular. Buna görə də bəziləri avam camaatın gözündən düşməmək üçün şəraitlə hesablaşır, bu vacib işdən yaxalarını kənara çəkirdilər. Rejissor Anarın “Üzeyir ömrü” bədii televiziya filmindəki gənc çayçını misal göstərmək kifayətdir. Həmin çayçı oğlan “Leyli və Məcnun” operasında Leyli rolunda çıxış etməyə razılıq verir. Lakin ilk çıxışdan sonra səhnəyə çıxmaqdan imtina edir. Onun yerini aktyor Əhməd Ağdamski tutur və bütün tamaşalarda qadın rollarının mahir ifaçısı kimi tanınır.
   Görkəmli ədib C.Məmmədquluzadə bu çətin vəziyyəti görüb yazırdı: “Təəccüblü işdir ki, hələ indiyə kimi də eləyə bilmirik ki, teatr işində də özgə millətlərə möhtac olmayaq. Hələ müsəlman xanımlarının səhnəyə çıxması qalsın kənarda... Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar”.
   Mirzə Cəlilin ürək ağrısı ilə yazdığı bu sətirlərdə böyük bir həqiqət vardı. Yenə də “Üzeyir ömrü” filmindən epizodu - opera və vokal sənəti xadimi Şövkət Məmmədovanın ilk dəfə səhnəyə çıxarkən qoçuların onu öldürmək istəməsini yada salaq. Aktyorlar bu cavan qızı səhnə arxasına aparıb arxa qapıdan gizli şəkildə elə qaçırdırlar ki, heç kim xəbər tuta bilmir.
   Kinoda da vəziyyət buna oxşar idi. Buna görə də XX əsrin əvvəllərində Azərbaycanda bədii kino yarananda qadın rollarını qeyri-millətlərdən olan qadınlar və azərbaycanlı kişilər ifa edirdilər. Məsələn, 1915-ci ildə Bakıda çəkilmiş “Neft və milyonlar səltənətində” bədii filmində Şəfiqə rolunu K.Piontkovskaya, Cəlilin anasını Y.Orlitskaya oynamışlar. 1916-cı ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyasında Asya və Telli rollarını A.Olenskaya və Y.Olenskaya bacıları, digər qadın rollarını isə kişilər - Ə.Ağdamski (Gülçöhrə) və Yunis Nərimanov (Cahan xala) ifa etmişlər.
   Hətta Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da filmlərdə yenə də qeyri-millətlərdən olan qadınlar çəkilirdilər. Yalnız 20-ci illərin sonundan ilk milli kinoaktrisalar ekranda görünməyə başladı. Beləliklə, 1928-ci ildə yaradılmış “Hacı Qara” kinokomediyasında Heydərin anası Tükəz rolunda Mərziyə Davudova, Sonanın anası rolunda isə Əzizə Məmmədova çəkilmişlər.
   Teatrdan gəlmiş hər iki sənətkarı həm də ilk milli kino aktrisaları hesab edə bilərik. Bu aktrisalar sonralar da filmlərə çəkilərək, Azərbaycan kino tarixində özlərinə layiq iz qoymuşlar. Təəssüflər olsun ki, hər iki aktrisa bu gün unudulanlar siyahısına düşüb.
   Əzizə Məmmədova 1892-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, ilk təhsilini atasından, məşhur xanəndə Əbdülbağı Zülalovdan almış, Bakıya köçəndən sonra Əli Bayramov klubunun fəal üzvlərindən biri olmuş, qızı Sona xanımla birgə dram dərnəyinin hazırladığı tamaşalarda iştirak etmişdir. Əzizə xanım əvvəllər Bakı Azad Tənqid-Təbliğ Teatrında, Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonuna kimi isə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
   İstedadlı aktrisa filmlərə də çəkilmişdir. 1934-cü ildə “İsmət” filmində (rej. M.Mikayılov) Səmədin anası, hökmlü və hikkəli qayınana obrazını ustalıqla yaratmışdır. Qayınana gəlinin uşağı olmadığını görüb oğlunu ikinci dəfə evləndirməyi qərara alır. Toy gecəsi birinci gəlin bu təhqirə dözməyib özünü yandırır. Qayınana - Ə.Məmmədova isə heç nə olmamış kimi toy edib gəlin gətirir. Aktrisa bütün film boyu qəhrəmanının qeyri-insani keyfiyyətlərini - kobudluğunu, mənəviyyatındakı boşluğu, əzazilliyini, laqeydliyini açıb göstərir.
   Bundan başqa, Əzizə xanım 1936-cı ildə istehsal olunmuş “Almaz” filmində (rej. A.Quliyev, Q.Braginski) Almazın himayədarı, onun yeni fikirlərini həyata keçirməyə çalışan, yeni həyat quruculuğunun fəal iştirakçısı, kənd qadını Telli, 1940-cı ildə “Yeni horizont” filmində (rej. A.Quliyev, Q.Braginski) Fatma, 1942-ci ildə rejissor A.Quliyevin “Vətən oğlu” filmində qəhrəmanın anası, rejissor T.Tağızadənin “Görüş” filmində (1955) Kamilin anası, 1958-ci ildə rejissor H.İsmayılovun çəkdiyi “Ögey ana” filmində Solmaz və digər filmlərdə irili-xırdalı müxtəlif xarakterli rollar oynamışdır.
   Əzizə xanımın qızı Sona Hacıyeva 1907-ci ildə Şəkidə doğulmuş, 1919-cu ildə anası ilə birgə Bakıya köçmüş, burada təhsilini davam etdirmişdir. 1920-ci ildən həyatını səhnəyə bağlayan Sona xanım 200-ə qədər tamaşada oynamış və maraqlı obrazlar qalereyası yaratmışdır.
   Vaxtilə böyük dramaturq C.Cabbarlı “Səhnədə qadın” məqaləsində Sona xanım haqqında yazmışdır: “Azərbaycan qadınlarının gənc kollektivi içərisindən irəli çəkilmiş bir qüvvətli fiqura da aktrisa Sona xanımdır. Sona xanım anası Əzizə xanımla teatra çocuq ikən gəlmişdir... Şura səhnəsi 10 il müddətində vücudca kiçik və zəif olan qızcığazdan böyük bir aktrisa fiquru yetişdirmişdir”.
   Xalq artisti S.Hacıyeva bir sıra filmlərdə, o cümlədən “Bəxtiyar”da (rej. L.Səfərov, 1955) Zəhra, “Qızmar günəş altında” filmində (rej. L.Səfərov, 1957) kənd qadını rollarında çəkilmişdir. Onun “Bəxtiyar” filmində yaratdığı Zəhra surəti ən yaxşı ekran işlərindən biridir.
   SSRİ Xalq artisti Mərziyə Davudova Azərbaycan teatrının və kinosunun ən populyar sənətkarlarından biri olmuşdur. O, 1901-ci ildə Həştərxanda dünyaya göz açmış, ilk təhsilini burada almış, səhnə fəaliyyətinə 1917-ci ildə dram dərnəyində başlamışdır. 1920-ci ildə Mərziyə xanım Bakıya köçmüş, Akademik Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
   M.Davudova 1928-ci ildən filmlərə çəkilmiş, kino aktrisası kimi də məşhurlaşmışdır. Kinoda əsasən müxtəlif xarakterli ana rollarında çıxış etmişdir: “Hacı Qara”da (rej. A.M.Şərifzadə), “Bir ailə”də (rej. T.Aleksandrov, İ.Xeyfis, M.Mikayılov, 1943) ana, “Bakının işıqları”nda (rej. R.Təhmasib, A. Təhmasib, A.Zarxi, 1950) Anaxanım, “Bəxtiyar”da (rej. L.Səfərov, 1955) Gülbadam (Bəxtiyarın anası), “Bir məhəllədən iki nəfər”də (rej. Ə.İbrahimov, İ.Qurin, 1957) Əhmədin anası Fatma, “Əsl dost”da (rej. T.Tağızadə, 1959) Sənəm, “Koroğlu”da (rej. H.Seyidzadə, 1960) dayə və s.
   C.Cabbarlının kino üçün kəşf etdiyi İzzət Orucova onun iki filmində - “Sevil”də (rej. A.Beknazarov, 1929) Sevil, “Almaz”da (rej. A.Quliyev, Q.Braginski) Almaz rollarında çəkilmişdir. İzzət xanım filmlərə çəkiləndə indiki Neft Akademiyasının tələbəsi idi. O vaxtlar onun qarşısında iki yol dururdu: özünü elmə həsr etmək və ya aktrisa olmaq. O, birinci yolu seçir, kimya üzrə görkəmli alim, elmlər doktoru, akademik, professor olur. Onu bütün dünya tanıyır.
   İzzət Orucovanın filmlərdə yaratdığı Sevil və Almaz obrazları milli kino tariximizdə əhəmiyyətli yer tutur.
   Azərbaycan kinosunun ilk kinoaktrisalarından biri də Xalq artisti, görkəmli müğənni Həqiqət Rzayevadır. Həqiqət xanım kiçik yaşlarından Lənkəranda qadın məktəbində, 1923-cü ildən isə Bakıda Pedaqoji Texnikumda təhsil alarkən musiqili tamaşalarda çıxış etmişdir. O, Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxumuş, Opera və Balet Teatrının solisti olmuşdur.
   H.Rzayeva rejissor M.Mikayılovun “Lətif” filmində (1930) ögey ana, “İsmət” filmində (1934) gəlin, rejissor A.Quliyevin “Dostlar” filmində (1934) ana, rejissor H.İsmayılovun “Ögey ana” filmində (1958) Qəmər nənə rollarında oynamış və Azərbaycan qadınlarının təbii, koloritli obrazlarını yaratmışdır.
   Xalqımızın sevimli sənətkarlarından biri də SSRİ xalq artisti Hökümə Qurbanovadır. O, 1913-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuş, Bakı Pedaqoji Texnikumunu bitirmiş, daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır.
   Maraqlıdır ki, görkəmli sənətkar H.Qurbanova aktyorluq fəaliyyətinə 1935-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında başlamış və bir ildən sonra “Almaz” filmində Yaxşı rolunda çəkilmişdir. Bu filmdəki uğurundan sonra o, Akademik Dram Teatrına dəvət olunmuşdur. Bir müddətdən sonra Hökümə xanım teatrda mürəkkəb xarakterli surətlər yaratmaqla istedadlı bir sənətkar kimi məşhurlaşmışdır.
   Professor M.Məmmədov aktrisanın sənəti ilə bağlı yazmışdır: “Onun oyunu adətən hissin dərinliyi, fikrin böyüklüyü, iradənin mətinliyi ilə səciyyələnir. Buna görə o öz tamaşaçılarını ram etməyi, təsir altına almağı, onların fikrinə hakim olmağı bacarır. Bu cəhətdən onda Ərəblinski, Abbas Mirzə, Mərziyə xanım sənətinin odu və qığılcımları vardır”.
   Təəssüflər olsun ki, kinematoqrafçılarımız bu böyük sənətkarın istedadından kifayət qədər yararlanmayıblar. Bununla belə, az da olsa filmlərə çəkiblər. O, 1943-cü ildə “Bir ailə” filmində Leyla, 1959-cu ildə “Onu bağışlamaq olarmı?” filmində Kəmalə, 1961-ci ildə “Həyat öyrədir”də həkim, 1963-cü ildə “Əmək və qızılgül”də Bikətu, 1967-ci ildə “İnsan məskən salır” filmində Şamama rollarında çıxış etmişdir.
   Dublyajın pioneri kimi H.Qurbanova 1937-ci ildə dublyaj olunmuş “Çapayev” bədii filmində Anka rolunu Azərbaycan dilində səsləndirmişdir.
   Sonrakı illərdə kinomuzda çalışan qadınların sayı xeyli çoxalmışdır. Haqqında ətraflı söhbət açdığımız qadın sənətkarlarımızın hər birinin kinoda gördüyü işlər isə bu gün də unudulmayıb. Çünki o dövrlərdə ekrana, səhnəyə çıxmaq heç də adi məsələ deyildi. Bu qadınlar milli kino sənətimizin ilk qaranquşları oldular.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar