Maqsud və Validə bir-birini sevirlər... Validə Maqsudu hərbi xidmətə yola salır. Gənc oğlanla qız dinmədən bir-birilərinə baxıb, sevgilərinə sədaqətli qalacaqlarına and içirlər... “Qızıl qaz” lirik-psixoloji filmi bu səhnə ilə başlayır. Bu uzun sürən səhnənin böyük mənası var. Təsadüfi deyil ki, kinokamera da öz qəhrəmanlarından könülsüz ayrılır. Kinokamera sanki tamaşaçıları baş verən hadisələrə diqqət yetirməyə və düşünməyə çağırır.
   
   Film haqqında bir qədər sonra. 1972-ci ildə çəkilmiş bu ekran əsərinin ssenari müəllifi o vaxtı gənc yazıçı və kinodramaturq olan Əli Qafarov, rejissoru Tofiq Tağızadə və operatoru Zaur Məhərrəmovdur. Bu yazıda dünyadan erkən getmiş Əli Qafarovun həyat və yaradıcılığından söhbət açmaq istəyirəm.
   İstedadlı yazıçısı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov 1935-ci il oktyabrın 16-da Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərində anadan olmuşdur. Qafarovlar ailəsi Lənkərana köçəndən sonra Əli şəhər orta məktəbini burada bitirmiş, 1954-cü ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. İkinci kursu bitirəndən sonra, yəni 1956-cı ildə Ə.Qafarov bir qrup tələbə ilə birlikdə Moskvaya - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində təhsil almağa göndərilir. Az müddətdən sonra Əli kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinin təşkilində ittiham olunaraq cəzalandırılır. 1956-cı ildən 1960-cı ilədək Əli Sibir düşərgələrində cəzasını çəkməli oldu. Cəzasını çəkəndən sonra, 1960-cı ildən 1962-ci ilədək Ümumittifaq “Hidroenerjilayihə” İnstitutunda, Anqarsk geoloji ekspedisiyasında, SSRİ Elektrik Stansiyaları Tikintisi Nazirliyinin topoqrafik və qazıma dəstələrində fəhlə işləmişdir.
   Bu illər gənc üçün sərt həyat məktəbi olmuş, təəssüratlarını zənginləşdirmişdir. Sonralar respublika və ümumittifaq dövri nəşrlərində Əli Qafarovun “Sibir” hekayələri işıq üzü görmüşdür. Beləliklə də, o, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir.
   Vətənə qayıtdıqdan sonra Ə.Qafarov öz gücünü jurnalistikada sınayır. 1962-ci ildə «Bakinskiy raboçiy» qəzetinə ədəbi işçi vəzifəsinə qəbul edilir. Burada 1967-ci ilə kimi işləyir. Bununla belə yazıçı, kinodramaturq olmaq arzusu onu rahat buraxmır. 60-cı illərin sonunda Əli Qafarov Moskvada ali rejissorluq və ssenaristlər kurslarına daxil olur, məşhur kinodramaturq Aleksey Kaplerin emalatxanasında təhsil alır.
   70-ci illər Əli Qafarovun istedadının çiçəkləndiyi dövr idi. O, “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Milli müdafiə arxasında”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Fəhlə Gülbala”, “Odla təmasda”, “Neft Akademiyası”, “Xəzər Atlantidası”, “Mayılovlar ailəsi”) film üçün ssenarilər yazır.
   Qayıdaq “Qızıl qaz” filminə. Filmin əvvəlində Azərbaycanın əsrarəngiz təbiəti - Lənkəranda, Xəzər dənizinin sahilində yerləşən Sarı adasının, balıqçılıq qəsəbəsinin mənzərəsi göz oxşayır.
   Burada həyat öz axarı ilə gedir. Böyük şəhərdə olduğu kimi bu kiçik qəsəbədə də həyat mürəkkəbdir, dramatikdir. Müəlliflər bu həyatı təsvir etmək üçün melodram janrından istifadə ediblər.
   Fərman cavan oğlandır. O, bir vaxtlar sevgilisinə xəyanət etmiş və pul qazanmaq məqsədilə şəhərə getmişdir. Yelbeyinliyinə görə möhkəm cəzalandırılmışdır: onun sevgilisi Şəfiqəni başqasına ərə vermişlər. Təhqir olunmuş Fərman tədricən tamahkar adama çevrilir, balıq nəzarəti inspektoru Fazilovla birgə qoruqda brakonyerlik edir. Azğınlaşmış Fərmanın fikrincə, hər şeyi pulla əldə etmək olar, hətta başqasının sevgilisini də. Niyə görə də yox. Əgər onun sevgilisi başqasına qismət olubsa, o da özgənin gəlininə sahib çıxa bilər.
   Fərmanın var-dövlətinə uyan Validənin atası qızının göz yaşlarına baxmayaraq, toya razılıq verir. Əgər insanda vicdan kimi mənəvi qüvvə olmasaydı, bəlkə də hər şey Fərmanın planı üzrə həyata keçə bilərdi. Bəlkə filmin başlığına çıxarılmış qızıl qaz bunu simvollaşdırır. Bu insani vicdan filmin qəhrəmanına çevrilərək gözə görünmədən onların hakimi olur.
   Ərinin ölümündən bir neçə gün sonra Şəfiqə Fərmanın atasının yanına gəlir. Bu da vicdanın səsidir. Bu səs Şəfiqədən bir şey istəyir: Fərmanı onun özündən, cəsarətsizlikdən və əbədi biabırçılıqdan qorumalı! Şəfiqənin tələbi ilə Fərman cinayətlərini boynuna alır, həyata yenidən başlamağa qərar verir.
   Melodramın dəmir qanunlarına bütünlüklə əməl olunmuşdur: məhəbbət qəbirə qədər, tamah mübtəla olana qədər, düzlük fədakarlığa qədər davam etməlidir. Filmdə bütün bunlar haqqında yavaşca yox, gur səslə danışılır. Bununla da müəlliflər tamaşaçını ekranda baş verən hadisələrin iştirakçısına çevirir.
   Kinodramaturq Əli Qafarovun ssenarisini yazdığı ikinci ekran əsəri “Çarvadarların izi ilə”(1974) adlanır. Bu bədii televiziya filmi görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Körpüsalanlar” povestinin motivləri əsasında lentə alınmışdır. Filmin rejissoru Tofiq İsmayılov, operatoru Valeri Kərimovdur.
   Çarvadarlar qədimdə keçilməz və təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur, güclü və igid oğullara deyirdilər. Filmin adı da buradan götürülmüşdür.
   Kino əsərinin qəhrəmanı Adil inşaatçı mühəndisdir. O, qoynunda boy atıb böyüdüyü kəndə yol çəkmək istəyir. Artıq layihə hazırdır. Yolun tikintisi haqqında təklif nəinki kənddə, eləcə də rayonda və mərkəzdə də bəyənilir. Lakin mühəndis bu işdə mühüm bir məsələni unudur. Adil vəzifəsindən istifadə edərək yolu tez təhvil vermək və planı yerinə yetirmək naminə qarşıya çıxan bütün qədim abidələri, insanların müqəddəs hissləri ilə bağlı olan tikililəri partladıb yer üzündən silməyə hazırdır. Adilin bu hərəkəti əhalinin narazılığına səbəb olur. Axı xalq yaratdığını yaşatmağı bacarır. Buna görə də yol çəkənlərlə camaat arasında ciddi münaqişə baş verir...
   Filmin rejissoru T.İsmayılovun dediklərindən: “Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin misilsiz yadigarı olan, uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaqdır. Çünki keçmişdən yadigar qalan hər daşa, göz oxşayan hər bir gözəlliyə ehtiram, qayğı, hörmət bizim vətəndaşlıq borcumuzdur”.
   Filmdə kolxoz sədri Həsən rolunu canlandıran Muxtar Maniyevin söylədikləri də maraq doğurur: “Həsən hamının sevinc və kədərinə şərik olan səmimi bir insandır. O, kəndə yol çəkilməsinin, abadlıq işlərinin tərəfdarıdır. Lakin bir şərtlə ki, bu yenilik keçmişin gözəl nişanələrinə ziyan toxundurmasın. Onların məhvinə yol verməsin. Elə buna görə də mənim qəhrəmanım Adillə münaqişəyə girir”.
   Kinodramaturq Ə.Qafarovun sənədli filmlərinin mövzuları da maraqlıdır. 1969-cu ildə rejissor S.Bədəlovun çəkdiyi “Mahnıya həsr olunmuş həyat” filmi Azərbaycanın ilk xanım opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovaya həsr olunmuşdur.
   Filmdə diktor mətni yoxdur. Çətin də olsa, filmi müğənninin özü şərh edir. Bu üsul uğurla nəticələnmişdir. Biz filmə baxdıqca görkəmli müğənninin həyat və yaradıcılığı ilə tanış oluruq.
   Ə.Qafarov və Ə.Muğanlının ssenariləri əsasında rejissor Y.Əfəndiyevin lentə aldığı “Odla təmasda” filmi (1972) Azərbaycan xalqının digər xalqlarla dostluq və əməkdaşlığına həsr olunmuşdur.
   İlk kadrlarda respublikamızın paytaxtı, Sovet İttifaqının əhalisinin sayına görə beşinci şəhəri olan Bakı haqqında danışılır. Onun min ildən də artıq yaşı var. Diktor xəbər verir: “Sumqayıtda hazırlanan borulardan Bakı neftçiləri Hindistan torpağında qazdıqları quyularda istifadə etmişlər. Sonrakı kadrlarda Bağdadda ilk milli balet məktəbi ilə tanış oluruq. Həmin məktəbə SSRİ Xalq artisti Qəmər Almaszadə rəhbərlik edir.
   Azərbaycan tez-tez əziz qonaqları qarşılayır. Diktor deyir: “Bu görüşlər bir-birimizi daha yaxşı tanımağa və başa düşməyə kömək edir. Bunlar maariflənmə və təhsil, tibbi xidmət, şəhər tikintisi, ətraf mühitin mühafizəsi kimi məsələlərin həllində konkret praktik nəticələr vermişdir”.
   Film bu sözlərlə başa çatır: “Hər bir insan həyatı, əgər o, düzgün həyat sürübsə, hər bir insan əməli, əgər o, insanlara xidmət edirsə, hər bir ölkə, əgər o, sülh və dostluğa can atırsa - bu həmin oddur ki, biz onu hər bir kəslə bölüşə bilərik və onu dostların əlindən qəbul edə bilərik”.
   Müəlliflər digər filmlərin çoxlu materiallarından istifadə etmişlər. Bu planlar filmin ümumi kompozisiyasına ustalıqla daxil edilmişdir.
   ...1886-cı ildə kasıb bir kəndli ailəsində oğlan uşağı dünyaya gəldi. Uşağın adını Cənnət qoydular. Onun 14 yaşı tamam olanda Nobelin neft quyularında çalışmağa gəldi. Mayılovlar sülaləsinin nəsil şəcərəsi belə başladı.
   Rejissor N.İsrafiloğlunun yaratdığı “Mayılovlar ailəsi” filmi (1977) Balaxanıda yaşayan bir neftçi sülaləsi haqqında hekayətdir. Filmdə biz sülalənin başçısı Cənnət, onun oğlu Rzaddin, nəvələri ilə tanış oluruq. Filmdə bir sülalənin timsalında həyat öz təbii axarı ilə göstərilir. Kinokamera bu böyük fəhlə sülaləsinin nümayəndələrini tələsmədən, xarakterik cizgilərini tutmaqla ekranda canlandırır. Bu, həyatın özüdür. Bütün problemləri, rəngarəng çalarları, çətinlikləri, sevincli günləri ilə birgə.
   Film ümumittifaq televiziya ekranında nümayiş etdirildikdən sonra Azərbaycan dilinə dublyaj olunaraq yerli televiziya ilə də göstərildi. Çox keçmədən Bakının Bakıxanov qəsəbəsində yeni bir küçə meydana gəldi: “Mayılovlar sülaləsi” küçəsi.
   Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, bu sevgini hekayə və ssenarilərində əks etdirən yazıçı Əli Qafarovun həyatı, təəssüflər olsun ki, çox erkən qırıldı. O, 1979-cu ildə, 44 yaşında faciəli surətdə həlak oldu. Onun yaradıcılıq planlarının əksəriyyəti reallaşmadı. Haqqında danışdığımız filmlər isə bu istedadlı və gözəl insandan yadigar qaldı.
   Yazıçının ölümündən sonra Moskvada onun hekayə və povestlərindən ibarət “Qızıl qaz” adlı kitabı (1984) çapdan çıxmışdır.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi