Martın 29-da “Nizami” Kino Mərkəzində Qazaxıstan kinosu günlərinin açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanla Qazaxıstan arasındakı mədəni əlaqələrdən danışdı, Qazaxıstanda Azərbaycan mədəniyyəti günlərinin keçiriləcəyini qeyd etdi. Nazir müavini Qazaxıstan kinosu günlərinin ölkələrimiz arasında mədəni əməkdaşlığa və sənət mübadiləsinə xidmət etdiyini bildirdi.
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov kino günlərinin açılışı münasibətilə hər kəsi təbrik etdi. Bu əlamətdar hadisənin iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə həsr olunduğunu bildirdi.
Sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyatından bəhs edən “Uşaqlığın səması” (2011, rejissor Rüstəm Abdraşov)) filmi nümayiş olundu.
Qazaxıstan kinosu günləri martın 30-da və aprelin 1-də daha iki filmin nümayişi ilə davam edəcək. Həmin günlərdə “Jeruyık” (2011, rejissor Slambek Tauekel) və “Kız Jibek” (1970, rejissor Sultan-Əhməd Xocikov) filmləri nümayiş olunacaq.
Reyhan