Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə həyata keçirdiyi “Gəncliyin səsi” festivalının tədbirləri paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərini, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarını da əhatə edib. Bununla yanaşı, yerlərdəki mədəniyyət müəssisələrində gənclərin bayramı münasibətilə çeşidli tədbirlər keçirilib.
Gənclər günü münasibətilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsini əhatə edən Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan, müstəqil gənclik” mövzusunda tədbir keçirilib. İştirakçılar mərkəzin kitabxanası tərəfindən foyedə təşkil olunmuş kitab sərgisi və Rəsm qalereyasının sərgisinə baxıblar. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Gənclər və idman idarəsinin rəisi Araz Əliyev çıxış ediblər.
Balakən rayon Mədəniyyət mərkəzində “Uğurlu gələcəyin təminatçıları” adlı tədbir, Şəki Dövlət Rəsm Qalereyasında gənc rəssam Qurban Oruclunun əsərlərindən ibarət sərgi və Oğuz rayon mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsində dəyirmi masa təşkil edilib.
* * *
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Bərdə rayon Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində gənc rəssam Cahid Cəbiyevin rəsm sərgisi keçirilib. Tədbirdə “Qarabağ” xalq çalğı alətləri ansamblının ifaları qonaqların könlünü oxşayıb. Rayon Tarix-diyarşünaslıq muzeyində gerçəkləşən tədbirdə isə 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri kompozisiya təqdim ediblər.
Regional idarənin əhatə etdiyi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzi, şəhid F.Qasımov adına uşaq incəsənət məktəbi, MKS və filiallarında da əlamətdar günlə bağlı tədbirlər təşkil edilib. Fəal gənclər mükafatlandırılıb.
Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclərlə bağlı mədəni layihələrdən söz açılıb. Bildirilib ki, şəhərdə yaradılan “Kitabxana-kafe” gənclərin mütaliəyə marağının artırılmasına xidmət edir.
Yevlax şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə də gənclərin ictimai-mədəni sahələrdə fəaliyyətindən söz açılıb. “Kür” ansamblının ifasında konsert proqramı təqdim olunub. Malbinəsi kənd uşaq musiqi məktəbi, Mədəniyyət evi və Yədili kənd Mədəniyyət evində də tədbirlər təşkil olunub.
* * *
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində şəhər Mədəniyyət evi və Abşeron rayon Novxanı Sənətkarlıq evi ilə birgə konsert keçirilib.
Gənc müğənnilərin ifasında xalq və bəstəkar mahnıları, “Şəms” instrumental ansamblının təqdim etdiyi musiqi nömrələri, “Odlar yurdu” rəqs qrupunun ifası maraqla qarşılanıb. Mədəniyyət və sənətkarlıq evlərinin rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş etdirilib.
F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə konsert proqramı təqdim olunub, “Misri” aşıq havası, “Mahur” təsnifi, digər musiqilər səslənib.
S.Vurğun adına Mərkəzi kitabxana və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində “Kitabın gənclərin həyatındakı rolu” mövzusunda diskussiya keçirilib, bir neçə gənc təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.
* * *
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qusar rayon Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin, həvəskar fiziki məhdudiyyətli dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət satış-sərgi keçirilib.
Regional idarənin rəisi Nazim Ağayev, idarənin Qusar rayonu üzrə nümayəndəsi Davud İbramxəlilov tədbirdə çıxış ediblər. Vurğulanıb ki, belə tədbirlərin keçirilməsi regionda tətbiqi və dekorativ sənət nümunələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının əlamətdar gün münasibətilə keçirdiyi tədbirdə çıxış edənlər gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıblar.
* * *
Gənclər günü Qazaxda da qeyd olunub. Qazax şəhər 1 və 2 nömrəli kitabxana filialları, rayon Orta Salahlı, Yuxarı Salahlı kənd 1 və 2 saylı, Cəfərli, Ürkməzli, N.Nərimanov qəsəbə, Dəmirçilər kənd kitabxana filialları mövzu ilə bağlı tədbirlər təşkil ediblər. Məruzələr dinlənilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Fəal oxucuların ifasında sazda el havaları, mahnılar səsləndirilib.