Sənət dostlarının xatirələri
   
  
 Fikrət Əhədovla Kinematoqrafiya İnstitutunda tanış olmuşdum. Fikrət güclü rəngkar idi. Onun ən başlıca xüsusiyyəti xeyirxahlıq idi. Olduqca mülayim xasiyyətli, alicənab, güclü və etibarlı dost idi. Dünyada Fikrət kimi gözəl insanlar o qədər də çox deyil.
   
Roza Zema,
   rəssam, animasiya kinorejissoru (Moskva)
   
   * * *
   Təəssüf ki, institutda oxuyarkən mən Fikrətlə, demək olar ki, ünsiyyətdə olmamışam. Fikrət həmişə nəzərə çarpmamağa çalışırdı. Hər halda mənə belə gəlir. Onun qədd-qaməti, cəlbedici siması onsuz da hamının gözünə çarpırdı. Fikrətin təvazökarlığı, sadəliyi hamıda ona qarşı hörmət yaradırdı.
   
Yelena Tavroq,
   kinoşünas, Rusiya Kinematoqrafçılar İttifaqının böyük məsləhətçisi (Moskva)
   
   * * *
   Bir çox illər bundan əvvəl, instituta daxil olmaq ərəfəsində staj üçün “Azərbaycanfilm” kinostudiyasında işə qəbul edildim. İlk günlərin birində onu montaj sexinin dəhlizində gördüm. Dəhlizdə yüngül, sanki uçmaq istəyən yerişlə, əlləri cibində qədd-qamətli gənc oğlan addımlayırdı. Sonralar mən Fikrətlə, onun gözəl ailəsi ilə yaxından dost oldum... İllər ötdü... Mən isə elə hey düşünürəm: əgər biz, mənən bir-birimizə yaxın olan tanış adamlar bir yerdə bu dünyaya gəlib, bu dünyadan da bir yerdə getsəydik... Budur, biz böyük dostumuz Fikrətsiz ömrümüzü başa vurmaq üçün qalmışıq. Bütün bunlar nəhayətsiz dərəcədə kədərli və dözülməz dərəcədə ağrılıdır...
  
 Dinara Seyidova,
   ssenarist, rəssam (ABŞ, San-Dieqo)
   
      
   1987-ci ilin mart ayı idi. Dostlar, tanışlar Əhədovlar ailəsinin başına toplaşmışdı. İstedadlı kino rəssamı, gözəl insan Fikrət Əhədovun anadan olmasının 50 illik yubileyini qeyd edirdik. Məclisə toplaşanlar Fikrət haqqında xoş sözlər deyirdilər. Qonaqlardan kimsə divarlardan asılmış rəsmlərə işarə edib sevimli şairimiz Səməd Vurğundan belə bir misal gətirdi: “Hər sənət əsərinin çarpan ürəyi saf və səmimi bir ilhamdır. İlhamsız yazılan əsər məhəbbətsiz bir ailə kimi sönükdür. Ən böyük və xoşbəxt sənətkarlar öz ilhamını xalq mənəviyyatından, onun yüksək əməl və arzularından alır”.
   
   Gözəl sözlərdir. Məclis başa çatandan sonra bir qədər ləngiyib yubilyar haqqında məqalə yazmaq istədiyimi bildirdim. Az keçməmiş qarşımda sərgi salonunu xatırladan müxtəlif işlərlə - rəngkarlıq və qrafika əsərləri ilə, filmlərə çəkilmiş eskizlərlə tanış oluram. Tanış olduqca bir qədər fikirləşirəm ki, gələcəyin şəhərini yaratmaq - imarətlər ucaltmaq, bağlı-bağatlı parklar salmaq hər bir memarın arzusudur. Lakin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elə adamlar var ki, onlar nəinki müasir evlər tikir, həm də keçmişlə bağlı saraylar, qalalar ucaldırlar. Kino rəssamı Fikrət Əhədov özünə belə həyat yolu seçmiş sənətkarlardan idi.
   1937-ci il martın 27-də Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Atası İbrahim həkim idi. Valideynləri ailədə olan yeddi uşağın hər birinə layiqli tərbiyə verməklə bərabər, onlarda ədəbiyyata, incəsənətə dərin maraq aşılamışdılar. Təsadüfi deyil ki, evin böyük oğlu Yadulla inşaatçı olsa da, ədəbiyyatı dərindən bilirdi. Rəssamlığa həvəsi də Fikrətdə məhz böyük qardaşı oyatmışdı. Digər qardaşı Şirməmməd həkim olsa da, dünya tarixinə, dünya ölkələrini öyrənməyə meyilli idi. Dənizçi olub dünyanı gəzmək həvəsini Fikrətə məhz bu qardaş aşılamışdı. Ona görə də orta təhsil alandan sonra Fikrət dilemma qarşısında qalmışdı, hara getsin - dənizçilik məktəbinə, yoxsa rəssamlığa.
   Fikrət danışırdı ki, hətta sənədlərini məktəbə hazırlayanda hara gedəcəyini dəqiqləşdirməmişdi. Son anda o, Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə üz tutdu. 1955-ci il idi. Fikrət hələ orta məktəbdə oxuyarkən şəkil çəkməyə başlamış, hətta onun “Bakı buxtası” rəsmi Hindistanda uşaq yaradıcılığı sərgisində nümayiş etdirilmişdi.
   Rəssamlıq məktəbi onun qarşısında yeni bir aləm açmışdı. Fikrət burada Lətif Feyzullayev, Qafar Seyfullayev və başqa sənətkarlardan rəssamlığın sirlərini öyrənirdi. Qafar müəllim gəncin həm yağlı boya, həm də akvarellə yaxşı işlədiyini görüb akvarel sahəsində daha çox çalışmasını ona məsləhət vermişdi. Sonralar Fikrət rəngkar olmaqla bərabər, akvarelist kimi də maraqlı silsilə əsərlər yaradıb sərgilərdə nümayiş etdirirdi. O, məktəbi fərqlənmə diplomu ilə bitirir. Gənc rəssam qarşısında ali təhsillə bağlı artıq heç bir dilemma durmurdu. Çünki o, kino rəssamı olmaq istəyirdi.
   Dünyanı səyahət etmək istəyən gəncin ilk dayanacağı Moskva idi. Lakin bu şəhərdə Fikrət çox dayanmalı oldu, düz altı il. Çünki burada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olmuşdu. Özü də məşhur kino rəssamı Gennadi Myasnikovun emalatxanasına.
   Fikrət üçün yenidən tələbəlik illəri başlandı. Sənət abidələri, incəsənət muzeyləri, zəngin kitabxanaları ilə məşhur olan Moskva şəhəri. “Hərb və sülh”, “Gecikmiş güllər”, “Qusar balladası” və s. dəyərli filmlərə bədii tərtibat vermiş G. Myasnikovun mühazirələri. Onun emalatxanasında Fikrət təhsilini artırır, kino rəssamı peşəsinə yiyələnir, eyni zamanda inşaat texnikası və tikinti materiallarının texnologiyasını, memarlıq tarixini, kino istehsalatını öyrənirdi.
   Yayda tələbələrin tədris praktikası ilə əlaqədar kimin hara göndəriləcəyi söhbəti ortaya çıxanda Fikrət Sovet İttifaqının ən şimal rayonlarına göndərilməsini xahiş edir. O, Baltik və Ağ dənizlərdə, yakutların məskunlaşdıqları regionlarda, hətta Dikson adasında olur, olduqları yerlərdə çoxlu eskizlər çəkir. Bunların əsasında “Şimala səyahət” adı altında silsilə işlər - rəngkarlıq, qrafika və akvarel əsərlər yaradır, institutun təşkil etdiyi sərgidə iştirak edir.
   Maraqlıdır ki, F.Əhədov institutu bitirəndə təyinatla onu Bakıya yox, Daşkəndə göndərirlər. Özbək kino işçiləri gənc rəssamı qayğı ilə əhatə edir, işləyib yaşamaq üçün ona şərait yaradırlar. Fikrət ilk dəfə “Özbəkfilm” kinostudiyasında rejissor D.Səlimovun “Komandirin qayıtması” bədii filmində quruluşçu rəssam işləyir. Bu filmin çəkilişləri qurtarar-qurtarmaz quruluşçu rəssama yeni filmin bədii tərtibatı həvalə olunur. Lakin Fikrət Bakıya, doğmalarının yanına qayıtmaq istədiyini bildirib yeni filmdən imtina edir.
   70-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru görkəmli sənətkar A.İsgəndərov idi. O, Fikrəti mehribanlıqla qarşılayıb deyir: “Milli kinomuzun sənin kimi cavan kadrlara ehtiyacı var. Get işlə. Nə çətinliyin olsa, gəl yanıma”.
   Fikrət direktorun xeyir-duasından sonra doğma studiyada rejissor E.Quliyevlə “Ən vacib müsahibə” (1971) filmində çalışır. Müasirlərimizin həyatından bəhs edən bu filmdə o, geyim üzrə rəssam işləyir. Bundan sonra F.Əhədov neçə-neçə böyük ekran və televiziya bədii filminin tərtibatını verir: “Gilas ağacı” (1972), “Xatirələr sahili” (1973), “Qeyri-adi ov” (1973), “Qərib cinlər diyarında” (1977), “Yol əhvalatı” (1980), “İlıq dənizdə buz parçası” (1983), “Qoca palıdın nağılı” (1984), “Şəhərli biçinçilər” (1986), “Bircəciyim” (1986), “Kişi sözü” (1987), “Alman klinikasına şəxsi səfər” (1988), “Güzgü” (1990).
   Fikrət hər bir filmin çəkilişində yaxından iştirak edirdi. Yaradıcı qrupun fəaliyyətini izləyir, hərdən çəkilən epizodun tərtibatı ilə əlaqədar yerindəcə xırda düzəlişlər verirdi. Eskizlər əsasında qurulmuş dekorasiyaların, geyimlərin, məişət əşyalarının köməkliyi ilə bəhs edilən dövrün xarakteristikasını qabarıq şəkildə göztərməyi bacarırdı. Kənd həyatına həsr olunmuş “Gilas ağacı”, “Şəhərli biçinçilər” və “Kişi sözü” filmləri buna misal ola bilər.
   “Gilas ağacı”ndakı hadisələr Böyük Vətən müharibəsi illərində Azərbaycanın ucqar kəndlərinin birində cərəyan edir. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş Qulam babanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan bu müdrik qoca uşaq və qadınlara, həmyerlilərinə dayaq olur.
   Filmdəki hadisələrin böyük əksəriyyəti naturada baş verir. Rəssamın çəkdiyi eskizlərin birində Qulam babanın koması və həyətində gilas ağacları təsvir olunmuşdur. Koloristin coşğunluqla çəkdiyi bu ağaclar kənd camaatının müharibə şəraitində yaşamasına baxmayaraq, əslində həyatın çiçəklənməsi,həyatın davam etməsi deməkdir. Digər eskizdə təsvir edilmiş köhnə dəyirman və atın qaçışı romantik təsir bağışlayır. Artıq günəş batmaq üzrədir. Kəndin üzərinə qaranlıq çökür. Bir tərəfdən də taxıl zəmiləri görünür. Bu, lirik tərzdə yağlı boya ilə işlənmiş xoş əhvali-ruhiyyə əsəridir.
   Quruluşçu rəssam “Kişi sözü” filminə beş eskiz hazırlamışdır. Əsasən kənd lövhələrini əks etdirən bu eskizlər peyzaj xarakteri daşıyır. Həmin işlərdə işıq qammaları parlaq, qırmızı, qəhvəyidir. Bu rənglər bəzi eskizlərdə hadisələrin gərginliyini daha da qüvvətləndirməyə xidmət edir. Başqa bir eskizdə axşamüstü kənd mənzərəsi görünür. Rəssam hansısa kənddə seçdiyi naturanı təsvir etmiş, lakin bu naturada filmdəki məkanla bağlı əlavə tikintini göstərmişdir. Digər tərəfdən də kənd uşaqlarının qoçla oynamaları əsərdə xoş ovqat yaratmışdır.
   “Şəhərli biçinçilər” filminə çəkimiş eskiz daha çox yağlı boya ilə işlənmiş bitkin əsər təsiri bağışlayır. Gözəl kənd mənzərəsi tamaşaçıya estetik zövq verir. Axşamüstüdür. Məhsul yığımından sonra biçinçilər uzaqda çadırda istirahət edirlər. Rəssam burada müxtəlif fakturaları vahid obrazda birləşdirməyə nail olmuş, biçinçilərlə bağlı lirik bir kompozisiya yaratmışdır.
   Görkəmli rus kinorejissoru S.Gerasimov kino rəssamlığı sənəti ilə bağlı demişdir: “Kino rəssamının vəzifəsi hər bir digər rəssamda olduğu kimidir: obrazlar dünyasını yüksək sənətə çevirmək”. Bu sözləri F.Əhədovun yaradıcılığına da aid etmək olar. “Qərib cinlər diyarında”, “Yol əhvalatı” və “Alman klinikasına şəxsi səfər” filmləri bu baxımdan maraqlıdır.
   “Qərib cinlər diyarında” film-nağılında cinlərin yaşadıqları məkanı F.Əhədov kinostudiyanın pavilyonunda qurmuşdur. Mağara şəklində tikilmiş bu məkan tamaşaçını sirli nağıllar aləminə aparıb çıxarır. Cinlərin geyimləri ilə mağaranın görünüşü həmahənglik yaradır. Eskizlərdə mağaraların tutqun yaşıl, göy, qəhvəyi rənglərdə işlənməsi məkana fantastik ab-hava yaradır. Amma film nağılvari, fantastik olmaqla bərabər, həm də realistik planda işlənmişdir. Yəni ekranda baş verən hadisələr müasir dövrümüzə yaxınlaşdırılmışdır. Ona görə də burada nağılla reallıq bir-birini tamamlayır.
   F.Əhədov təkcə bədii filmlərə eskizlər hazırlamaqla kifayətlənməyib, o həm də “Nəğməkar torpaq” (1981) film-konsertinin, “Bir gün axşam” (1985), “Kürən” (1989), “Yaramaz Kral” (1990), “Şahzadə qız” (1991), “Ad günü” animasiya, “Cəfər Cabbarlı” (1969), “Solmaz bir bahar kimi” (1979) sənədli, “Peşimançılıq” (1974) elmi - kütləvi filmlərin də rəssamı idi.
   Fikrət eyni zamanda özünə xas olan rəngkar və akvarelist kimi də sənətsevərlərin hörmətini qazanmışdı. Ümumittifaq və respublika sərgilərinin iştirakçısı olmuşdu.
   Təsadüfi deyil ki, Əhədovlar ailəsini kinematoqrafçılar və rəssamlar ailəsi adlandırırlar. Fikrətin həyat yoldaşı tanınmış kino rəssamı, animator Firəngiz Qurbanova artıq neçə illərdir ki, milli kinomuzun inkişafına öz əməyini əsirgəmir. Oğlu və gəlini də kino rəssamıdır.
   İstedadlı rəssam Fikrət Əhədov 1994-cü il noyabrın 2-də ağır xəstəlikdən sonra dünyasını dəyişdi, irəlidə görüləsi işləri yarımçıq qaldı. O, cəmisi 57 il ömür sürdü, amma ləyaqətlə yaşadı. Özündən sonra yaratdıqlarını və təmiz adını yadigar qoyub getdi.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi