Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniyanı isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke təmsil edib.
A.Peşke iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin, Ticarət və İnvestisiya Qrupunun səfərinin, eləcə də Göthe Mərkəzinin Bakıda nümayəndəliyinin açılmasının əməkdaşlığın müxtəlif səviyyələrdə inkişafının müsbət göstəricisi olduğunu vurğulayıb.
X.Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycanın Almaniyanın regionları ilə əlaqələrə də böyük önəm verdiyini bildirib.
Görüşdə qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika sahələrində birgə investisiya layihələrinin reallaşdırılması, habelə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
A.Peşke 2018-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.