Azərbaycan Turizm və Menecment Universitetində Bilik Fondunun təşkilatçılığı ilə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda dəyirmi masa keçirilib.
ATMU-nun rektoru İlham Mədətov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. Rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasında xidmətlərindən danışıb.
Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.
ATMU-nun prorektoru İranə Əliyeva, dosent Məhərrəm Zülfüqarlı çıxışlarında qeyd ediblər ki, Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra verilib.
Universitet tələbələri 28 il əvvəl azadlığa təşnə olan Azərbaycanda sovet imperiyasının törətdiyi qanlı faciəni xronoloji ardıcıllıqla diqqətə çatdırıblar.