Bəhreynin Muharraq şəhərində keçirilən mərasimdə ölkəmiz də təmsil olunub
Yanvarın 28-də Bəhreyn Krallığının Muharraq şəhərinin Ərəb dünyası üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının baş katibi, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib. Bəhreyn Kralının himayəsi ilə keçirilən tədbirdə ölkənin Turizm və Əntiq Əşyalar İdarəsinin rəhbəri xanım Mai bint Mohammad əl-Xəlifə, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri və İslam İnkişaf Bankının prezidenti Əhməd Mohammed Əli əl-Madani çıxış ediblər. Çıxışlarda İslam mədəniyyətinin inkişafında Muharraq şəhərinin rolu, şəhərin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasının əhəmiyyətindən bəhs edilib.
Tədbir zamanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xanım Mai bint Mohammad əl-Xəlifəyə Azərbaycan tərəfinin təbriklərini çatdırıb. Daha sonra tədbir mədəni proqramla davam edib.
Bəhreyn Körfəz regionunun ən kiçik ölkəsidir. Eyniadlı arxipelaqda yerləşən ada-dövlətin ərazisi 776 kvadrat kilometr, əhalisi təxminən 1,3 milyon nəfərdir ki, onun da yarıya qədərini müxtəlif ölkələrdən gəlmiş işçi mühacirlər təşkil edir. Muharraq krallığın paytaxt Manamadan sonra ikinci böyük şəhəridir.
Xatırladaq ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edilib və bununla əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.