“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Gürcüstan-Azərbaycan ictimai-mədəni, elmi əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərlərinə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev çıxış edərək iki ölkənin ədəbi, mədəni və dostluq münasibətlərindən danışıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirli bildirib ki, Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməsi sevindiricidir.
Hüquq elmləri doktoru, “Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının müəllifi nəşrin gürcü dilinə tərcüməsinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşıb. Dünya, o cümlədən gürcülər bu modeli öyrənməkdədir.