Dövlət Proqramı əsasında yaradılmış sayt təqdim edilib
   
   AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatı keçirilib.
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, sayt Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müvafiq müddəaları əsasında Dilçilik İnstitutu tərəfindən yaradılıb.
   Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu saytın əhəmiyyəti haqda danışıb. O qeyd edib ki, elektron resursda Azərbaycan Xalq Cümhuriyyəti dövründə, müstəqillik illərində dövlət dili ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar yer alıb. Sayt daim yenilənəcək.
   Saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri var. Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları da saytda yer alıb.