Mədəniyyət Nazirləri Konfransında Avropada mədəni irs və şəhərsalma mədəniyyəti məsələləri nəzərdən keçirilib
   
   İsveçrənin məşhur dağ-kurort şəhəri Davos ənənəvi olaraq yanvarın üçüncü ongünlüyündə dünyanın gündəm mövzularının müzakirə olunduğu, dövlət və hökumət başçıları, nazirlər, böyük şirkət və beynəlxalq təşkilatların rəhbər və təmsilçilərinin bir araya gəldiyi məkana çevrilir. Bu il Davosda növbəti Dünya İqtisadi Forumu ərəfəsində daha bir mühüm tədbir gerçəkləşib.
   Yanvarın 21-22-də Davos şəhərində Mədəniyyət Nazirləri Konfransı keçirilib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda iştirak edib. Tədbir “Avropa üçün yüksək səviyyəli şəhərsalma mədəniyyətinə doğru” (“Towards a high-quality Baukultur for Europe”) devizi altında keçirilib. 
   Qeyd edək ki, 2018-ci il Avropada “Mədəni irs ili” elan edilib və bu kontekstdə inşaat və şəhərsalma mədəniyyətinə xüsusi yer ayrılır. Nazirlər konfransının mövzusu şəhərsalma mədəniyyətinə vahid və kompleks yanaşmanı əhatə edir. 
   Konfransda açılış nitqi ilə İsveçrə Konfederasiyasının Federal kansleri Alain Berset çıxış edib. 
   Sonra iştirakçı nazirlər yekunda qəbul olunacaq bəyannamənin mətni ilə bağlı fikir mübadiləsi aparıblar.
   Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək Azərbaycanda mədəniyyət və irs sahəsində həyata keçirilən islahatlar, habelə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və mədəniyyət sahəsində beynəlxalq layihələr barədə iştirakçılara məlumat verib.
   İclas çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra Avropa ölkələrinin nazirləri ilə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
   Konfransın sonunda Davos bəyannaməsi (Davos Declaration 2018) qəbul olunub.