Gülbəniz Əzimzadə - 65
Onun incəsənətə gedən yolu uşaqlıqdan təyin olunmuşdu. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova rəssam idi. Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Gülbəniz Əzimzadə 1947-ci il aprelin 26-da Bakıda, belə bir gözəl və mehriban, özünün dediyi kimi, ideal ailədə dünyaya gəlmişdi. Ailədə yaradıcılıqla bağlı aparılan söhbətlər, mübahisələr Gülbənizin də yaddaşında iz qoymuşdu. Orta məktəbdə oxuduğu illərdə ədəbiyyatı dərindən öyrənməyə çalışır, hekayə və məqalələr yazırdı. Sonralar yazıları “Ulduz” jurnalında və “Molodyoj Azerbaydjana” qəzetində çap olunmuşdu.
Yeniyetmə qızın rəngkarlığa da güclü marağı vardı və o, səkkizinci sinfi bitirəndən sonra Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə daxil oldu. Burada öyrəndiyi sənət sonralar filmlər üzərində işləyərkən dəfələrlə onun köməyinə gəlirdi. Rəngkarlıq onun xoşuna gəlirdi. Lakin hər bir işində sanki nəyinsə çatışmadığını hiss edirdi. O, çəkdiyi ağacların yarpaqlarının pıçıltısını, kətana köçürdüyü mavi dənizin ləpələrinin şırıltısını eşitmək istəyirdi. Bunu isə yalnız kinolentdə göstərmək olardı.
Bu istək onu 1968-ci ildə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına gətirib çıxarır. Kinostudiyada istedadlı kinorejissor və pedaqoq Həsən Seyidbəyli «Bizim Cəbiş müəllim» bədii filmini çəkirdi. Gülbəniz də çəkiliş prosesində iştirak edir, çəkiliş texnikasının əlifbasını öyrənirdi. Sonralar Gülbəniz xanım ilk müəllimini tez-tez xatırlayır, onun barəsində xoş sözlər deyirdi.
1969-cu ildə Gülbəniz Moskvaya gedərək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil olur, professor İ.Talankinin emalatxanasında kinonun sirlərinə yiyələnir. Tələbəlik illərində birləşmiş rejissor-aktyor qrupu bir neçə kurs işi çəkir. Onun diplom işi R.İbrahimbəyovun ssenarisi əsasında 1974-cü ildə quruluş verdiyi «Nəğmə dərsi» qısametrajlı bədii filmi olur. Sonradan bu novella «Ömrün səhifələri» kinoalmanaxına daxil edilir. Filmdə şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc sürücünün birinci sinifdə oxuyan oğlu ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. «Nəğmə dərsi» valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları barədə həzin hekayədir.
* * *
Kinorejissor G.Əzimzadəni sənətkar kimi hansı məsələlər düşündürüb, ekran vasitəsilə tamaşaçılara nə demək istəyib? Bu sualların cavablarını çəkdiyi filmlərdə tapa bilərik.
Gülbəniz xanım incəsənət xadimləri ailəsində böyüdüyünə görə, bu sahə ilə bağlı adamlar haqqında film çəkməyi çoxdan arzulayırdı. Lakin gənc rejissor üçün bu mövzu heç də asan deyildi. Bir dəfə Anarın «Dantenin yubileyi» povestini oxuyarkən bu əsərdə müəllifin toxunduğu mövzu qeyri-standartlığı və mürəkkəbliyi ilə onun diqqətini cəlb edir. Povesti 1978-ci ildə Gülbənizlə Anar birlikdə ekranlaşdırırlar. Bu, incəsənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etiraf, böyük qəlbə malik balaca insanın əbədi tarixçəsidir. Filmin qəhrəmanı Kəbirlinski epizod aktyorudur, demək olar ki, statistdir. İstedadı olmasa da, teatra qəlbən bağlı adamdır. Həmkarları onunla daim zarafatlaşır, bəzən də ona sataşırlar. Nəhayət, hadisələrin gedişindən aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət tarixinin bir parçasıdır.
Gülbəniz xanım bir rejissor kimi nəinki böyüklərlə, balaca «aktyorlarla» da dil tapmağı, işləməyi bacarırdı. Təsadüfi deyil ki, onu uşaq filmlərinin rejissoru adlandırırdılar. Rejissorun özü uşaqlarla işindən danışarkən deyirdi: «Uşaqlarla işləmək asandır. Bunun üçün isə onlardan hər birinin xarakterini ayrı-ayrılıqda dərindən öyrənmək lazımdır. Çünki uşaq dünyası kəşf olunmamış bir aləmdir. Bu aləmdə hər şey yaratmaq mümkündür. Mən uşaqları sevirəm, uşaqlarla işləməkdən zövq alıram». Filmin uğuru da rejissorun məhz uşaq aləminə hədsiz məhəbbətinin ifadəsi idi desək, səhv etmərik.
«Təkcə adanı özünlə apara bilməzsən» filminin mərkəzində insan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq kimi vacib problemlər durur. Balaca Nailə cəmi bir neçə günlüyə adaya, nənəsinin yanına qonaq gəlir. Lakin qısa müddətdə çoxlu yeniliklər öyrənir, onun uşaq qəlbi gah kövrəlir, gah sevincdən coşub daşır. Balaca qız təbiətlə yaxından üz-üzə gələrkən dünyanın gözəlliyini, onun müdafiəsiz olduğunu özü üçün kəşf edir. Nailə ilk dəfə olaraq özü üçün daha bir məsələni aydınlaşdırır: üzərində gəzdiyimiz bu torpaq, meşə və ovcunda saxladığı şəffaf su - bütün bunlar Vətən adlanır, nənəsinin yaşadığı balaca ada Vətənin bir parçasıdır, onu qorumaq lazımdır. Rejissorun tamaşaçılara çatdırmaq istədiyi fikir, ideya bundan ibarətdir.
1980-ci ildə Kiyevdə keçirilən XI Respublika «Gənclik-80» kinofestivalında ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə film münsiflər heyətinin diplomu ilə təltif olunmuşdu. Bundan başqa, film 1981-ci ildə IX Ümumittifaq televiziya filmlərinin festivalında (Yerevan) uşaqlar üçün ən yaxşı ekran əsəri kimi baş mükafat və diplom almışdı. 1982-ci ildə filmin yaradıcı heyətinə, o cümlədən rejissor G.Əzimzadəyə Azərbaycan komsomolu mükafatı verilmişdi.
Rejissor S.Qasımova və S.Listovun ssenarisi üzrə lentə aldığı «Qaladan tapılan mücrü» macəra filmində kəskin süjet vəziyyətlərindən istifadə edir: biz ekranda sirli xarabalıqları, başgicəlləndirici təqiblər, cinayətkarlarla mübarizəyə atılan xeyirxah milis işçilərini və əlbəttə, cəsur və cəld uşaqları görürük, maraqlı hadisələrlə tanış oluruq. G.Əzimzadə üçün bu filmi çəkməkdə əsas məqsəd gənc tamaşaçıları vicdan, yoldaşlıq, fədakarlıq kimi vacib anlayışlar haqqında düşünməyə kömək etməkdən, xeyirlə şər arasında dəqiq xətt çəkməkdən ibarətdir. Möhkəm təməl üzərində qurulmuş ailə cəmiyyətin bir parçası, xalqın canlı yaddaşıdır. Məhz ailə bu günün vasitəsilə xalqın keçmişini gələcəyi ilə birləşdirir. Rejissorun Xalq yazıçısı Anarın ssenarisi əsasında 1983-cü ildə zəkdiyi «Ötən ilin son gecəsi» televiziya bədii filmi məhz belə ailələrdən birini ekranda canlandırır. Psixoloji film tamaşaçıları ailə-məişət mövzusuna toxunan mühüm mənəvi-etik problemlər barədə düşünməyə çağırır. Kino əsəri filmin baş qəhrəmanı Həmidə xanımıın simasında anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlığı və sakitliyi qoruyan qadına həsr olunub.
Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım Yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır...
Filmin bütün üslubu, ruhu Anarın eyni adlı pyesində olduğu kimi bir məqsədə xidmət edir: sadə, namuslu və mehriban ailə ümumi maraqları hər şeydən üstün tutur. Çünki bu ailələrdə cəmiyyətimizin və xalqımızın gələcəyi olan uşaqlar böyüyürlər.
* * *
1997-ci il oktyabrın 30-da Azərbaycan Yazıçılarının X qurultayında çıxış edən ümummilli lider Heydər Əliyev Xalq yazıçısı Anarın «Şəhərin yay günləri» pyesi ilə əlaqədar demişdir: «Siz bilirsiniz ki, 1969-cu ildə mən rəhbər seçilən gündən Azərbaycan həyatında olan mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışım. Ona görə də gəlib mənə deyəndə ki, Anar «Şəhərin yay günləri» pyesini yazıb, orada bizim quruluşun əleyhinə gedir, dedim, yaxşı, gedib baxaram. «Şəhərin yay günləri» pyesi mənim çox xoşuma gəldi. Dedim ki, bir kino çəkilsin, amma o vaxt çəkmədiniz, məndən sonra çəkildi...»
Ümummilli lider H.Əliyevin tövsiyəsi ilə «Şəhərin yay günləri» pyesinin motivləri əsasında 1987-ci ildə «İmtahan» adlı bədii televiziya filmi lentə alındı. Ssenarini Anar özü yazmışdı. Gülbəniz Əzimzadə və Şahmar Ələkbərov filmə quruluş verdilər.
Mövzusu müasir həyatdan götürülmüş filmin mərkəzində Qiyas müəllimlə onun əmisi, professor Bəhramın həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın Agarəfilərə, Şamxallara, Firuzlara qarşı kəskin mübarizəsi, onun halallıq, paklıq kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi filmdə öz əksini tapıb. Film azpersonajlıdır, lakin rollardan hər biri öz xarakterinə görə çox mürəkkəbdir.
* * *
Yazıçı Yusif Səmədoğlunun «Qətl günü» romanı işıq üzü görəndən sonra ölkəmizin ədəbi həyatında əlamətdar hadisəyə çevrildi. Xalqın faciəli taleyi haqqında acı həqiqəti əks etdirən roman qısa müddətdə oxucuların böyük rəğbətini qazandı. Kinematoqrafçılarımız da bu əsərə ekran həyatı verdilər. Rejissor Gülbəniz Əzimzadə düz beş il bu əsərin ekran variantı üzərində işləmişdi. Onun iki ili isə sırf çəkilişlərlə bağlı olmuşdu.
Filmdə xalqın tarixinin müəyyən dövrləri bir süjetdə birləşib. Filmdə bütün hadisələr mərkəzi qəhrəmanın (Xəstə) taleyi ilə bilavasitə bağlıdır. O, əsərdəki qəhrəmanların, zəif və güclü ruhun, cəlladlar və qurbanlar taleyinin daşıyıcısıdır. Son anda öz vicdanı ilə təkbətək qalan bu obrazın vasitəsilə filmin müəllifləri cəmiyyət haqqında fikirlərini tamaşaçıya çatdırmağa çalışıblar.
Rejissor G.Əzimzadə müsahibələrinin birində demişdir: «Filmin başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır. Elə bir incəsənətin ki, yandırılıb məhv edilsə də, küllüklər altından cücərir və bütün məhdudiyyətləri yararaq zaman sərhədlərini keçir, xalqa öz tarixi ləyaqətini qoruyub saxlamaqda kömək edən mənəvi təməl rolunu oynayır”.
«Qətl günü»ndən sonra Gülbəniz xanım «Müqəddəs oda yanaram» filmində yenidən müasir mövzuya müraciət etdi. Filmin ssenarisini H.Fətullayev yazıb.
Bu film-fantaziyanın mövzusu insanın daxilən, ruhən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması ilə bağlıdır. Müəlliflər xalqın xilası naminə özünü qurban vermiş Od gəlini haqqında qədim xalq rəvayəti ilə müasir mövzu arasında paralellik apararaq, filmdə çox vacib problemlərə toxunublar.
Süjetin mərkəzində qələm və kağızı bir tərəfə tullayıb, başını siyasətə qatan istedadlı yazıçı durur. Lakin günlərin birində o, dərk edir ki, bir sətir belə yaza bilmir. Yalnız mənəvi və ruhən təmizlənmə pillələrindən keçərək və gözəl Zöhrə ilə rastlaşandan sonra Zaur yenidən yaradıcılığa qayıdır və insanlara qarşı alicənab olur.
* * *
Gülbəniz xanım müsahibələrinin birində müxbirin “Sizin üçün kino nə deməkdir?” sualına belə cavab vermişdi: “Kino mənim məhəbbətim, arzum, həyatımdır...”
Bu, həqiqətən də belədir. Ailədən söhbət düşəndə həmişə deyərdi iki, mənim atamla anam bir-birilərini ömürləri boyu seviblər, mən bacımla belə bir xoşbəxt, ideal ailədə böyümüşük”.
Gülbəniz xanımın başı filmlərin çəkilişinə elə qarışmışdı ki, özünün ideal ailə qurmasını tamam unutmuşdu. O, deyirdi: “Həyatda elə bir kişi qarşıma çıxmadı ki, məhz ona görə kinonu bir tərəfə qoyub ailə qurum”.
Sənətkar 2006-cı ildə dünyasını dəyişdi.
Azərbaycan kinosunda qadın kinorejissorların sayı olduqca azdır. Biz Gülbəniz xanımı itirməklə bu sahədə boşluq bir qədər də böyüdü. Şübhə yoxdur ki, milli kinomuza qadın rejissorlar yenə də gələcək, öz sözlərini deyəcəklər. Milli kino tariximizdə Gülbəniz xanımdan adı, bir də sevə-sevə yaratdığı filmlər qalacaq.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi