Türkiyəli tanınmış aktyor, rejissor Volkan Severcan Musiqili Teatrın qonağı olub.
Qonağın teatrın direktor müavini Hüseyn Hüseynovla görüşündə iki qardaş ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H.Hüseynov qonağı teatrın binası ilə tanış edərək sənət ocağının tarixi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə burada aparılan təmir işlərindən sonra ən müasir dünya standartlarına uyğun şəraitin yaradılması barədə ətraflı məlumat verib.
Azərbaycan tamaşaçılarının “Çocuklar duymasın”, ”Çiçek taksi”, “Hababam sınıfı askerde” və digər Türkiyə seriallarından tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. O, təəssüratlarını dilə gətirib: “Əslində, məndə bu teatrı ziyarət etmək istəyini həmkarım Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlar ilə müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir”.