Gənc Tamaşaçılar Teatrında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupun üzvlərinin iştirakı ilə “Ağ ölüm” tamaşasına baxış keçirilib.
Tamaşadan öncə işçi qrupun məsul əməkdaşı Raqif Allahverdiyev və teatrın gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov çıxış ediblər.
Bildirilib ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Narkomanlıq insan cəmiyyətinin mənəvi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün Proqram”ın icrası ilə bağlı Gənc Tamaşaçılar Teatrında 2014-cü ildə V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında “Ağ ölüm” tamaşası hazırlanıb və uğurla nümayiş olunmaqdadır.
Tamaşanın quruluşçu rejissoru Ayla Həşimovadır. Rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar Manaf Dadaşov, Anar Seyfullayev və digər aktyorlar oynayır.