Novruz Gəncəlinin əziz xatirəsinə
Uzun müddətdir ki, onun haqqında yazmaq, xatirələrimi cəmləyib onu bir daha yada salmaq istəyirdim. Ancaq sözümü haradan başlayıb harada bitirəcəyimi bilmirəm. Düşüncələrim məni orta məktəbdə oxuduğum illərə aparır. O illərdə musiqi dərsində bir mahnının sözlərini indi də dəqiqliyi ilə xatırlayıram:
Mən anayam, bu səsimdə
Yerin, göyün dərdi var.
Sülhə gəlin, ey insanlar,
Yoxsa dünya məhv olar!
Bu sözlər 5-ci sinfin “Nəğmə” dərsliyində musiqisi Ələkbər Tağıyevə məxsus olan “Ananın səsi” adlı şeirdən bir parçadır. Sözləri əzbərləyib, onu dərsdə oxudum və “əla” qiymət aldım. Şeirin müəllifi o zamanlar tanımadığım, heç üzünü belə görmədiyim şair-dramaturq Novruz Gəncəli (1921-1995) idi. O, Novruz Gəncəli ki, sonralar dərsliklərdə onun şeirlərini axtarsam da, heç vaxt yenidən rast gəlmədim. Ancaq “Ananın səsi” şeiri o zamandan yaddaşıma həmişəlik həkk olundu.
Silahları yandırın,
Ərşə qalxsın tüstüsü.
Hər obada, hər bir evdə
Qanad acsın sülh sözü.
Üzü gülsün insanların,
Bayram etsin yer üzü.
XX əsrin 80-ci illəri ölkəmizdə sülh və əmin-amanlıq illəri kimi xatırlanır. O illərdə xarici ölkələrdə baş qaldıran müharibələrdən televiziya və dövri mətbuatdan tanış ola bilirdik. Məhz bu illərdə sözləri Novruz Gəncəliyə, musiqisi Ələkbər Tağıyevə məxsus olan “Ananın səsi” dövrünün ən aktual mahnılarından biri hesab edilirdi. Təsadüfi deyil ki, SSRİ Xalq artisti Zeynəb Xanlarova, respublikanın Xalq artisti Rübabə Muradova və Əməkdar artist Fatma Mehrəliyeva o illərdə məhz bu musiqini dünya ictimaiyyətinə bir mesaj olaraq tez-tez oxuyurdular. Deyərdim ki, bu gün də musiqi və onun sözləri dövrümüz üçün çox aktualdır.
Xatırlayıram, 2016-cı ilin fevral ayında El Televiziyasında (indiki ARB Aran kanalı) hazırlanan “Regionlayn” verilişinə dəvət olunmuşdum. Orada sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli ilə yaxından tanış oldum. Xəzər Gəncəlinin hər zaman xatirələrimdə yaşayan şair Novruz Gəncəlinin oğlu olduğunu biləndə sevincimi gizlədə bilmədim. Nədənsə elə ilk tanışlığımızın söhbətinə də “Ananın səsi”ndən başladıq. O zaman Xəzər Gəncəli mənə bu musiqinin tarixi ilə bağlı çox maraqlı bir faktı söylədi: “Atam Novruz Gəncəlinin “Ananın səsi”nə yazılan musiqisinə qardaş Türkiyədə də dəfələrlə müraciət olunub. Təəssüflər olsun ki, bir neçə il musiqi anonim olaraq oxunub. Mən bundan xəbər tutan kimi İstanbula yollandım və orada “Messam” şirkətinə bu barədə müraciətim oldu. Şeirin çap olunan variantını kitabdan onlara təqdim etdim. Bu müraciətimdən sonra Türkiyədə “Ananın səsi” şeirinin müəlliflik hüququ bərpa olundu. Bu gün mahnı qardaş ölkədə oxunur. Onu daha çox Sezen Aksu ifa edib”.
Sadıqov Novruz İsmayıl oğlu (Novruz Gəncəli) 1921-ci il sentyabrın 12-də Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. O İsmayıl Zəbih ki, onun da özünəməxsus bir şairlik qüdrəti vardı. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Gəncəlinin himayəsində boya-başa çatıb. 1934-cü ildən Tağıyev adına Toxuculuq fabriki nəzdində 63 saylı orta məktəbdə ibtidai təhsil alıb. Sonradan ailəsi birlikdə Gəncəyə köçüb. 1939-cu ildə Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universitetin II kursunda o, əyani şöbədən qiyabiyə keçirilərək, 1941-1943-cü illərdə Lerik rayonunun bir neçə orta məktəbində müəllimlik edib, hətta məktəb direktoru olub. 1946-1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda çalışıb. 50-60-cı illərdə müxtəlif vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında şöbə müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsində təlimatçı işləyib. 1960-1976-cı illərdə “Azərbaycan” jurnalı baş redaktorunun müavini olub. 1945-ci ildən respublika Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.
Novruz Gəncəlinin 22 yaşında “Odlu ürəklər” adlı ilk kitabı işıq üzü görüb. Sonrakı illərdə “Unudulmaz günlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Üç dost”, “Könüllər açılanda”, “Unuda bilmirəm” və s. şeir kitabları ilə yanaşı ümumilikdə 14 kitabı nəşr olunub. Şair-dramaturq, tənqidçi, müəllim və ictimai xadim olan Novruz Gəncəli həmçinin istedadlı tərcüməçi kimi C.Bayronun “Gavur” poemasını, C.Patrikin “Qəribə missis Sevinc”, A.Makayenokun “Tribunal”, B.Brextin “Kuraj ana və uşaqları” pyeslərini Azərbaycan dilinə çevirib.
O, maraqlı və orijinal səpkili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər də yazıb. Onun qələmə aldığı “Düşmənlər içində” pyesi 50-ci illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Lütfi Məmmədbəyovun quruluşunda, Gəncə Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Həsən Ağayev və Yusif Yulduzun quruluşunda, “Şəlalə” əsəri 1952-ci ildə Gəncə teatrında Yusif Qazıyevin quruluşunda, 60-cı illərdə fantastik mövzuda “Yanmış planetin sərvətləri” əsəri Gənc Tamaşaçılar Teatrında (quruluşçu rejissor Kərim Həsənov), “Ev bizim, sirr bizim” Musiqili Komediya Teatrında (rejissor Niyaz Şərifov), “Niyə dirilmisən” Ağdam Dram Teatrında (rejissor Heydər Şəmsizadə) səhnə həyatı yaşayıb. Həmçinin “Məhəbbət körpüsü” əsərinə 1970-ci ildə Gəncə Dram Teatrında (Xalq artisti Vaqif Şərifovun quruluşunda), “Səadət yağış deyil” pyesinə 1985-ci ildə yenə bu teatrda (rejissor Hilal Həsənov), “Niyə dirilmisən” əsərinə 1992-ci ildə Füzuli Dram Teatrında (Xalq artisti Valeh Kərimovun quruluşunda) maraqlı səhnə traktovkası ilə müraciətlər olub.
Bundan əlavə, 1969-cu ildə Sumqayıt teatrının səhnəsində Arif Ağayevin quruluşunda A.Makayenokun “Tribunal” və görkəmli teatr xadimi Nəsir Sadıqzadənin quruluşunda C.Patrikin “Qəribə missis Sevinc” pyeslərinə məhz Novruz Gəncəlinin tərcüməsində müraciət edilərək, maraqlı səhnə əsərləri teatrsevərlərə təqdim olunub.
Novruz Gəncəli bu illərdə çoxsaylı şeirləri ilə də geniş oxucu rəğbəti qazanıb. Sağlığında fəxri ad almasa da, oxucuların, poeziya həvəskarlarının qəlbində özünə əbədi “xalqın şairi” adını qazana bilib. Öz misralarında deyildiyi kimi:
Mən qovdum vətəndən qara kabusu,
Candan əziz tutdum arı, namusu.
Sən ey qəm bilməyən gələcək nəsil!
Üzümü görməyi eləsən arzu,
Bax, üfüqdən qalxan al səhər mənəm,
Qəlbinin istəyi o zəfər mənəm!
Anar Burcəliyev
teatrşünas