Diplomat Praqada Azərbaycana dair əlyazmaların kataloqunun nəşrinə köməklik göstərəcəyini deyib 
   
   Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Petr Vaqner yanvarın 30-da Milli Kitabxanada olub. 
   Diplomatla görüşdə direktor Kərim Tahirov bir neçə il əvvəl Çexiya Milli Kitabxanasında olduğunu, Milli Kitabxananın bir neçə işçisinin də müxtəlif zamanlarda həmin kitabxanada olduğunu və oradakı Azərbaycana dair əlyazmaların araşdırıldığını qeyd edib. K.Tahirov həmin əlyazmalar haqqında Milli Kitabxana tərəfindən üç dildə (Azərbaycan, çex, ingilis) hazırlanmış kataloqun çapa hazır olduğunu diqqətə çatdırıb. Amma kataloqun Çexiya Milli Kitabxanası tərəfindən çap edilməsinə dair kitabxananın sabiq direktoru ilə əvvəlcədən razılıq əldə olunsa da, yeni direktor təyinatından sonra bu məsələ həllini tapmayıb. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini deyən K.Tahirov səfirliyin bu məsələdə yardımçı olacağına ümid bəslədiyini bildirib.
   P.Vaqner görüş üçün minnətdarlıq edərək mart ayında Praqaya səfəri zamanı kataloqun nəşri məsələsini Çexiya Mədəniyyət Nazirliyində müvafiq şəxslərlə müzakirə edərək müsbət həllinə çalışacağını deyib. O, ölkəsindəki digər kitabxanalarda, o cümlədən Praqa Milli Muzeyi Kitabxanasında Azərbaycana dair əlyazmaların, Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmasının olduğunu bildirib.
   Diplomat onu da qeyd edib ki, bir sıra Azərbaycan müəlliflərinin -Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Mir Cəlal Paşayev və digərlərinin əsərləri çex dilinə tərcümə edilib. Hazırda müasir Azərbaycan ədəbiyyatı nümunələri çex dilinə tərcümə edilir və oxucuların marağına səbəb olur.
   P.Vaqner bu ilin iyun ayında ölkəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Çex Respublikasının 100 illiyi münasibətilə ikitərəfli əlaqələrdən bəhs edən kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını vurğulayaraq həmin kitab üçün hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair materialların səfirliyə təqdim olunmasını xahiş edib.
   K.Tahirov Çexiyanın digər kitabxanalarında və muzeylərində olan Azərbaycana dair əlyazmalar barədə məlumata görə təşəkkürünü bildirərək lazımi materialların qısa müddətdə Çexiya səfirliyinə təqdim ediləcəyini deyib.
   Qonağa Milli Kitabxana, Azərbaycanın musiqi alətləri və xalçaları haqqında albom və kitablar hədiyyə edilib.