İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə müzakirələr aparılıb 
   
   Mədəni əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalanacaq
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyada səfərdə olub, bir sıra görüşlər keçirib.
   Əbülfəs Qarayevin yanvarın 19-da Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendes ilə görüşündə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi üzrə iş aparılmasından söz açılıb. 
   Nazir bu il mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında, eləcə də Bakıda növbəti dəfə gerçəkləşəcək Beynəlxalq Humanitar Forum barədə məlumat verərək, portuqaliyalı həmkarını ölkəmizdə təşkil olunacaq tədbirlərə dəvət edib.
   Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni əlaqələrin inkişafına dair anlaşma memorandumunun hazırlanması və bu il ərzində imzalanması ilə bağlı razılığa gəlinib. Memorandum əsasında görüləcək tədbirlər üzrə fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlar aparılıb.
   Sonda Əbülfəs Qarayev Portuqaliyanın mədəniyyət nazirinə dəvətə görə təşəkkürünü bildirib və onunla Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görüşməkdən məmnun olacağını deyib.
   
   Muzeylərarası əməkdaşlıq imkanları müzakirə edilib
   
   Əbülfəs Qarayev səfər çərçivəsində Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.
   Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeylərdə eksponatların qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıb.
   Nazir ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə iki ölkə arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.
   Görüşdən sonra Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub və Azərbaycan muzeylərinin bu muzeylə əməkdaşlığının əhəmiyyətli ola biləcəyini bildirib. Sonda nazir muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb.
   
   Azərbaycanda keçirilən beynəlxalq tədbirlər multikulturalizm ənənələrinin təsdiqidir
   
   Mədəniyyət və turizm naziri Portuqaliyaya səfəri zamanı Avropa Şurasının Şimal-Cənub Təşkilatının rəhbəri Antonio Gamito ilə də görüşüb. Qeyd edək ki, adıçəkilən təşkilat ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır.
   Görüş zamanı Forumun əhəmiyyətindən bəhs olunub, 2018-ci ildə “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə edilib. 
   Eyni zamanda bu il keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışılıb, bu istiqamətdə yeni layihələrin işlənilməsi və bu kimi tədbirlərin Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlılığı barədə fikir mübadiləsi aparılıb.
   Nazir təşkilatın rəhbəri Antonio Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərə dəvət edib və gələcəkdə də mərkəzlə əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb.
   Antonio Gamito Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verdiyini bildirərək bu sahəyə böyük diqqət ayrıldığını qeyd edib. O, tədbirlərdə iştirak edən alimlərin, mütəxəssislərin də bu fikirdə olduğunu və həyata keçirilən bu layihələri yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.