Minskdə görkəmli şair və dramaturq Hüseyn Cavidə həsr olunmuş gecə keçirilib
   
   Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi ilə əlaqədar bu ölkədəki səfirliyimiz tərəfindən il ərzində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Mədəni tədbirlərə Minsk Dövlət Linqvistik Universitetinin konfrans zalında Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubiley gecəsinin keçirilməsi ilə başlanılıb. 
   Yubiley gecəsində Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Belarusda səfərdə olan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın başçılıq etdiyi nümayəndə heyəti, Çin, Türkiyə, Qırğızıstan, Türkmənistan və Moldovanın Belarusdakı səfirləri, digər qonaqlar iştirak ediblər.
   Tədbirdən əvvəl Azərbaycan Dillər Universiteti ilə Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
   Səfir Lətif Qəndilov böyük ədib Hüseyn Cavidin həyat və fəlsəfi baxışları ilə bağlı çıxış edərək şairin sevginin, gözəlliyin və mənəvi saflığın carçısı olduğunu vurğulayıb. Bildirib ki, ədib əsərlərində ümumbəşəri məsələləri qaldıraraq, qoca Şərqin müdrikliklərini açıb göstərə bilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunması milli mədəniyyətimizin tarixinə böyük hörmət və ehtiramın əlaməti olduğu qeyd edilib. 
   Belarus Yazıçılar İttifaqının sədri N.Çerqinets Azərbaycan xalqının beynəlmiləl və ümumbəşəri dəyərlərə sadiq olduğunu qeyd edərək Cavid yaradıcılığının fəlsəfi aspektlərinə toxunub.
   Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla böyük şairin yaradıcılığında Azərbaycan xalqının mənəvi dəyərlərindən olan tolerantlığın və multikulturalizmin öz əksini tapdığını bildirib.
   Belaruslu şair-tərcüməçi Tatyana Sivets Hüseyn Cavidin Belarus dilinə yeni tərcümə etdiyi şeirlərini oxuyub.
   Belarusun ölkəmizdəki keçmiş səfiri Nikolay Patskeviç Azərbaycanda işlədiyi dövrün onun üçün unudulmaz olduğunu, xalqımızın mədəniyyətini və incəsənətini sevdiyini bildirib.
   Sonra səfirlik əməkdaşlarının, Azərbaycan diasporu üzvlərinin və universitetin tələbələrinin ifasında tədbir iştirakçılarına Hüseyn Cavidin rus dilinə tərcümə edilmiş şeirlərindən ibarət kompozisiya təqdim olunub.
   Minsk Dövlət Linqvistik Universitetinin tələbəsi Lamiyə Əlbabayeva “Sarı gəlin” mahnısını oxuyub, Minskdə fəaliyyət göstərən “Sarı gəlin” rəqs qrupu “Azərbaycan maralı” rəqsini təqdim edib.
   Sonda Belarus Prezident Simfonik Orkestrinin bir qrup solistinin canlı ifasında Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Sultan Hacıbəyovun əsərlərindən ibarət musiqi nümunələri səsləndirilib.