Aprelin 2-də “Nizami” Kino Mərkəzində Rusiya kinosu həftəsinin açılışı oldu. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov Rusiya kinosunun inkişafından danışdı. Azərbaycanda Rusiya kino günlərinin keçirilməsini sevindirici hal kimi qiymətləndirərək kino sahəsində təbliğatın önəmli olduğunu bildirdi.
   Rusiya Kinosunun İnkişafına Yardım Fondunun idarə heyətinin sədri, Avrasiya Televiziya və Radio Akademiyasının üzvü Mixail Alekseyev proqrama son illərdə istehsal edilmiş müxtəlif janrlı filmlərin daxil edildiyini dedi: “Proqramı müxtəlif zövqlərə uyğun təyin etdik və ümid edirəm ki, tamaşaçıların xoşuna gələcək”.
   Sonra “İngilis sahil küçəsində ev” filmi nümayiş olundu. 2007-ci ildə çəkilmiş filmin rejissoru Mixayil Boqindir. Film üç qadının həyatından bəhs edir. Ayrı-ayrı mühitlərdə böyüyərək sonrakı həyatlarını birgə yaşayan qadınlar həyatın çətin sınaqlarından keçərək ruhən doğmalaşırlar.
   Rusiya kinosu həftəsi aprelin 6-dək davam edəcək. Proqrama “Cənab Qolovlyovlar” (2010), “On qış” (2009), “Qaydasız” (2012) və “İspaniyalı” bədii filmlərinin nümayişi daxildir.   

   R.İsayeva