Milli teatr və kino tariximizdə özünəməxsus iz qoymuş sənətkarlardan biri də Səməndər Rzayev olub. Onun sənət həyatı qısa, lakin çox maraqlı və mənalı keçib. Səhnədə, kino və televiziya ekranlarında onlarca yaddaqalan obrazlar yaradıb...
O, 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya göz açıb. Erkən yaşlarında sənətə-aktyorluğa meyili olub. Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərinə gəlir. Tale onun yolunu Azərbaycan Dövlət İncəsənət İnstitutundan salır. Görkəmli sənət ustalarından - Tofiq Kazımovdan, Lütfi Məmmədbəyovdan aktyorluq sənətinin sirlərini öyrənir. Ali təhsilini başa vurduqdan sonra bir il Sumqayıt Dövlət Dram Teatrında çalışır. Burada aktyorluq istedadı və bənzərsiz ifa qabiliyyəti ilə tanınır. Çox keçmir o, Akademik Milli Dram Teatrına dəvət olunur. Sənət ömrünün ən yadda qalan illərini burada keçirir. “Həyatın dibində“, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı” və s. tamaşalarda maraqlı və yaddaşlarda əbədi heykəlləşən obrazlar yaradır...
O, həqiqətən yaradıcı sənətkar idi. Yaradacağı obraz üçün ştrixlər axtarıb tapırdı.
Dövrün görkəmli teatrşünasları onun haqqında yüksək fikir söyləyir. Söz yox ki, bütün bunlar onun böyük zəhməti, yüksək intellektli, aktyorluq qabiliyyəti hesabına yaranmışdı.
Görkəmli pedaqoq, aktyor və rejissor Mehdi Məmmədov Səməndər Rzayev haqqında demişdi: “O, obrazlarla çox gözəl dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm”.
O dövrdə gənc bir aktyor haqqında Mehdi Məmmədov kimi teatr xadiminin belə söz söyləməsi heç də təsadüfi deyildi. Azərbaycan teatr tarixində gənc aktyorların hazırlanması yolunda böyük xidmətləri olan bənzərsiz rejissor Tofiq Kazımov da Səməndər Rzayevin sənətə gəlişinə dəstək vermiş, ona hələ tələbə ikən tamaşalarında rol vermişdi.
Dövlət radiosunda uzun illər efirdə olan “Bulaq” verilişini hamımız yaxşı xatırlayırıq. Bu verilişin ilk aparıcılarından biri Səməndər Rzayev olub. Xalq yaradıcılıq nümunələri - bayatı, qoşma və yaxud hansısa bir rəvayət onun ifasında necə də həzin, kövrək və şirin bir dillə səslənirdi. Onun səsi hamını özünə çəkər, bir anlıq ayaq saxlamağa məcbur edərdi. Çünki o səsdə bir şirinlik, həzinlik, kədər vardı.
Səməndər Rzayev kinoda da bənzərsiz obrazlar yaradıb, 20-dən çox filmə çəkilib. 30-dan televiziya tamaşasında maraqlı rollar oynayıb. Xeyli filmlin dublyajlarında iştirak edib. Ona epizodik rollar təklif olunanda belə, tərəddüd etməyib. Deyərmiş ki, “kiçik açarla da böyük qapılar açmaq olar”. Bəzən onun kiçik rolları əsərin baş qəhrəmanlarını kölgədə qoyub. Səməndər Rzayev aktyorluq fəaliyyəti dövründə klassik aktyor sənətimizin ruhunu yaşadır. Onun “Nəsimi” filmində də yaratdığı Şirvanşah I İbrahimxəlil məhz belə obrazlardandır...
O, bir çox rejissorla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Vaqif Mustafayev və başqaları onu böyük məmnuniyyətlə filmlərinə dəvət ediblər.
Görkəmli sənətkar ömrünün müdrik, yaradıcılığının isə ən coşqun-parlaq çağlarında tale ondan üz döndərir. 1986-cı il martın 27-də gözlərini əbədi yumur...
Hər dəfə Səməndər Rzayevin həyat yolunu xatırlayanda bir el bayatısı yada düşür:
Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Günəş kimi şəfəq verdi,
Ay kimi batdı, keçdi....
Savalan Fərəcov