Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Fevralın 6-da Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını qəbul edib. Təqvim planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır.
Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək. Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış (19 mart) başlayır və səsvermənin başlamasına 24 saat qalmış (10 aprel) dayandırılır.