Sumqayıt şəhər Bülbül adına Uşaq incəsənət məktəbinin kollektivi fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin əməkdaşları “Zəlzələ zamanı necə davranmalı”, “Odsöndürən balonlardan istifadə”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və s. barədə məlumat veriblər.
Daha sonra mövzularla əlaqədar videoçarx nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.
Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Lətafət Müfidzadə təhsil ocaqlarında maarifləndirmə məqsədilə mütəmadi olaraq keçirilən tədbirləri yüksək qiymətləndirib, nazirliyin əməkdaşlarına təşəkkür edib.