1918-ci ildə Qubada baş vermiş faciəli olaylardan bəhs edən sənədli film təqdim olundu
Martın 30-da “Nizami” Kino Mərkəzində “Yaddaşın rəmzi. Quba 1918” qısametrajlı sənədli filminin təqdimatı keçirildi. 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş filmin rejissoru Ələkbər Muradovdur. Filmdə 1918-ci ilin yazında erməni quldur dəstələrinin Quba rayonu ərazisində törətdiyi qırğınlardan bəhs olunur.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə tariximizi əks etdirən ekran əsərlərinin çəkilməsini, arxivlərdə qorunan sənədlərin canlandırılaraq kinolentinə köçürülməsini yüksək qiymətləndirdi.
Daha sonra filmin yaradıcı qrupu səhnəyə dəvət olundu. Rejissor Ələkbər Muradov arxivlərdə aparılan araşdırmalardan danışaraq bir çox nadir sənədlərin üzə çıxdığını bildirdi. Dövlət Arxivinin, həmçinin Türkiyə arxivlərinin filmin ərsəyə gəlməsinə kömək göstərdiyini dedi. Filmin ssenari müəllifi Mahir Qəribov arxivlərdə aşkar edilən çoxsaylı materiallar əsasında bir neçə film çəkməyin mümkün olduğunu bildirdi.
Sonda “Yaddaşın rəmzi. Quba 1918” sənədli filmi tamaşaçılara təqdim olundu. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” filmlər studiyasında lentə alınıb.
R.İsayeva