Fevralın 16-dan 18-dək və 21-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki - Opera Narodowa) “Fırtına” baleti nümayiş etdiriləcək.
Teatrın saytında verilən xəbərə görə, fevralın 17-də və 21-də səhnə əsərində Miranda obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə ifa edəcək. Baletdə bəstəkarlar Henri Pursell, Tomas Tallis, Robert Conson, Metyu Lokk və Mişel van der Aanın əsərlərindən istifadə edilib. Səhnə əsərinin premyerası 2014-cü ildə Amsterdamda olub. Balet Varşava Böyük Teatrında ilk dəfə 2016-cı ildə səhnəyə qoyulub.
Çinarə Əlizadə Moskvada doğulub. Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.