Ən gənc rektor, sədr, direktor, baş redaktor (üç qəzetdə), ən kəsərli publisist, filosofanə ədəbiyyatşünas və... “xalq düşməni”...
Bunların hamısı cəmi-cümlətanı 33 yaşda yaşanıb!
Yazısına pozu, kəsdiyinə sorğu-sual olmayan repressiya kampaniyası ərəfəsində ekranlara çıxan bir film - sonralar milyonlarla şagird və tələbənin “Azərbaycan sovet ədəbiyyatı” dərsliyindən tanış olub sevəcəyi məşhur imzalar içərisində ən çox bu qeyri-məşhur isimi narahat edir və o, “Ədəbiyyat qəzeti”nin 1 iyun 1936-cı il sayında, adını növbəti ilin qara siyahısına salası bir məqalə yazır: “Pis ssenaristin oy alıb gəldiyi yerdə”...
O, həmin məqalədə milli namus-vicdan gözü ilə də baxdığı bu filmin (“Mavi dənizin sahilində”) ilk epizodunu belə məzmunlaşdırır: “Qara çadralı bir türk qadın, özündən başqa heç kəsin olmadığı bir yerdə çadrasına bərk-bərk bürünüb oturmuş, ağzında uzun tənbəki çubuğu tüstüləyir, ruzigar qadının yamaqlı tumanını oynadır və onun cılız baldırları görünür...”
Daha sonra, siyasi diktəyə tabe müəlliflərin bütövlükdə Azərbaycan məmləkəti obrazını məsxərəyə qoymasından bəhs edən bu ədəbiyyatşünas-filosof onları “...artıq muzey eksponatına çevrilmiş başmaq geyindirmək, başlarına özlərini lotu-bambılıya bənzədən papaq qoydurmaq, öz dillərini gülünc şəklə salıb, sarsaq türk obrazı yaratmaqla nə demək istəyirsiniz” kimi ictimai sorğu-qınaq ayağına çəkir.
Azlıqda qalan xalqları mədəniyyətsiz, cahil görməyə və göstərməyə çalışan bolşevizm ideologiyasına bu tutarlı cavab, tezliklə millətin qaymağını üzləyəsi repressiya sunamisinə qədərki dövrdə bu xalqın əsl ziyalılardan xali olmadığını da isbatlamırmı?
Və maraqlıdır ki, məhz bu məqalədən sonra həmin epizod filmdən çıxarılır...
1936-cı ildə “Çapayev” filminin Azərbaycan dilinə dublyajında da xüsusi əməyi olmuş, çox qısa bir ömürdə çox belə vəfalı vətəndaş, milli ziyalılıq görəvləri görmüş -
Bu soydaşımız -
1905-ci il yanvarın 24-də Dərbənddə anadan olub. Uşaqkən məhəllədə “od-alov”, orta məktəbdə “ən sütül professor” adları qazanıb. Yeniyetməliyində ailə-ətrafından eşitdiyi, ilk gənclik çağındasa fərqinə vardığı “balıq dəryada böyüyər” məsəlinə binaən, çoxdanlardan eşidib-eşqinə düşdüyü Bakıya üz tutur. On yeddi yaşında qəbul olunub iyirmi ikisində bitirdiyi Azərbaycan Pedaqoji İnstitutundan (Dil-ədəbiyyat fakültəsi) sonra təhsilini Moskvada davam etdirib.
1934-cü ildə Bakıya dönən bu gənc fenomen tarixin qarşıdakı dörd (taleyinsə iki cüt nakam) ilində, müasirlərindən birinin təbirilə desək, “ərzin işləri”ni görüb. Gəncə Vilayət Xalq Maarif Şöbəsinin müdiri işləyən Məmmədkazım Ələkbərli pedaqoji işlə bərabər, bədii yaradıcılığa, ümumən mətbu sahəyə çox meyilli olub. Gəncədə yaşayarkən “Qızıl Gəncə” jurnalının baş redaktoru kimi də fəaliyyət göstərmiş bu qaynar gəncin bu sahədəki qabiliyyət və istedadını görən respublika rəhbərliyi onu Mahaçqalada “Dağıstan füqərası” qəzetinin redaksiyasını yaratmağa göndərib. Bu işi çox uğurla təşkil edən Məmmədkazım həm də orada iki il “Maarif yolu” jurnalına məsul redaktorluq edib.
22 yaşında “İdealizm və materializm və yaxud yeni fəlsəfə”, 24 və 30 yaşlarında “Yeni əlifba və orfoqrafiya”, “Azərbaycan ədəbiyyatı” kimi sanballı kitablar yazmış bu ədəbiyyatşünas-alimin səs-sədası bütün ölkəni bürüyüb. Hələ 30 yaşı tamam olmamış Azərbaycan Dövlət Universitetinin (BDU) ikinci azərbaycanlı (birinci T.Ş.Simurğ) rektoru, 1934-cü ildə təsis edilən Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin sədri seçilib. Azərbaycan KP MK yanında “Kommunist” nəşriyyatının direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboçi”, “Vışka” qəzetlərinin, “Zərbəçi”, “Sürət”, “İnqilab və mədəniyyət”, “Firqə işçisi” jurnallarının baş redaktoru işləyib.
Müasirlərindən bəziləri “M.Ələkbərli müasiri olduğu şair və yazıçılar, tənqidçilər, eləcə də klassik ədəbiyyatımız haqqında söz deyərkən müəyyən mənada ehtiyatlı olmağa çalışırmış”, “Bu görkəmli ədəbiyyatşünas-alim xeyli milli çabaları ilə bahəm, bəzən, zəmanə ilə addımbaadım ayaqlaşırdı da” kimi fikirlər işlətsələr də, öz kristal dönməzliklərinin güdazına getmiş Mikayıl Rəfili, Əhməd Cavad, Almas İldırım və başqalarının onun haqqında yazdıqları rəğbət hissilə dolu məqalələr şəhadət verir ki, bu adam dövrün “mübahisəli”lərindən çox, mübarizlərindən olub. Elə onun 1938-ci ilin məlum “cəza təqdirləri”ndə güllələnməsi də bunu təsdiq edir və sonda bu qənaətə işləyən xatirələrdən -
Fraqmentlər
“Mənim... üzdə “qırmızı”, içdə qızıl professor dayım”...
Xeyli yığcamlaşdırmağa çalışdığım bu hekayət, Mircəfər Bağırovun eynəyini sındıran bir qızın - həyatın saysız-hesabsız keşməkeşlərini yaşaya-yaşaya 90 ili geridə qoymuş Asya xanımın dilindəndir.
“Biz əslən dərbəndliyik. Ana tərəfim Fətəli xan nəslindəndir. Ovaxtlar vəziyyət çox ağır idi; adambaşına üç yüz qıram çörək verirdilər, onu da ki, çox zaman yavan yeyirdik.
Xatirələrim içərisində ən acı və ən şirini Məşədi Məmmədkazım dayımla bağlı olanlardır. Çox savadlı, ziyalı adamlardan idi mənim o bəxt-talesiz dayım. Bizim Pedaqoji İnstitutdan sonra təhsilini Moskvada davam etdirib. Xüsusi istedadı və bacarığına görə, bir kərə Stalin ona “Krasnı professor” deyib və onu Azərbaycan KP Mərkəzi Komitəsinə birinci katib təyin etmək istəyirmiş. Bu məqsədlə dayımı Moskvadan Azərbaycana göndəriblər. Gələndə nə anasına, nə də xətrini hamıdan çox istəyən mənciyəzə heç nə demədi. Elə hey susurdu. Sən demə, ürəyində bu baş vəzifəyə layiq bildiyi Mircəfərin adını Moskvada necə dilə gətirmək haqda düşünürmüş.
Mircəfər bizə hər gələndə məni qucağına alırdı. Qəribə kişi idi. Heç gülər üzü olmazdı. Bir dəfə də məni qucağına alanda eynəyini gözündən alıb oynadarkən əlimdən düşüb sındı. Dayımın mənə çox sərtliklə təpinməsi heç vecimə olmadı, amma qucağında oturduğum kişi ona “işin yoxdur, lap əcəb elədi!” deyəndə yaman qorxdum...”
Mircəfər dayımın yaxın dostlarından idi. İstəyirdi onu qabağa çəksin. Nəhayət, bir kərə cəsarətə gələrək, Bağırovun təqdimatını eləyib Stalinə. Özününsə elmi araşdırmalarla məşğul olmaq istədiyini bildirib.
Bağırov Mərkəzi Komitəyə rəhbər təyin olunandan sonra da bizə tez-tez gələrdi. Onda artıq Məmmədkazım dayım bizi də Dərbənddən Bakıya gətirmişdi.
Dayım həbs olunanadək bizə iki adam daha çox gəlib-gedirdi: Səməd Vurğun və Mircəfər Bağırov. Amma dayımı (bizə məlum olmayan səbəblərdən) bu ən yaxın dostunun əliylə yox etdirdi Stalin!”
Bu çox gənc ağsaqqalı xarakterizə edən digər fakt və xatirələr də az deyil. Məsələn, bu canlı mütəhərrik-mühərrik insan nakam şairimiz M.Müşfiqin güllələnməsinə “üç səbəb”dən birinin “baiskarı” da olub. Dövrün “tamamilə məxfi” qrif-serialının “doklad”lamasına görə, 1930-cu ildə qanunsuz “Müsavat” gənclər təşkilatına cəlb edilən Mikayıl İsmayılzadə Ə.Cavad, H.Cavid və başqa millətçilər tərəfindən dəstəklənib, “1935-ci ildə Məmmədkazım Ələkbərli tərəfindən təşkilata üzv edilib”...
O dövrün (əslində, bütün zamanların) ən dramatik dramaturqu Cəfər Cabbarlı ilə ilgili epizodu da çox təsirli...
Belə ki, 1934-cü il, 31 dekabr, səhər saat 10-da onunla birlikdə (Yazıçılar İttifaqının sədri olaraq) M.Bağırovun qəbulunda olub, elə bu rəhbərin öz tapşırığıyla “Pravda” qəzeti üçün yazdığı (sonralar “Firuzə” adıyla məşhurlaşası) “Bakı” novellasını oxuyası böyük sənət-səhnə sənətkarının ömür pərdəsi, həmin görüşdən 6 saat əvvəl (gecə saat 4-də), bütün Azərbaycan tamaşaçısı və ailə üzvlərinin xəbəri olmadan enir; həyat yoldaşı Sona xanım qəflətən yuxudan ayılıb işığı yandırır və onun çöhrəsində müəmmalı bir təbəssüm, yanaqlarında iki damla göz yaşı görür...
Və... ötən əsrin 70-lərində həmin hadisənin davamı qismində eşitdiyim bir xatirə: “Cəfərin dəfnində, mərasimin təşkilatçısı Məmmədkazım Ələkbərli heç özünə gələ bilmirdi, həddən ziyadə pəjmürdə idi, capcavan alnının düyün-qırışlarına çırtma vursaydın, qan sızardı...”
Tahir Abbaslı