Tariximizin şan və şərəf günü olan 20 Yanvardan illər ötdükcə bu günün anlamı xatirələrdə təzələnir, nəsillərdən nəsillərə keçir. Müstəqilliyimizin ilk qurbanlarının uyuduğu Şəhidlər xiyabanı millət və xalq olaraq and yerimizdir. Bu məkanı ilk dəfə ziyarət edən məsum körpələrin hələ bərkiməmiş yaddaşında da Şəhidlər xiyabanı belə qalacaq...
Bakıdakı “Kreativ Nəsil Tədris Mərkəzi”nin uşaqları, hər il olduğu kimi, bu il də 20 Yanvarın ildönümü ərəfəsində şəhərin bu uca məkanında əbədiyyətə qovuşmuş Vətən övladlarının xatirəsini yad ediblər. Uşaqlara tariximizin faciəli, eyni zamanda qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvarı haqqında məlumat verilib. Balacalar şəhidlərin qəbirləri üzərinə qərənfillər düzərək kövrək qəlblərində vətənpərvərlik duyğusunun ilk döyüntülərini hiss ediblər...
20 Yanvar şəhidlərinin xatirəsi tədris mərkəzində keçirilən tədbirdə bir daha yad edilib, uşaqların təqdim etdiyi kompozisiya hər kəsə hüzndən doğan qürur hissi yaşadıb.