Öz xalqının həqiqətlər estetikasını dünyanın bütün “oxucu limanları”na daşımış qəlblər səyyahı... 
   
   Dinən deyir; “sağlam bədəndə sağlam da ruh olar”...
   Bəs, ömrü uzunu sinəsində vərəm daşımış bu ədibdə bu dərəcəli sağlam ruh hardanmış? O ruh “Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin”, “Laqeydlik - ruhun iflicidir, vaxtından əvvəl ölümdür”, “Sevmədən evlənmək, inanmadan ibadət etmək qədər alçaqlıqdır”, “Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır” kimi dahilik məhsullarını necə “istehsal” edib?..
   
   Uşaqlığı və erkən gəncliyi atasının (sələfi Puşkinin “Mənim qayda güdən və nizam sevən” obrazına bənzər birisinin) təzyiqi altında keçmiş bu “xəstəbədən” illər sonra yazacaqdı: “Qabiliyyətlərimiz atamızdan, ruhumuzsa anamızdan keçmişdir”. 
   
   29 yanvar 1860-cı ildə Rusiya cənubunun liman şəhəri Taqanroqda, dükanının qapısı üzərində “Çay, şəkər, qəhvə və başqa məhsullar” yazmış bir baqqal ailəsində doğulmuş Anton hələ uşaqkən buraya gələn müştərilər arasından özü üçün gələcək obrazlar seçirmiş. Vaxtilə ailəsinin azadlığını halal qazancıyla satın almış bir kölənin oğlu, çox sərt, avtoritar, dindar, altı uşağını qatı xristian görmək istəyən atası öz Antonciyəzini də tacir etmək qəsdində, bu “ən yumşaq, ən üzüyola” oğlunun xəyal dünyasını genişləndirməkçün hər gün müxtəlif süjetli nağıl və həyat hekayətləri nəql edən anası isə onun yazar-pozarlığını bəsləyəcək xüsusiyyətlərdə imiş. 
   Fotoşəkil və rəsmlərdəki sir-sifətində rus xalqının bütün pozitivliklərinin təcəssüm olunduğu -
   
   Bu dahi -
   
dükan, kilsə və digər lokallıqlardan uzaq bir həyat arzusu ilə yaşayır, qardaşı Nikolayı da “bişirib”, yunandilli məktəbə daxil olurlar. Lakin bir azdan bu dillə çox gedə bilməyəcəklərini hiss edən ailə onları Taqanroq liseyinə yönləndirir. Buradakılar arasında gülməli əhvalat və ədəbi-bədii quramaları ilə fərqlənən, keşiş Pokrovskinin təsirilə Şekspir, Göthe, Puşkin, Molyer, Svift və teatr dünyası ilə tanış olan Çexov tezliklə “köhnə səhnəyə yeni cığır” tamaşaları hazırlayacaq yazıçı addımlarına başlayır və bir azdan, gənclikdə “baxım ehtirası” ilə yaşadığı teatr “yazım ehtirasına” çevrilir. Böyük qardaşları Aleksandrla Nikolay “daha azad həyat” düşüncəsiylə evdən ayrılıb, sonralar günü-gündən müflisləşən atalarının da ailəni birdəfəlik tərk edib gedəcəyi Moskvaya yollanır, Anton isə mənəvi iflasa və 44 illik həyatını qarabaqara izləyəsi vərəm xəstəliyinə düçar olur...
   Bununla belə, liseyi bitirməkçün Taqanroqda qalır, işləyib, ailə dolandırır, boş vaxtlarını bələdiyyə kitabxanasında oxumaqla keçirir.
   1877-ci ilin Pasxa tətilində Taqanroqdan Moskvaya gəlişi “şəxsi Anton” aləmində qəribə bir dönüş nöqtəsinə çevrilir və bu nöqtədən sonranın “yaradıcı Çexov” abzası arzusuna düşən ədib buraya yenidən və həmişəlik gəlmək xəyalını qurmağa başlayır. 1879-da liseyi bitirib, Moskvaya - ailəsinin yanına köçür. Moskva Universitetində tibb təhsili almaqla yanaşı, dolanışıqçün yumor jurnallarına (“Qardaşımın qardaşı”, ‘Ulysee” və lisey müəlliminin verdiyi “Antoşa Çexonte” ləqəblərilə) kiçik hekayələr yazır. 1882-ci ildə, sahibilə tanış olduğu “Oskolki” jurnalında - daha çox ödəniş və... hər yazının 100 sətri keçməməsi şərtilə (bu, “Yığcamlıq istedadın bacısıdır” parafrazı müəllifi üçün problem deyildi) gözəl əsərlərlə çıxış etməyə başlayır. Hekayələrindən ibarət “Melpomena nağılları”nı dərc etdirdiyi il (1884) universiteti bitirib, sonralar: “Həkimlik arvadım, ədəbiyyatsa məşuqəmdir” kimi təfsir edəcəyi peşələrdən “halal”ına başlayır. Bir il sonra Rusiyanın ən məşhur gündəlik qəzetlərindən olan “Novoye Vremya”dan təklif alır. İki il sonra çap etdirdiyi “Rəngli hekayələr”i müəllifi daha da məşhurlaşdırır; Rusiya EA-dan “Puşkin mükafatı” ilə təltif edilir, dövrün məşhur “Kors Teatrı”ndan pyes (“İvanov”) sifarişi alır. 29 yaşında isə, qardaşı Nikolayın ölümü (vərəmdən) və “Meşə cini” tamaşasının tənqidçilər tərəfindən çox bərk “döyülməsi” səbəbilə möhkəm böhrana sürüklənən Çexov yeganə dayağı hüquq fakültəsi tələbəsi olan kiçik qardaşının dərs qeydləri arasındakı “Qərar verilməyənədək bütün diqqətimiz qatilin üstündə toplanır, həbsxanaya göndərildikdən sonra isə onu bütünlüklə unuduruq...” cümləsində tapmış olur. Dərhal: “Yaxşı, bəs həbsxanada nələr olur?..” xəyalatına dalan ədib bu suala cavabçün məhkumlar həyatına (Saxalində yerləşən cəzaçəkmə müəssisəsinə) doğru uzun bir səfər qərarı verir. Bu “cəhənnəm adası”nda 8 ay “yaşayıb” qayıtdıqdan sonra, “faktural”ca müdhiş müşahidələrindən üslub-təhkiyəcə ecazkar bir kitab bağlayır: “Saxalin adası”... 
   1892-ci ildə səssiz-sakit həyat axtarışıyla bir malikanə alan bu böyük ədib və... illər xəstəsi təbib, canındakı sızıltılara yox, qəlb pıçıltılarına diqqət kəsilibən ən uzaq xutorlardakı xəstələrlə də maraqlanır, üç kənddə məktəb, birində tibb məntəqəsi açdırır. Həmin dövrdə qüdrətli qələmi də əlindən düşmür: “Üç il”, “Qara keşiş”, “Naməlum bir adamın hekayəsi”, “Mujiklər” hekayələrini və şah əsərlərindən sayılan “Qağayı”nı bu illərdə yazır.
   Universitet illərindən ciyərini sümürən vərəm də ki, öz işində! Həkimlərin ona hansısa bir sahil qəsəbəsində yaşaması təklifi isə, evini satıb Yalta həyatına başlayan bu fədakar həkimə səhhət yox, bu bənzərsiz ədibə “Albalı bağı” və “Üç bacı” adlarında əbədi sənətkar səadəti gətirəcəkmiş... 
   Bütün gəncliyini vərəmin dilsiz qadağaladığı “halal ailə”sizlikdə keçirməyə məhkum, bəzən “yad gediş”lərə məcbur etdiyi (frazalarından birində “Arvadla birgə Parisə getmək, köhnə samovarla Tulaya getmək kimi bir şeydir” deyən) bu sənətkar 41 yaşında teatrda tanış olduğu (sənətini heç vəchlə ailəyə qurban verməyəsi) aktrisa ilə - Olqa Knipperlə ailə qurur. Və uşaqları olmayan bu ailənin “kardioqram”ını göstərən məktublarından iki fraqment: “Mən sənə - belə bir insana qarşı düşünülməmiş addım atdım. Əgər səhnədəydimsə, tənha qalmalı və heç kimin zəhləsini tökməməli idim”. “Boş-boş danışma. Sən qışı mənimlə qala bilmədiyin üçün günahkar deyilsən. Əksinə, əgər bir-birimizin işlərinə mane olmuruqsa, biz səninlə çox yaxşı ər-arvadıq. Sən teatrı sevirsən, deyilmi? Əgər sevməsəydin, onda başqa məsələ”.
   Onların bu münasibətlərini Çexov estetikasının xüsusiyyətlərini ən sehrli ədəbiyyat “açar”ı ilə açan “Qərarsız qız” hekayəsindəki “gözədəyməz”, “balaca” adam - doktor Dımov və Olqa İvanovna obrazlarında görmək mümkündür. Həmin o bədii ər haqda ölümündən sonra xanımına deyilən “O, özünü qurban verməkçün öldü... O, bizim hamımızla müqayisədə bənzərsiz dahi, qeyri-adi bir insan idi! O, necə də istedadlı idi! Necə böyük ümidlər verirdi bizə!” kimi sözlərdə hər kəsdən çox Anton Pavloviçin öz obrazı “gizlənir”...
   
   Bu ədibin az bir zamanda böyüyüb nəhəng Rusiya və saysız rus oxucuları sərhədlərini aşması elə bu sayaq “balaca adamlar”ın ovaxtaqədərki ədəbiyyatın qaldırılmadığı yüksəklərə qaldırılması ilə bağlı idi...
   Bu həyatın fonunda “İki mükəmməl insan əsla birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci dəfədən “bəli” deməz, mükəmməl kişi isə ikinci şans verməz” kimi fikirlər söyləmiş bu sənətkar haqda -
   
   “Kənar” fikirlərdən;
   
   Öz soydaşlarından M.Qorkinin “rus həqiqətlərinin rentgeni” kimi qiymətləndirdiyi bu ədibi bizim Sabit Rəhman da özünəməxsus dəyərləndirib. Üç-dörd yaşında ikən ehtiyatsızlıqdan onun şəklini cırdığına görə, böyük qardaşından “yağlı bir şillə yeyən” və “bu Çexov nə qiymətli adamdır ki, bunun üstündə, xətrimi dünyalar qədər istəyən əziz qardaşım mənə əl qaldırdı” deyə könül qırıqlığına uğrayan bu böyük satira-yumor ustamız “dünyaya bənzərsiz estetik nüanslar və müqəddəs göz yaşları doğurmuş”, “mahir bir cərrah kimi həyatın aldadıcı qabığını kəsib, iç yaraları təmiz-təmiz təmizləmiş” bu ədibin bənzərsiz dünyası ilə tanışlıqdan sonra o şapalağın çox yüngül cəza olduğunu yazıb...
   Özü isə ağrılardan qaçıb sığındığı Badenveylerdən bacısına yazırdı: “Əzizim Maşa, bura çox istidir. Artıq nəfəsim kəsilir və yeganə arzum buradan tez getməkdir. Amma haraya? Bilmirəm, nə edim.
   Olqa mənə nazik kostyum sifariş etmək üçün Freyburqa gedib; axı burada nə çəkməçi, nə dərzi var! Bəxtimə bax...”.
   2 iyul 1904-cü il tarixli bu məktub onun sonuncu “əsəri” olub. Ağrılarını qarşısındakılardan gizlətməkçün üzünü divara çevirən böyük qəlb sənətkarı bir həkim olaraq özünə belə bir son diaqnoz qoyub: “Mən ölürəm...”
   Bu sözlərin səsləndiyi tarix: 1904-cü il 15 iyul...
   
   Tahir Abbaslı