Mütəxəssislər yaxşı ssenari və peşəkar kadr çatışmazlığından gileylənirlər
   
   Animasiya filmlərinin uşaqların dünyagörüşünün, ilkin incəsənət zövqlərinin formalaşmasında rolu danılmazdır. Eyni zamanda o da faktdır ki, son vaxtlar telekanallarda nümayiş olunan çoxsaylı animasiya filmlərinin istər mövzusu, süjeti, istərsə də vizual effektlərinin uşaqlar üçün nə qədər xeyirli, nə qədər ziyanlı olması barədə çox düşünməli oluruq.
   
   Sovet dövrünün məşhur cizgi filmi serialı olan “Nu poqodi” (“Bir dayan”), eləcə də əksəriyyətimizin müstəqillik dövründə tanış olduğumuz “Tom və Cerri” cizgi filmlərini yada salaq. Bu filmləri nəinki uşaqlar, böyüklər də maraqla izləyirlər. Süjet xəttinin sadəliyi ilə seçilən, azyaşlıların psixologiyasını nəzərə alan belə ekran əsərləri, təəssüf ki, indi elə də çox deyil. İndi dünya kinosunda animasiya filmlərinin istehsalı da əsasən kommersiya maraqları üzərində qurulub.
   Son dövrün ən çox seyr edilən cizgi filmlərindən olan “Şrek” (2001-ci ildə ekranlara çıxıb) öz yaradıcılarına 916 milyon, «Şrek-2» (2004) isə 500 milyon dollar gəlir gətirib. Fransız və alman nağılları əsasında çəkilən, bataqlıqda yaşayan yaşıl div - Şrek, onun sevgilisi Fiona, sadiq dostları pişik və uzunqulaqdan bəhs edən bu filmdə personajları Kameran Dias, Antonio Banderas, Castin Timberleyk kimi məşhurlar səsləndirir.
   Azərbaycanda ilk animasiya filmlərinin yaranması ötən əsrin 30-cu illərinə təsadüf etsə də, respublikamızda kinonun bu növünün inkişafı 60-cı illərdə təşəkkül tapıb.
   Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyasında cizgi filmlərinin çəkilişi üçün 20 nəfərdən ibarət rəssam qrupu da yaradılmışdı. Animasiya filmlərinin sirlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdı. 1969-cu ildə «Cırtdan» xalq nağılının motivləri əsasında eyniadlı cizgi filmi istehsal olunur. 70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdu. Sonralar çəkilən «Pıspısa xanım və Siçan bəy», «Cücələrim», «Tülkü həccə gedir» cizgi filmləri daha çox tamaşaçı marağına səbəb olur və sevilir. 1990-cı ildə kinostudiyanın multiplikasiya sexi “Azanfilm” yaradıcılıq-istehsalat birliyinə çevrildi. 90-cı illərdə “Azanfilm”də 19 cizgi filmi çəkilib.
   Son bir neçə ildə isə Azərbaycanda animasiya filmlərinin çəkilişi zəifləyib. Elə buna görə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cizgi filmləri ilə bağlı layihələr, müsabiqələr həyata keçirilir. Bu yaxınlarda yekunlaşan 1 dəqiqəlik cizgi filmləri müsabiqəsi də bu istiqamətdə atılan addımlardandır. Düzdür, müsabiqənin münsiflər heyəti təqdim olunan işlərin o qədər də qaneedici olmadığını bildirdi və bu səbəbdən də nəzərdə tutulmuş mükafatlar verilmədi. Eyni zamanda müəyyən maraq doğuran bir neçə filmin müəlliflərini qeyd etmək məqsədilə onlar müsabiqənin reqlamentinə cavab verən və daha çox bal toplamış üç işin müəllifinə həvəsləndirici mükafatlar veriblər. Həvəsləndirici mükafatlara «13» (müəllif İlkin Yusif), «Dərədə əhvalat» (müəllif Emil Məlikov), «İt fəlsəfəsi» (müəllif Kəbirə Həşımova) layiq görüldülər.
   Müsabiqədən gözlənilən nəticə əldə olunmasa da, Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov ümumilikdə nəticələrlə bağlı nikbin fikirdədir. Onun sözlərinə görə, bir dəqiqəlik film çəkməyin özü də bir ustalıqdır: “Bir dəqiqəlik film çəkmək bəlkə də adi film çəkməkdən çətindir. Çünki bir dəqiqəyə hər şey daxil olmalıdır: süjet, kulminasiya və s. Müsabiqənin şərtlərinə tam cavab verən işlər omasa da, həvəsləndirici mükafatı alanları animasiya filmlərinin çəkilişinə cəlb etmək olar. Müsabiqədə Şəkidən, Gəncədən iştirak edənlər də var idi. Bunu da maraqlı fakt kimi qeyd etmək olar”.   

   Animasiyada əsas məsələ obrazı canlandırmaqdır
   
   «Azanfilm» animasiya studiyasının direktoru Elçin Hami Axundov isə bir peşəkar olaraq Azərbaycanda bu sahənin vəziyyətindən narahatdır. Cizgi filmləri rejissoru hesab edir ki, belə getsə, bu sahədə boşluq yaranacaq: “Problem ondadır ki, bir çoxları animasiya proqramları bilsələr də, animasiyadan xəbərsizdilər. Animasiyanın qanunları var. Onlar gərək bir az animasiyada işləsinlər və yaxından prosesləri görsünlər. Xüsusi kurslar keçməlidirlər. Hərəkətin mexanikasını, biomexanikasını öyrənməlidirlər. Bunlarla yanaşı, aktyor dərsləri də keçməlidirlər. “Animasiya” sözünün məğzi nəyi isə canlandırmaqdır. Amma indiki işlərdə, sadəcə, hərəkət var, canlılıq yoxdur. Nə rejissura, nə canlandırma var. Əsas problem budur. Animasiya kursları olmalıdır. Vaxtilə belə kurslar olub. İndi belə kurslar yaranarsa, həvəskarları cəlb edərik ki, animasiya təhsili alsınlar. Bu kursları keçməmiş animasiya canlandırmaq qeyri-mümkündür. «Disney»in filmlərində adi bir fincan elə ustalıqla canlandırılır ki, sən onun sürətinə, obrazına inanırsan. Əsl canlandırma budur. Əgər studiyada yaxşı animator yoxdursa, orda 100 rejissor olsun, animasiya çəkmək mümkün deyil».
   Lakin problemlərə baxmayaraq, son dövrlərdə animasiya sahəsində irəliləyişlər də var: «Bir neçə il əvvələ nəzər salsaq deyə bilərik ki, keyfiyyət baxımından xeyli qabaqdayıq. Hazırda əsas problemimiz ssenari ilə bağlıdır. Çünki yaxşı ssenari yoxdur. Qeyd etdiyim kimi, animasiya kurslarını keçən, bu işi bilənlər azdır. 1988-ci ildə açdığım animasiya kursuna 86 nəfər adam yazılmışdı. Aralarında memar, həkim, hüquqşünas da var idi. Onlar bu işə çox həvəs göstərirdilər. Aralarından 30 nəfəri seçdik və onlarla işlədik. 90-cı illərdə, ümumilikdə kinoda olduğu kimi, bu sahədə də işlər dayandı. Həmin şəxslərin bir qismi də Avropaya, Amerikaya getdilər. Özlərinə yaxşı iş tapdılar, çox mötəbər yerlərdə çalışırlar. Onlardan yalnız Aleksandra Şirinova indiyədək bizimlə qalır. Bir də İntiqam Musayev var. Lakin o, başqa işdə işləyir. Gördüyünüz kimi, kadr problemimiz var”.
   Rejissor onu da bildirdi ki, hazırda «Azanfilm»də cəmi üç animator çalışır -Aleksandra Şirinova, Firəngiz Quliyeva, Rauf Dadaşov. Gənclər də bu işə cəlb olunublar və onlar müasir proqramlarda işləyirlər: «Müasir proqramlarda işləmək üçün yaxşı kompyuter və yaxşı kadr lazımdır. Proqramların lisenziyasını almalıyıq. Bir filmi xaricdə satışa çıxarsaq, yaxud kinofestivala aparsaq, orda həmin proqramların nümayəndələri gəlib filmi hansı proqramda çəkdiyimizi soruşurlar. Soruşacaqlar ki, sizin lisenziyanız var? Yoxdursa, cərimə edirlər. Bu səbəbdən lisenziya almalıyıq. Bu məsələnin həllini tezləşdirməliyik».
   
   Yeni animasiya filmləri ekrana çıxacaq
   
   Həmsöhbətimiz bildirdi ki, bu ilin sonu, ya da gələn ilin əvvəllərində animasiya kursları açılacaq. Burada qrim, ikinci rejissor, assistent dərsləri də keçiləcək: “Bundan sonra isə artıq efirə çıxmaq mümkün olacaq. Telekanallar tammetrajlı və ya silsilə film istəyirlər. «Tırtılın arzusu» və «İlbizin evi» adlı filmlər çəkirik. 7-8 seriya çəkiləndən sonra bu animasiya filmləri ekranlara çıxacaq”.
   Uzun illər bu sahədə çalışmış Aleksandra Şirinova ilə də söhbətləşdik. 1988-ci ildə animasiya kurslarını bitirmiş ən yaxşı animatorlardan olan A.Şirinova da kadr çatışmazlığından gileyləndi: “Bu üzdən filmlərin təhvili gecikir. Filmlər 3D animasiya janrında çəkilməlidir. Lakin bunun üçün də kadrlar lazımdır. Hazırda çəkdiyimiz «Kiçik ev» 3D janrındadır. Daha dəqiq desək, yarısı şəkillər, yarısı da 3D olacaq. İşçilərimiz çox olsaydı, bəlkə biz daha çox film çəkərdik. Amma indi ildə bir film çəkə bilirik. Bunu da çox böyük çətinliklə ərsəyə gətiririk. Artıq biz də yaşa doluruq. Yeni nəsil yetişməli və bu sahəyə gəlməlidir. Bu sahəyə meyil edənlərin və animasiyanı dərindən öyrənmək istəyənlərin çox olmasını arzu edirəm”.
   
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar