Ədəbi layihənin növbəti tədbiri Bakı Bələdiyyə Teatrının yubileyinə həsr olunmuşdu
   
   Yanvarın 30-da Muzey Mərkəzində “Söz” ədəbi layihəsinin növbəti tədbiri keçirildi. Layihənin budəfəki tədbiri Bakı Bələdiyyə Teatrının 25 illiyinə həsr olunmuşdu.
   Teatr və sənət adamlarının toplandığı həzin, teatral gecədə musiqi, sənət, poeziya bir arada idi. Tədbir aktyor həyatına həsr edilən musiqinin sədaları altında teatrın fəaliyyətinin 25 illiyini əks etdirən videoçarxın nümayişi ilə başlandı. 
   Daha sonra “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə və teatrın yaradıcı heyəti səhnəyə çıxaraq ötən illər ərzində hazırlanan tamaşalardan söz açdılar. Bildirildi ki, Bakı Bələdiyyə Teatrı tərəfindən Azərbaycan və dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilib. Xalq artisti Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ildə yaradılan sənət ocağı Muxtar Avşarov, Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi sənətkarların yeni və doğma evinə çevrilib. Bu gün teatrda üç nəslin nümayəndələrindən ibarət kollektiv formalaşıb ki, bu da gənc nəslin püxtələşməsi üçün geniş imkanlar yaradır. 
   Vurğulandı ki, teatrın beynəlxalq uğurları sırasında məşhur polşalı rejissor Kşiştof Zanussinin öz pyesi əsasında quruluş verdiyi “Qadın oyunları” tamaşası mühüm yer tutur. Müxtəlif ölkələrin ən məşhur aparıcı sənət ocaqlarının səhnəsində çıxış edən teatrın kollektivi qardaş Türkiyədə də öz tamaşaçı auditoriyasını formalaşdırıb. Təsadüfi deyil ki, bu yaxınlarda teatrın rəhbəri, Xalq artisti Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Atatürk mükafatı ilə təltif olunub. Görkəmli səhnə xadimi bu mükafata Türk dünyasının elm və mədəniyyəti qarşısında xidmətlərinə görə layiq görülüb. Xatırladaq ki, teatr 2016-cı ildə Türk dünyasında “İlin teatrı” mükafatı ilə təltif olunmuşdu. 
   Daha sonra tədbir yaradıcı kollektivin bir-birini əvəzləyən tamaşa, musiqi, poeziya nömrələrindən ibarət çıxışları ilə davam etdi. 25 il müddətində teatrın repertuarında olan tamaşalardan fraqmentlər, bədii qiraət və musiqilərlə bol olan gecə yubiley ovqatı yaratmışdı.
   
   Lalə Azəri