Milli Arxiv İdarəsində 380 saxlama vahidi üzrə 9 min 231 vərəq arxiv sənədi Elektron Arxiv Sistemi (EAS) üzrə elektron daşıyıcılara köçürülüb. 
   İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminovun bildirdiyinə görə, ümumilikdə 54 mindən artıq işin qutulaşdırılaraq etibarlı saxlanması təmin edilib. Eyni zamanda sənədlərin bərpası və cildlənməsi işləri davam etdirilərək 50 minə yaxın vərəq bərpa olunub, 55 mindən artıq iş cildlənib, 7 minə yaxın foto və fonosənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənilib.
   İdarə rəsmisi bildirib ki, ötən il tanınmış şəxslərin 12 min 680 şəxsi mənşəli sənədinin dövlət mühafizəsinə qəbulu təmin edilib.
   2017-ci ildə 37 min kağız əsaslı iş, 1500 elmi-texniki sənəd, 2900 kino və fotosənəd, 130 fonovideo sənəd, cəmi 41 min 530 saxlama vahidinin qəbulu hesabına Milli Arxiv Fondu daha da zənginləşib.